Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6501/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, hüquqi yardım xərci və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34793,4 manat ümumi borc, 194,50 manat dövlət rüsumu və 2200 manat vəkil xidmət haqqı “X3” MMC-dən (VÖEN**********) tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı MMC ilə alıcı “X3” MMC arasında xx.xx.2021-ci il tarixli 034/21 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01/21 saylı, 02/21, 03/21 və 04/21 saylı əlavələr imzalanmışdır. Müqaviləyə əsasən satıcı əlavələrdə göstərilən malları satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 1 saylı əlavə üzrə 10348.60 manat ƏDV daxil (8770 manat əsas və 1578.6 manat ƏDV), 2 saylı əlavə üzrə 7764.40 manat ƏDV daxil (6580 manat əsas və 1184.4 manat ƏDV), 3 saylı əlavə üzrə 7504.80 manat ƏDV daxil (6360 manat əsas və 1144,80 manat ƏDV), 4 saylı əlavə üzrə 28485.20 manat ƏDV daxil (24140 manat əsas və 4345,2 manat ƏDV) olmaqla cəmi 4 əlavə üzrə 45850.00 manat əsas məbləğ və 8253 manat ƏDV məbləğində razılaşma imzalanmış və həmən əlavələr əsasında işlər yerinə yetirilərək təhviltəslim edilmişdir (AKT-lar əlavə olunur). Bundan əlavə tərəflər arasında xx.xx.2023-cü il tarixli 034/23 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 05/23 saylı, 06/23, 07/23 və 08/23 saylı əlavələr imzalanmışdır. Müqaviləyə əsasən satıcı əlavələrdə göstərilən malları satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 5 saylı əlavə üzrə 17416.80 manat ƏDV daxil (14760 manat əsas və 2656.80 manat ƏDV), 6 saylı əlavə üzrə 4661.00 manat ƏDV daxil (3950 manat əsas və 711 manat ƏDV), 7 saylı əlavə üzrə 24414.20 manat ƏDV daxil (20690 manat əsas və 3724.2 ƏDV(07/23 saylı razılaşmada qeyd edilən məbləğdə mallardan 790 manat əsas və 142.20 manat ƏDV olmaqla ümumilikdə 932.2 manat məbləğində malın alıcı sonradan lazım olmadığını bildirmişdir) 24414.20 - 932.20 = 23482 manat), 8 saylı əlavə üzrə 30668.20 manat ƏDV daxil (25990 manat əsas və 4678.2 manat ƏDV), olmaqla cəmi 4 əlavə üzrə 64600 manat əsas məbləğ və 11628 manat ƏDV məbləğində razılaşma imzalanmış və həmin əlavələr əsasında işlər yerinə yetirilərək təhvil-təslim edilmişdir (AKT-lar əlavə olunur). Təhvil verilən mallara görə “X3” MMC İddiaçı MMC-yə cəmi 83710 manat əsas məbləğ və 11827.80 manat ƏDV məbləği üzrə ödəniş həyata keçirmişdir. Hal hazırda “X3” MMC-nin İddiaçı MMC-yə 26740 manat əsas məbləğ və 8053.40 manat ƏDV məbləği olmaqla cəmi 34793,4 manat borcu qalmışdır. Cavabdehlə borcun ödənilməsi istiqamətində danışıqlar aparılmış, borcun bir neçə dəfə ödəniləcə borcun bir neçə dəfə ödəniləcəyini bildirsədə bu günədək ödəməmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2021-ci il tarixli 034/21 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01/21 saylı, 02/21, 03/21 və 04/21 saylı əlavələr üzrə 7.165,20 manat; xx.xx.2023-cü il tarixli 034/23 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 05/23 saylı, 06/23, 07/23 və 08/23 saylı əlavələr üzrə 27628 manat olmaqla ümumilikdə 34.793,20 borcun, 194,50 manat dövlət rüsumu və 2200 manat vəkil xidmət haqqının “X3” MMC-dən (VÖEN **********) tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin iddiaçıya xx.xx.2021 -ci il tarixli 034/21 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01/21 saylı, 02/21, 03/21 və 04/21 saylı əlavələr üzrə 7.140 manat əsas borc və 25.20 manat ƏDV borcu olmaqla ümumilikdə 7.165,20 manat və xx.xx.2023-cü il tarixli 034/23 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 05/23 saylı, 06/23, 07/23 və 08/23 saylı əlavələr üzrə 19.600 manat əsas borc və 8028 manat ƏDV borcu olmaqla ümumilikdə 27628 manat borcu vardır. Hər iki müqavilə və müqaviləyə əlavələr üzrə cavabdehin 34.793,20 manat borcu vardır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə “X4” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 034/21 saylı və xx.xx.2023-cü il tarixli, 034/23 saylı alqı-satqı müqavilələrinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən müəyyən edilmiş şərtlər əsasında Müqaviləyə Əlavələrdə (X1) göstərilən Malları Satıcı satmağı, Alıcı isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindəkdən sonra Tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən Əlavələrdə Malların adlarına, miqdarına, növlərinə, modellərinə, ölçülərinə, rənglərinə və ya digər əlamətlərinə görə müəyyən nisbətdə çeşidinə, keyfiyyətinə, komplekdiyinə, taralaşdırmasına, qablaşdırılmasına, zəmanətinə və qiymətə dair məlumatlar əks etdirilir.
13. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının vəzifələri:
14. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Bu Müqavilənin predmetini təşkil edən Malı, bu Müqavilə, o cümlədən bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələr ilə nəzərdə tutulan şərtlərlə Alıcıya Təhvil-təslim Aktı üzrə təhvil vermək;
15. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcının vəzifələri:
16. Müqavilənin 2.2.1-ci bəndinə əsasən Bu Müqaviləyə uyğun olaraq, bütün ödənişləri əlavələrdə razılaşdırılmış qaydada tam həcmdə və vaxtlı-vaxtında həyata keçirmək.
17. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri tərəflərin razılaşmasına uyğun olaraq bütün Əlavələrdə göstərilən qiymətlərin cəmi ilə müəyyən ediləcək.
18. Müqavilənin 4-cü bəndinə əsasən Malın dəyərinin 50%-nin ödənişi Alıcı tərəfindən Sifariş verildikdən və Satıcı tərəfindən hesablaşma sənədləri təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə həyata keçirilir. Malın dəyərinin qalan 50%-nin ödənişi isə Sifariş hazır olduqdan və Satıcı tərəfindən hesablaşma sənədləri təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir.
19. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Satıcı tərəfindən Malın təchizi (təhvil-təslim edilməsi) Satıcının anbarında həyata keçiriləcək.
20. Müqavilənin 5.2-ci bəndinə əsasən bütün hallarda Malın təhvil-təslim edilməsi elektron qaimə-faktura və müvafiq aktla rəsmiləşdirilməlidir və hər iki tərəfdən imza və möhürü ilə təsdiqlənməlidir.
21. xx.xx.2021-ci il tarixli 01/21 saylı qiymət razılaşdırma protokoluna əsasən cəmi təklif üzrə ƏDV daxil 10348,60 manat, xx.xx.2021-ci il tarixli 02/21 saylı protokola əsasən 7764,40 manat, xx.xx.2021-ci il tarixli, 03/21 saylı protokola əsasən 7504,80 manat və xx.xx.2021-ci il tarixli 04/21 saylı protokola əsasən 28485,20 manat müəyyən edilmişdir.
22. İddiaçı və cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 01/21 saylı təhvil-təslim aktına əsasən 10348,60 manat, xx.xx.2021-ci il tarixli 02/21 saylı akta əsasən 7764,40 manat, xx.xx.2021-ci il tarixli, 03/21 saylı akta əsasən 7504,80 manat, xx.xx.2021-ci il tarixli, 04/21 saylı akta əsasən 28485,20 manat dəyərində mal təhvili həyata keçirilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
23. 22.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1000 manat məbləğində, xx.xx.2021-ci il tarixli qəbzə əsasə 7000 manat dəyərində, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 4710 manat və 10000 manat dəyərində, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 7000 manat dəyərində, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 7000 manat dəyərində, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 10000 manat dəyərində, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 5000 manat dəyərində, xx.xx.2023cü il tarixli qəbzə əsasən 10000 manat dəyərində, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 8000 manat dəyərində və xx.xx.2023-cü il tarixli qəbzə əsasən 5000 manat dəyərində ödənişlər edilmişdir.
24. 19.08.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlərə əsasən cavabdeh MMC tərəfindən 3060 manat, 847,8 manat, 1800 manat, (üç dəfə) 1260 manat, (iki dəfə) olmaqla ödənişlər edilmişdir.
25. İddiaçı MMC tərəfindən xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə edən e-qaimələr tərtib edilmişdir.
26. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 05/23 saylı qiymət razılaşdırma protokoluna əsasən cəmi təklif üzrə ƏDV daxil 17416,80 manat, xx.xx.2023-cü il tarixli 06/23 saylı protokola əsasən 4661 manat, xx.xx.2023-cü il tarixli, 07/23 saylı protokola əsasən 24414,20 manat və xx.xx.2023-cü il tarixli 08/23 saylı protokola əsasən 30668,20 manat müəyyən edilmişdir.
27. 17.05.2023-cü il tarixli, 05/23 saylı təhvil-təslim aktına əsasən 17416,80 manat, xx.xx.2023-cü il tarixli 06/23 saylı akta əsasən 4661 manat, xx.xx.2023-cü il tarixli, 07/23 saylı akta əsasən 23482 manat və xx.xx.2023-cü il tarixli, 08/23 saylı akta əsasən 30668,20 manat dəyərində mal təhvili həyata keçirilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
28. 20.04.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2021 ci il tarixli 034/21 və həmin müqaviləyə əsaslanan 1 saylı əlavə üzrə 10348.60 manat ƏDV daxil (8770 manat əsas və 1578.6 manat ƏDV), 2 saylı əlavə üzrə 7764.40 manat ƏDV daxil (6580 manat əsas və 1184.4 manat ƏDV), 3 saylı əlavə üzrə 7504.80 manat ƏDV daxil (6360 manat əsas və 1144,80 manat ƏDV), 4 saylı əlavə üzrə 28485.20 manat ƏDV daxil (24140 manat əsas və 4345,2 manat ƏDV) olmaqla cəmi 4 əlavə üzrə 45850.00 manat əsas məbləğ və 8253 manat ƏDV məbləğində mallar “X3” MMC-yə satılmış və təhvil-təslim AKT-ları ilə təhvil verilmişdir. xx.xx.2023 cü il tarixli 34/23 saylı müqavilə və həmin müqaviləyə əsaslanan 5 saylı əlavə üzrə 17416.80 manat ƏDV daxil (14760 manat əsas və 2656.80 manat ƏDV), 6 saylı əlavə üzrə 4661.00 manat ƏDV daxil (3950 manat əsas və 711 manat ƏDV), 7 saylı əlavə üzrə 24414.20 manat ƏDV daxil (20690 manat əsas və 3724.2 ƏDV (07/23 saylı razılaşmada qeyd edilən məbləğdə mallardan 790 manat əsas və 142.20 manat ƏDV olmaqla ümumilikdə 932.2 manat məbləğində malın alıcı sonradan lazım olmadığını bildirmişdir) 24414.20 - 932.20 = 23482 manat), 8 saylı əlavə üzrə 30668.20 manat ƏDV daxil (25990 manat əsas və 4678.2 manat ƏDV), olmaqla cəmi 4 əlavə üzrə 64600 manat əsas məbləğ və 11628.0 manat ƏDV məbləğində mallar “X3” MMC-yə satılmış və təhvil-təslim AKT-ları ilə təhvil verilmişdir. Təhvil verilən mallara görə “X3” MMC-nin İddiaçı MMC-yə cəmi 83710,00 manat əsas məbləğ və 11827.80 manat ƏDV məbləği üzrə ödəniş həyata keçirmişdir. Hal hazırda “X3” MMC-nin İddiaçı MMC-yə 26740,00 manat əsas məbləğ və 8053.40 manat ƏDV məbləği olmaqla cəmi 34793,4 (otuz dörd min yeddi yüz doxsan üç manat 40 qəpik) borcu qalmışdır
29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 034/21 saylı və xx.xx.2023-cü il tarixli, 034/23 saylı alqı-satqı müqavilələrinin 1.1-ci bəndinə əsasən müəyyən edilmiş şərtlər əsasında Müqaviləyə Əlavələrdə (X1) göstərilən Malları Satıcı satmağı, alıcı isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
36. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, elektron qaimə və hissəvi ödənişləri ilə təsdiq olunduğu üçün 34793,20 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 34793,20 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 34.793,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 194,50 manat dövlət rüsumu və 2200 manat məbləğində vəkil xərci ödənilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 1000 manat və 194,50 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34.793,20 manat əsas borc məbləği, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 194,50 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova