Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-65/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "OBA Market” MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "OBA Market” MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı Cavabdeh (VÖEN **********) ilə alıcı İddiaçı (VÖEN **********) arasında bağlanmış 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Alıcı malları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq Alıcıya təhvil verəcək və alıcı malların dəyərini satıcıya müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir (2.1-ci bənd). - Həmin müqavilənin 8.9-cu bəndinə əsasən əgər 1 saylı əlavədə digər hal nəzərdə tutulmamışdırsa, qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir.
2. 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. - 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi 100% olaraq müəyyən olunmuşdur. - Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir.
3. 20 may 2022-ci il tarixli EBBW seriyalı 701689 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 11.348,61 manat (9.617,47 manat göstərilmiş xidmətin dəyəri + 1.731,14 manat ƏDV) dəyərində 2022-ci il aprel ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
4. 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 7.804,55 manat (6.614,03 manat göstərilmiş xidmətin dəyəri + 1.190,52 manat ƏDV) dəyərində 2022-ci il may ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
5. 04 avqust 2022-ci il tarixli EBCB seriyalı 334534 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 7.347,72 manat (6.226,88 manat göstərilmiş xidmətin dəyəri + 1.120,84 manat ƏDV) dəyərində 2022-ci il iyun ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
6. Elektron qaimələr barədə məlumatdan (sistemdən çıxarışdan) görünür ki, İddiaçı MMC tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar Cavabdeh MMC-yə təqdim olunmuş EBBW seriyalı 701689 nömrəli və EBCB seriyalı 334534 nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiq edilmişdir”, EBBY seriyalı 588720 nömrəli elektron qaimə isə “təsdiq edilmişdir” vəziyyətdədir.
7. 28 fevral 2022-ci il tarixli EBBS seriyalı 000484 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 86.333,28 manat (73.163,80 manat malın dəyəri + 13.169,48 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
8. 20 aprel 2022-ci il tarixli EBBU seriyalı 825715 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 130.125,68 manat (110.276 manat malın dəyəri + 19.849,68 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
9. 11 may 2022-ci il tarixli EBBW seriyalı 048222 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 272.385,06 manat (230.834,80 manat malın dəyəri + 41.550,26 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.
10. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-39/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 manat olmaqla, cəmi 18.383,66 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 428/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi qismən - 17.640,74 manat əsas borcun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli, 2-2(105)-10/2024 saylı qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-39/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması”- hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
14. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26.500,88 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC Cavabdeh MMC-dən qeyri-ərzaq mallarını almışdır. Həmin alğı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı əƏlavə imzalanmışdır. 1 saylı əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565,39 manat təşkil etmişdir. Həmçinin 1 saylı əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 25.935,49 manat təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD- AS/2020-43 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə hesablanan məbləğlərin cəmi 26.500,88 manat təşkil etmişdir ki, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bir neçə dəfə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11.348,61 manat, xx.xx.2022-ci il 588720 №-li qaimə üzrə ödəniləcək məbləğ 7.804,55 manat və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7.347,72 manat olmaqla qaimə-fakturalar üzrə məbləğlərin cəmi 26.500,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma, güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa nəzər yetirdikdə görünür ki, İddiaçı MMC tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə və xx.xx.2022-ci il 334534 №-li qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, xx.xx.2022-ci il 588720 №-li qaimə isə Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır.
16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 565,39 manat və malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 24442,20 manat məbləğində, ümumilikdə 25007,59 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 442, 445.1 və 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AR NK-nin 02 fevral 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “ Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq bəndlərinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
18. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, dəqiqləşdirilmiş iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
24. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
25. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə qeyri-ərzaq malları təqdim etmiş, İddiaçı MMC isə aldığı malların dəyərini tam ödəmişdir.
30. Hazırda İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilə üzrə təqdim edilən mallar satıcı tərəfindən mağazalara çatdırılmadığı (yəni mərkəzi anbara çatdırıldığı) halda satıcının malların qiymətinə 5% endirim tətbiq etməli olduğunu, lakin cavabdeh alqı-satqı predmeti olan malları mağazalara çatdırılmasa da (mərkəzi anbara çatdırsa da), müqavilədə nəzərdə tutulmuş endirimi tətbiq etmədiyini əsas göstərərək malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə tərəflər arasında mal dövriyyəsinin 5%-i - 24442,20 manat məbləğində xidmət haqqının, eləcə də iddiaçı tərəfindən cavabdehə qaytarılmış zədəli malların dəyəri olan 565,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
31. Tələbin malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə 24442,20 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh tərəfindən malların mağazalara deyil, mərkəzi anbara çatdırılmasını, həmin malların tərəflərindən mərkəzi anbardan mağazalara çatdırılmasını, malların bir hissəsinin cavabdeh tərəfindən mərkəzi anbara çatdırılması ehtimal edildiyi halda mərkəzi anbara çatdırılmış malların həcmini və dəyərini, malların mağazalara çatdırılmaması ilə bağlı cavabdeh tərəfindən malların qiymətinə endirim tətbiq edilməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
32. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xidmət göstərilməsinə dair elektron qaimə-fakturalara gəldikdə məhkəmə qeyd edir ki, 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Odur ki, həmin qaimə-fakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir.
33. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ƏDV daxil 7804,55 manat dəyərində 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiqlənmiş, bununla da cavabdeh həmin qaimədə göstərilmiş ƏDV daxil 7804,55 manat dəyərində xidmətlərin iddiaçı tərəfindən göstərilməsi faktını qəbul etmişdir.
34. Odur ki, məhkəmə hesab edir ki, xidmət haqqının tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən ƏDV daxil 7804,55 manat dəyərində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
35. Zədəli olduğundan cavabdehə qaytarılmış malların dəyərinin - 565,39 manat məbləğində pulun qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə də iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları, o cümlədən cavabdeh tərəfindən ona zədəli mal təqdim edilməsini, həmin malların dəyərinin tərəfindən ödənilməsini, eləcə də sözügedən malların cavabdehə qaytarılmasını sübuta yetirə bilməmişdir.
36. Bundan əlavə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli, 2-2(105)-10/2024 saylı qətnaməsindən müəyyən edilir ki, həmin mübahisə çərçivəsində məhkəmələr tərəfindən mübahisəli alqısatğı müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcunun olub-olmaması müəyyənləşdirilərkən Cavabdeh MMC tərəfindən İddiaçı MMC–yə təqdim edilmiş malların 47.630,29 manat dəyərində olan hissəsinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qaytarılması nəzərə alınmış və müqavilə üzrə qaytarılmış malların dəyəri ümumi borcdan çıxılmışdır. Belə olan halda isə qaytarılmış malların dəyərinin Cavabdeh MMC-dən yenidən tələb edilməsi üçün əsasların mövcud olmaması açıq-aşkardır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 565,39 manat məbləğində pulun qaytarılması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd eidlməlidir.
38. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
39. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 165 manat təşkil edir.
40. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
41. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 130 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh MMC-dən ƏDV daxil 7.804,55 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 130 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva