Məhkəmə qərarları › İş №e-2-2(113)-6519/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6519/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6519/2025 13.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 qarşı (bundan sonra – cavabdeh) “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 2025/00026-01 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi; Lizinq obyekti olan **-AD- *** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, tip: Sedan, buraxılış ili: 2007, ban nömrəsi: KMHDT41B97U210286, rəngi: qara, mühərrik həcmi: 1600 sm3 nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi; cavabdehdən əsas borca görə gecikmə 931.24 manat, faiz borca görə gecikmə 1547.74 manat, dəbbə pulu 300 manat, ümumilikdə 2778.98 (iki min yeddi yüz yetmiş səkkiz, 98) manat borcun və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 47.79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixində 2025/00026-01 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin premdeti Lizinq verən tərəfindən təsvir edilmiş lizinq obyektinin satıcıdan əldə edilməsi və Lizinq alanın istifadəsinə verilməsi, Lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyekti minik avtomobili – Hyundai Elantra minik, tip: Sedan, buraxılış ili: 2007, ban nömrəsi: KMHDT41B97U210286, rəngi: qara, mühərrik həcmi: 1600 sm3 nəqliyyat vasitəsidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 9300 (doqquz min üç yüz) manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, Lizinq alanın vəzifəsi lizinq ödənişlərini gecikdirməməkdir. Belə ki, Lizinq alan bu Müqavilənin 1 saylıƏlavəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş tarixlərdən gec olmayaraq ödənişləri yerinə yetirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Lizinq ödənişi vaxtında edilməzsə, Lizinq alan gecikdirilən hər gün üçün bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Qeyd etmək istəyirik ki, Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixli 2025/00026-01 saylı Daxili Lizinq müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən, Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC-yə lizinq üzrə əsas borcu 931.24 (doqquz yüz otuz bir, 24) manat, faiz borcu 1547.74 (bir min beş yüz qırx yeddi, 74) manat, dəbbə pulu 300 (üç yüz) manat, ümumilikdə borcu 2778.98 (iki min yeddi yüz yetmiş səkkiz, 98) manat təşkil edir. Tərəfimizdən qeyd olunan problemin həlli üçün xx.xx.2025-ci il tarixində Cavabdeh2 pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçıya dəymiş ziyan ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77AD846 dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, Hyundai markalı, Elentra minik model, Sedan tipli, qara rəngli nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.

8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 2025/00026-01 nömrəli daxili lizinq müqaviləsinin predmeti lizinq verən tərəfindən lizinq obyektinin satıcıdan əldə edilməsi və lizinq alanın istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyektinin təsviri: minik avtomobili-Hyundai Elantra minik, tip: Sedan, buraxılış ili: 2007 ban nömrəsi: KMHDT41B97U210286, rəngi: qara, mühərrik həcmi: 1600 sm3 nəqliyyat vasitəsidir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 9300 (doqquz min üç yüz) manat təşkil edir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilir. Bu qrafikdəki hər bir lizinq ödənişi lizinq obyektinin dəyərinin bir hissəsi və lizinq alanın mükafatının həmin ödəmə perioduna düşən hissəsindən ibarətdir. Mükafat məbləği müqavilənin ümumi məbləğinin qalığına aylıq 2,5 faiz dərəcəsi tətbiq edilməklə hesablanır.

12. Müqavilənin 4.2.5-ci bəndinə əsasən lizinq ödənişlərini gecikdirməmək lizinq alanın vəzifəsidir. Belə ki, lizinq alan bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş tarixlərdən gec olmayaraq ödənişləri yerinə yetirməlidir. Ödəniş tarixi qeyri-iş gününə düşərsə ödənişi həmin tarixdən bilavasitə əvvəlki iş günü yerinə yetirmək lizinq alanın vəzifəsidir.

13. Müqavilənin 4.2.7-ci bəndinə əsasən bu Müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinq obyektini normal aşınma nəzərə alınmaqla yaxşı vəziyyətdə lizinq verənə qaytarmaq lizinq alanın vəzifəsidir.

14. Müqaviləvinin 6.1-ci bəndinə əsasən Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və Lizinq obyektini mübahisəsiz geri almaq və bununla da Müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır:  Lizinq alanın Lizinq obyektindən istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya Lizinq obyektinin təyinatına uyğun deyilsə;  Lizinq alan Lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;  Lizinq alan Lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;  Lizinq alan Lizinq obyektindən istifadə üçün Lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə;  Lizinq alan sahibkarlıq fəaliyyətini ləğv edirsə.

15. xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə lizinq müqaviləsi üzrə ödənişlərin günləri, aylıq standart ödənişlər və müvafiq olaraq borc qalıqları öz əksini tapmışdır.

16. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli müqaviləyə 2 nömrəli Əlavədə göstərilmişdir ki, lizinq obyekti müqavilə şərtlərinə uyğundur, Lizinq alanın Lizinq obyektinin tərkibi, komplektliliyi, miqdarı, keyfiyyəti haqqında heç bir iddiası yoxdur, Lizinq obyekti tam saz vəziyyətdədir və onda heç bir çatışmazlıq aşkar edilməmişdir.

17. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti saz və işlək vəziyyətdə lizinq alana təhvil verilmişdir.

18. Cavabdeh2 Roma oğlu tərəfindən verilmiş iltizama əsasən o, lizinq ödənişlərini vaxtında nağdsız hesablaşmalar və pul köçürmələri üzrə Azərbaycan Respublikasının qanunverciliyinin tələblərinə uyğun olaraq Lizinq verənin bank hesabına ödəyəcəyinə təminat vermişdir.

19. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli müqaviləyə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş əsas borcu 931,24 manat, 1547,74 manat faiz borcu, cərimə borcu isə 300,00 manat olmaqla, ümumilikdə borcu 2778,98 manat təşkil edir.

20. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən müqavilə üzrə bir dəfə, xx.xx.2025-ci il tarixində 400 manat ödəniş edilmişdir.

21. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək, öhdəliyin icra olunması tələb olunmuşdur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixə müqavilə üzrə ödənilməli olan qalıq 931,24 manat əsas borc,1547,74 manat faiz borcu hazırkı günədək ödənilməmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

30. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

31. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

32. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 931,24 manat əsas borcunun, 1574,74 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının əsas və faiz borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 931,24 manat məbləğində əsas borc,1574,74 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 300 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 40 manat məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə iddianın lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

40. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

41. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

42. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı xx.xx.2025-ci il tarixli ona xəbərdarlıq göndərib öhdəliyin icra olunmasını, əks halda müvafiq məhkəməyə müraciət olunacağını bildirmişdir.

43. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi, lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən hər hansı ödəniş etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli X1 ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan **-AD-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, Sedan tipli, buraxılış ili 2007 olan, ban nömrəsi KMHDT41B97U210286, rəngi: qara, mühərrik həcmi: 1600 sm3 nəqliyyat vasitəsi saz və işlək vəziyyətdə cavabdehdən geri alınaraq iddiaçıya qaytarılmalıdır.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 931,24 manat gecikdirilmiş əsas borc, 1547,74 manat faiz borcu, 40 manat dəbbə pul tutularaq iddiaçıya ödənilməli, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 2025/00026-01 nömrəli X1 ləğv edilmiş hesab edilməli, lizinq obyekti iddiaçıya geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 2025/00026- 01 saylı Daxili Lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan **-AD-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, Sedan tipli, buraxılış ili 2007 olan, ban nömrəsi KMHDT41B97U210286, rəngi: qara olan nəqliyyat vasitəsi Cavabdeh2 alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh2 931,24 manat əsas borc, 1547,74 manat faiz borcu, 40 manat dəbbə pulu, 100 manat dövlət rüsumu, ümumilikdə 2618,98 (iki min altı yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasınaapellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar