Məhkəmə qərarları › İş №e-2-2(113)-6524/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6524/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6524/2022 01.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Nümayəndə tərəfindən imzalanmışdır. Lakin onun iddia ərizəsinin imzalamaq səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6- 5103 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilmişdir ki, Nümayəndə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində Mediasiya Şurası tərəfindən mediator qismində təyin edilmiş və sözügedən arayış Nümayəndə tərəfindən mediator olaraq tərtib edilərək tərəflərə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.3-1-ci maddəsinə əsasən mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik normasının tələbindən də göründüyü kimi, mediatorun mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil etməsi qanunla qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı iddianı Vyetnamda yerləşən “Cavabdeh”yə, yəni “xarici hüquqi şəxsə” qarşı irəli sürmüşdür. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarından ümumiyyətlə belə bir hüquqi şəxsin mövcud olub-olmaması, mövcuddursa və tərəflər arasında öhdəlik hüquq münasibətləri varsa, həmin münasibətlərdən irəli gələn mübahisələrin hansı qaydada həllinin nəzərdə tutulduğu müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə sübut qismində birtərəfli qaydada, yalnız satıcı qismində iddiaçı tərəfindən imzalanıb möhürlənmiş və alıcı qismində yalnız “Cavabdeh” göstərilən, nümayəndə qismində heç bir ad qeyd olunmayan, imza və möhür olmayan “müqavilə” adlanan 2 sənəd əlavə edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya tərəflər arasında yaranan mübahisələrin həlli qaydasına uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbz üzrə ödənilmiş 150 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbz üzrə ödənilmiş 150 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar