Məhkəmə qərarları › İş №e-2-2(113)-6526/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6526/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6526/2025 13.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “xxxx” xxx Şirketinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” xxx Şirketinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “xxxx” xxx Şirketi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DossoDossi Tekstil Sanayi Turizm ve X1” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13177 ABŞ dolları məbləğində əsas borc, 523 ABŞ dolları cərimə olmaqla, cəmi 13700 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) məbləğində pul vəsaiti və 160 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “DossoDossi Tekstil Sanayi Turizm ve X1” arasında D/AZ-22 nömrəli, 08 iyun 2024-cü il tarixli alıq-satqı müqaviləsi bağlanmışdır. 86185 saylı spesifikasiyada göstərilən mallar cavabdehə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 12 oktyabr 2024-cü il tarixədək öhdəliklərini tam yerinə yetirməliydi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi şəxsin vergi elektron portalı vasitəsilə onun səhifəsinə yerləşdirilmişdir. Cavabdehdən 10 gün ərzində borcunu ödəmək xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir. Son dəfə cavabdeh xx.xx.2025-ci il tarixdə 3000 ABŞ dolları ödəmişdir. Bundan sonra tərəflər arasında yaranmış borcla bağlı xx.xx.2025-ci il tarixli üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktına əsasən cavabdeh sifariş verdiyi malları təhvil aldığını və üzləşdirmə aktında cavabdehin iddiaçıya 13177 ABŞ dolları borcunun olduğu bir daha öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış D/AZ-22 nömrəli, 08 iyun 2024-cü il tarixli malların nisyə alqı-satqısı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilədə qeyd edilmiş ödənişlər tam həyata keçirilməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2% həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Borc öhdəliyi yerinə yetirilmədiyindən, gecikdirildiyindən cavabdehdən əlavə olaraq minimal hesablamaqla 523 ABŞ dolları tutulmaldıır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, bununla da müqavilə şərtlərini pozduğundan müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya olan 13177 ABŞ dolları məbləğində əsas borc, 523 ABŞ dolları cərimə (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 462.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “xxxx” xxx Şirketi ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, D/AZ22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı müqaviləyə uyğun olaraq Türkiyə Respublikasının Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir. Satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərinin aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş-avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 20-30%-i həcmində müqavilə bağlandığı an alıcı tərəfindən qarşılıqlı razılaşdırmaqla satıcıya ödənilə bilər. Yerdə qalan ödənişlər 12 avqust 2024-cü il tarixdən hər dəfə hissə-hissə olmaqla, 12 oktyabr 2024-cü il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 45 gün ərzində malların dəyərini alıcı tam ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə, növbəti partiya malların göndərilməsi dayandırıla bilər; 2.2-ci bəndinə əsasən müqavilə ilə əlaqədar bütün bank xərclərinə və rüsumlara görə alıcının mənsub olduğu ölkənin ərazisində alıcı məsuliyyət daşıyır. Alıcı malların dəyərini satıcının müqavilədə qeyd edilmiş bank hesabına ödəyir; 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2%-i həcmində cərimə ödəyir. Müqavilə tərəflərin imzası və “xxxx” xxx Şirketinin möhürü ilə təsdiq edilmişdir.

8. “xxxx” xxx Şirketi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən “xxxx” xxx Şirketi tərəfindən Cavabdeh 27823 ABŞ dolları mal(lar) göndərildiyi qeyd olunur.

9. “xxxx” xxx Şirketi ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən tərəflər Cavabdeh “xxxx” xxx Şirketine olan qalıq borcunun 13177 ABŞ dolları təşkil etdiyini təsdiq etmişlər. Akt tərəflərin imzası və “xxxx” xxx Şirketinin möhürü ilə təsdiq edilmişdir.

10. “xxxx” xxx Şirketi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən alıcı müqaviləyə uyğun olaraq Türkiyə Respublikasının Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir.

14. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13177 ABŞ dolları məbləğində əsas borcun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, satılmış malların dəyərinin əvəzi olaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13177 ABŞ dolları (on üç min yüz yetmiş yeddi) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan sübutlarla (müqavilə, üzləşmə aktı) öz təsdiqini tapır.

16. İddia tələbinin digər hissəsini xx.xx.2024-cü il tarixli müqavilə 523 ABŞ dolları cərimənin tutulması təşkil edir.

17. Məhkəmə qeyd edir ki, müqavilə üzrə borc məbləği cavabdeh tərəfindən müəyyənləşdirilmiş vaxtda ödənilmədiyindən iddiaçının cərimə məbləğini tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2%-i həcmində cərimə ödəyir.

18. Məhkəmə tərəflər əsaslı mənafelərini, cərimə məbləğinin əsas borc məbləğinə olan nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində də təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 523 ABŞ dolları (beş yüz iyirmi üç) cərimə manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçıya ödənilməlidir.

19. Eləcə də, iddiaçı ödənilmiş 160 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 160 (yüz altmış) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13177 ABŞ dolları (on üç min yüz yetmiş yeddi) əsas borc, 523 ABŞ dolları (beş yüz iyirmi üç) cərimə olmaqla, ümumilikdə 13700 ABŞ dolları (on üç min yeddi yüz) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (yüz altmış) manat “xxxx” xxx Şirketinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar