Məhkəmə qərarları › İş №e-2-2(113)-6510/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6510/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6510/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8955,39 manat (səkkiz min doqquz yüz əlli beş manat otuz doqquz qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96,24 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6413/21 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 8955,39 (səkkiz min doqquz yüz əlli beş manat otuz doqquz qəpik ) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqaviləyə əsasən həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 8955,39 (səkkiz min doqquz yüz əlli beş manat otuz doqquz qəpik ) manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsək də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Cavabdehlə bağlanmış müqavilənin 8-ci bəndində qeyd edilib: “Tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, mübahisənin həllinə Satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq”.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 30375,48 (otuz min üç yüz beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250,5 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Bildirilmişdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6413/21 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 30375, 48 manat məbləğində olan müxtəlif çeşidli məsulları satmış, cavabdeh isə müqaviləyə əsasən həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunu bugünədək ödəməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 6413/21 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən satıcının məhsulu müqavilə ilə müəyyən edilmiş müddət ərzində, miqdarda və qaydada alıcıya təhvil vermək vəzifəsi, alıcıdan məhsulun dəyərini qiymət təklifində müəyyən edilmiş qiymətlərlə ödənilməsini tələb etmək hüququ vardır. Alıcının isə məhsulu təhvil-təslim zamanı qəbul etmək və məhsulun dəyərini qiymət təklifində müəyyən edilmiş qiymətlərlə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən məhsulun hər partiya üzrə sifarişi alıcının şifahi, yazılı və ya rəsmi elektron məktubla müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla təyin olunur. Məhsulun qiymət təklifində müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən edilir və sifariş satıcı tərəfindən təsdiq olunur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən məhsul satıcı tərəfindən sifarişin təsdiq edilməsindən sonra 2 (iki) gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən satıcı məhsulu müvafiq satış fakturası əsasında alıcıya təhvil verir, alıcı müqaviləyə uyğun olaraq məhsulu satıcıdan nağd və ya nisyə satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən məhsulun alıcıya təhvil-təslim olunduğu ana qədər məhsulun təsadüfən məhv olması və ya zədələnməsi riskinə görə satıcı məhsul təhvil verildikdən sonra isə alıcı məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə qiymət təklifinin göndərildiyi gündən 3 (üç) ərzində etiraz verə bilər. Həmin müqavilənin 4.3.1-ci maddəsinə əsasən məhsulun alıcıya bilavasitə təhvil verilməsi anında satıcı tərəfindən təqdim olunan ödəniş sənədi əsasında nağd ödəniş qaydasında və ya məhsulun təhvil-təslim edildiyi andan etibarən 2 (iki) iş günü ərzində hesablaşma hesabnına köçürmə yolu ilə nağd satış qaydasında həyata keçrilir. Həmin müqavilənin 4.3.2-ci maddəsinə əsasən nisyə satış qaydasında ödəniş satıcı tərəfindən təqdim olunan elektron hesab-fakturaya və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olara məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə satıcı qarşısında məsuliyyət daşıyır. Alıcı müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə va ya lazımınca icra etməməsinə görə satıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, alıcının işgüzar nüfüzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkdiyi xərcləri və həmçinin alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və ya çəkməli olduğu bütün digər xərcləri ödəməlidir, həmçinin əksinə. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilə qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 12 (on iki) ay müddətinə qüvvədə qalır. Müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir.

9. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 804293 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 4035,96 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 274110 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 732,71 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 222094 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 3025,95 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 233128 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 2156,65 manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 291656 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 715,47 manat təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 890415 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 3114,04 manat təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 481910 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 6301,76 manat təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 939144 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 5841,36 manat təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 619921 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 4451,65 manat təşkil edir.

18. İddiaçı tərəfindən iş materiallarına satış fakturaları əlavə edilib.

19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 1 (bir) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsnə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir.

23. İddia tələbini cavabdehdən 30375,48 manat məbləğində müqavilə üzrə borcun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, satılmış malların dəyərinin əvəzi olaraq 30375,48 (otuz min üç yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (satış fakturaları, elektron qaimələr üzrə ümumi məbləğ 30375,55 manat təşkil edir) öz təsdiqini tapır.

25. Eləcə də, iddiaçı ödənilmiş 181,13 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 181,13 (yüz səksən bir manat on üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 30375,48 manat (otuz min üç yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 181,13 manat (yüz səksən bir manat on üç qəpik) manat olmaqla, cəmi 30556,61 manat (otuz min beş yüz əlli altı manat altmış bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar