Məhkəmə qərarları › İş №e-2-2(113)-653/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-653/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-653/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 155759,17 manat gecikdirilmiş borc və hesablanmış 200913,32 manat cərimə borcunun, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə isə 275635,03 manat gecikdirilmiş borc və hesablanmış 212358,02 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 845415,54 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli və 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsiniisə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə Texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 19.10.2021-ci il tarixə 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 155759,17 manat gecikdirilmiş borc və 200913,32 manat cərimə borcu, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə isə 275635,03 manat gecikdirilmiş borc və 212358,02 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 04 iyun 2018-ci il tarixli 315-LD/18 nömrəli müqaviləyə əsasən lizinq verən spesifikasiyada verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq alan tərəfindən ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 287.509,78 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qayıtrmır. Müqavilənin 1.3-cü bəndinə əsasən damazlıq heyvanlar Goranboy rayonu, Muzdurlar ərazisində saxlanılacaqdır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsudur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 01 iyun 2018-ci il tarixli 705-L/18 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 31 mart 2016-ci il tarixli 91-LD/16 nömrəli müqaviləyə əsasən lizinq verən spesifikasiyada verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən damazlıq heyvanlar Goranboy rayonu, Muzdurlar ərazisində saxlanılacaqdır. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsudur. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. Materiallarda olan hesabdan çıxarışa əsasən cavabdehin 31.03.2016-cı il tarixli 91- LD/16 nömrəli müqavilə üzrə 155759,17 manat gecikdirilmiş borcu, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə isə 275635,03 manat gecikdirilmiş borcu vardır. 14.02.2017-ci il tarixli, 11.02.2017-ci il tarixli NJW 249/x99 987nömrəli, 11.02017-ci il tarixli W9M007008/LLU45 755 nömrəli, 11.02.2017-ci il tarixli UU46058/UU00460 nömrəli aktlardan görünür ki, iddiaçı tərəfindən müqavilədə qeyd olunan heyvanlar cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş 19.10.2021-ci il tarixli arayışdan görünür ki, 31.03.2016-ci il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 155759,17 manat, cərimə borcu isə 200913,32 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş 19.10.2021-ci il tarixli arayışdan görünür ki, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 275635,03 manat, cərimə borcu isə 212358,02 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21.12.2021-ci il tarixli 2021- 002205 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli və 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələrlə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilələrin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələrlə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə iddiaçıya 155759,17 manat, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə isə 275635,03 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli və 04.06.2018ci il tarixli 315-LD/18 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 200913,32 manat, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə 212358,02 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 5000 manat, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə 6000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, 21.12.2021-ci il tarixli 000LPX********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 2641 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə iddiaçıya 155759,17 manat və 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli üzrə 275635,03 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 155759,17 manat əsas borc, 5000 manat cərimə, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə 275635,03 manat əsas borc, 6000 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31.03.2016-cı il tarixli 91-LD/16 nömrəli müqavilə üzrə 155759,17 (bir yüz əlli beş min yeddi yüz əlli doqquz manat on yeddi qəpik) manat əsas borc, 5000 (beş min) manat cərimə, 04.06.2018-ci il tarixli 315-LD/18 nömrəli müqavilə üzrə 275635,03 (iki yüz yetmiş beş min altı yüz otuz beş manat üç qəpik) manat əsas borc, 6000 (altı min) manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat, ümumilikdə 442744,20 (dörd yüz qırx iki min yeddi yüz qırx dörd manat iyirmi qəpik) manat məbləğində pul və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar