Məhkəmə qərarları › İş №e-2-2(113)-6520/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6520/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6520/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 156-22 S saylı Alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə təhvil verilmiş (satılmış) mallara görə formalaşmış ƏDV daxil 8260 manat əsas borcun, 3000 manat cərimə və ödənilmiş 124 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 156-22 S saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən "xxxx" MMC Malları satır, Cavabdeh MMC isə həmin mallarıalır və dəyərini ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən Cavabdeh MMC təchiz edilmiş malların dəyərini təqdim edilmiş hesab əsasında 20 (iyirmi) gün müddətində "xxxx" MMC-yə ödəməlidir. Müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra edərək müvafiq qaydada təsdiqlənmiş təhvil-təslim aktı və elektron qaimə faktura əsasında təhvil verməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin 2.3.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. Cavabdeh MMC təhvil verilmiş malların dəyəri üzrə 3497,05 manat hissəsini ödəsə də, yerdə qalan 8260 manat hissəsini ödəməkdən yayınır. Telefon vasitəsi ilə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və Cavabdeh MMC tərəfindən borcun ödənilməsinin vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun "xxxx" MMC-yə ödəməməsi "xxxx" MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Cavabdeh MMC-nin hal-hazırda "xxxx" MMC-yə olan borcu ƏDV daxil 8260 manat təşkil edir. Hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə həm rəsmi poçt vasitəsi, həm də elektron kabinet vasitəsi ilə Pretenziya məktubu göndərilmiş lakin, cavabdeh müəssisə hər hansı münasibət bildirməmişdir. Eləcə də, qeyd edilməlidir ki, istinad olunan müqavilənin 2.2.3-cü bəndinin tələbinə əsasən cavabdeh "xxxx" MMC-nin ödənişlərin gecikdirilməsinə görə 3000 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh MMC-yə mallar təhvil-qəbul aktı və eqaimə əsasında təhvil verilmişdir. Akt Cavabdeh MMC-nin əməkdaşı tərəfindən imzası ilə təsdiq edilmişdir. E-qaimə isə Cavabdeh MMC tərəfindən elektron sistem üzərindən təsdiq edilmişdir. İlk öncə pretenziya məktubu kağız daşıyıca məktub formasında və rəsmi qaydada xx.xx.2024-cü il tarixdə göndərilmişdir və ödənişin təmin edilməsi xahiş edilmişdir. Lakin,cavabdeh tərəf heç bir münasibət bildirməmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə cavabdehin elektron karguzarlıq üzrə yaradılmış elektron kabinetinə eyni pretenziya məktubu göndərilmiş və 3 gün müddətində ödəniş edilməsi və münasibətin bildirilməsi tələb edilmişdir. Lakin, cavabdeh bu məktuba da, heç bir münasibət bildirməmiş və ödənişin edilməsini təmin etməmişdir. Kommersiya mübahisələrində mediasiya prosesi məcburi olmadığı üçün tətbiq edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, iddiaçının nümayəndəsi isə sonuncu məhəmə iclasına gəlməmişdir.

4. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 156-22S saylı alqı-satqı müqaviləsinə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə ilə müəyyən edilmş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə alıcıya satmağı, alıcı isə təqdim edilmiş malların hazırkı müqavilə ilə müəyyən olunmuş dəyərini satıcıya ödəyir.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqavilə qüvvədə olduğu müddətdə malların sifarişi müqavilənin ayrılmaz tərkb hissəsi olan əlavələrlə həyata keçiriləcəkdir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcının hüquqları:

10. Müqavilənin 2.2.1-ci bəndinə əsasən malların bu müqavilə üməəyn edilmiş dəyərini razılaşdırılmış qaydada və müddətdə ödənilməsini alıcıdan tələb etmək;

11. Müqavilənin 2.2.3-cü bəndinə əsasən hazırkı müqavilənin 2.3.1-ci bəndində göstərilən müddətdə təqdim edilmiş malların dəyəri alıcı tərəfindən ödənilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həddində cərimə ödənilməsini tələb etmək.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının vəzifələri:

13. Müqavilənin 2.3.1-ci bəndinə əsasən əlavədə göstərilən malların dəyərini müqavilə bağlandıqdan və satıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 20 gün müddətində ödəmək.

14. Müqavilənin 2.3.3-cü bəndinə əsasən hazırkı müqavilənin 2.3.1-ci bəndində göstərilən müddətdə təqdim edilmiş malların dəyəri alıcı tərəfindən ödənilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həddində cərimə ödəmək.

15. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona gecikdirilən hər gün üçün ödənilməmiş məbəğin 1% miqdarında cərimə tətbiq edilə bilər.

16. xx.xx.2023-cü il tarixli, EBDİ798171 saylı e-qaimə ilə 11757,05 manat dəyərində malın cavabdehə göndərilməsinə dair qaimə tərtib edilmişdir.

17. 08.06.2023-cü il tarixli 11 saylı malların təhvil-qəbul aktına hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

18. 17.09.2024-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh MMC tərəfindən EBDİ798171 saylı e-qaimə üzrə 2000 manat məbləğində ödəniş edilmişdir.

19. 17.09.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən EBDİ798171 saylı e-qaimə üzrə 360 manat qismi ödəniş edilmişdir.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Məhkəmə ilkin olaraq xx.xx.2022-ci il tarixli 156-22 saylı alqı-satqı Müqaviləsinin ləğvi barədə tələbə dair aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

32. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən 1 il müddətinə bağlanmış və ləğv etmək barədə niyyət bildirilmədikdə avtomatik surətdə eyni şərtlərlə eyni qaydada uzadılması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilənin ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixdə elektron pretenziya məktubu göndərilmiş və buna görə də məhkəmə hesab edir ki, elə həmin tarixdən də müqavilə ləğv edilmiş hesab edilməlidir.

33. Bundan başqa Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 156-22S saylı alqı-satqı müqaviləsinə əsasən:

34. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə ilə müəyyən edilmş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə alıcıya satmağı, alıcı isə təqdim edilmiş malların hazırkı müqavilə ilə müəyyən olunmuş dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

35. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

36. İşdə olan sübutlar, yəni müqavilə, təhvil-təslim və borcun formalaşdığı xx.xx.2023cü il tarixli, EBDİ798171 saylı e-qaimə üzrə cavabdehin qismən ödəniş edilməsi, iddiaçı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə sübutdur.

37. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlara təsdiqini tapdığı üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini (ƏDV daxil 8260 manat) tələb etməkdə haqlı olmuşdur.

38. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 3000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 9.4-cü bəndinə istinad etmişdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

41. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 413 manat məbləğində müəyyən edilməlidir.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8260 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8260 manat məbləğində əsas borc və 413 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 124 manat dövlət rüsumu ödənilmişdir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla)107 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 156-22 S saylı müqavilə xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 156-22 S saylı müqavilə üzrə ƏDV daxil 8260 manat əsas borc, 413 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 107 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar