Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-652/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 04 dekabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya ofis avadanlığı (bundan sonra "Mal”) satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. - 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 3.4.1-ci bəndinə əsasən əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. - 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan 1 il müddətinə qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə 16.684,49 manat dəyərində malların verilməsinə görə iyun 2020-fevral 2021-ci illəri əhatə edən elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.
3. Xəzinə məxaric orderlərindən görünür ki, İddiaçı MMC-yə ümumilikdə 7000 manat borcdan ödəniş edilmişdir.
4. Köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMCnin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə ümumilikdə 3.356,97 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 14.825,38 manat və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ofis avadanlıqları satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 14.825,38 manat məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 14.825,38 manat təşkil edir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi keçirilmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hazırda Cavabdeh MMC İddiaçı MMC-yə olan 14.825,38 manat borcunu ödəməkdən imtina edir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 7825 manat və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 445.2.2 və 567-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək, cavabdehin iddiaçıya 7825 manat borcun olmasını etiraf etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etsə də, cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya 7825 manat məbləğində borcu yaranmışdır.
20. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində həmin alqı-satqı müqavilə üzrə İddiaçı MMC-yə 7825 manat məbləğində borcunun olmasını faktını etiraf etmişdir.
21. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 7825 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.
23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin azaldılması barədə ərizə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 98,25 manat təşkil edir.
24. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
25. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 04 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 7825 manat borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva