Məhkəmə qərarları › İş №e-2-2(113)-653/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-653/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-653/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2022-ci il tarixli, 129 nömrəli alqı-satqı müqaviləsinə əsasən 14.751,18 manat pul məbləğinin, eləcə də ödənilmiş 134,25 manat dövlət rüsumunun İddiaçı QSC xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2022-ci il tarixində Müdafiə Nazirliyi tender komissiyası tender nəticələrinielan etmişdir və 2163 nömrəli protokol tərtib edilmişdir. 25 oktyabr 2022-ci il tarixində “Müdafiə Nazirliyi Satınalma və Təhizat İdarəsi” (Sifarişçi) və İddiaçı QSC (İcraçı) arasında 129 saylı satınalma müqaviləsi bağlanılmışdır və 219 004,58 (iki yüz on doqquz min dörd manat,əlli səkkiz qəpik) manat məbləğində tender təklifi qəbul edilmişdir. Müqavilənin 11.3-cü bəndinə əsasən ödəmələrin malların təhvil verilməsinə mütənasib olaraq xüsusi qaydada və müddətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Biz İcraçı tərəf olaraq öhdəliyimizin böyük bir hissəsini icra etmişik. Belə ki, Müdafiə Nazirliyinə verdiyimiz 23 günəş enerji sistemindən, ilkin olaraq, 20 enerji sisteminin aktı tərtib olunmuşdur: 17 ədəd 2 kVt-lıq, 3 ədəd 5 kVt-lıq günəş enerji sisteminin quraşdırılması barədə. Yerdə qalan 3 ədəd 2 kVt-lıq günəş enerji sistemi qarşı tərəfə verilsə də, onların aktları Müdafiə Nazirliyi tərəfindən dolayı səbəblər gətirilərək imzalanmırdı. Biz müqavilə üzrə 20 ədəd sistem üçün 114 229,77 AZN (yüz on dörd min iki yüz iyirmi doqquz manat, yetmiş yeddi qəpik) dəyərində öhdəliklərimizi yerinə yetirsək də, Müdafiə Nazirliyi tərəfindən ödəniş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5881/2023 nömrəli Qətnaməsi çıxarılandan 8 ay sonra ödənilmişdir. İndi isə 2 aktın imzalanması xx.xx.2024-cü il tarixində baş tutduğundan və 1 ədəd 2 kVt-lıq günəş enerji sisteminin təhvil verilməsinə baxmayaraq, onun aktının hələ də imzalanmaması səbəbindən 14.751,18 AZN vəsait bu vaxta qədər ödənilməmiş şəkildə qalmaqdadır. 1 ədəd 2 kVt-lıq günəş enerji sisteminin qiyməti isə 4.917,06 AZN təşkil edir (4 917,06*3= 14 751,18 AZN). Şirkətimizin əməkdaşı X1 müşahidəsi altında işğaldan azad olunmuş ərazilərə giriş üçün icazə alınmış, Daşkəsən rayonu ərazisində şirkətimizin hesabına 3 ədəd 2 kVt-lıq günəş enerji sistemləri təmir olunaraq tam fəaliyyətə yararlı, heç bir qüsur olmayan vəziyyətdə təhvil verilmişdir. Bütün bu addımlarımızdan sonra xx.xx.2024-cü il tarixində 2 ədəd 2 kVt-lıq Günəş enerji sisteminin aktı imzalanmışdır. Lakin bir ədəd 2 kVtlıq aktın imzalanması hələ də başa çatdırılmamışdır. Bu məsələ ilə bağlı İddiaçı QSC (İcraçı) olaraq, öz öhdəliyimizi tam, vicdanlılığın tələb etdiyi şəkildə həyata keçirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında 25 oktyabr 2022-ci il tarixdə 129 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilə üzrə sifarişçi dəyəri 219.004,58 manat dəyərində malların satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir.

11. Müqavilənin 8.7-ci bəndinə əsasən malların qəbulu aşağıda göstərilən sənədləri təqdim etməklə sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə yerinə yetirilir: a) hesab-faktura (bağlanmış müqavilənin nömrəsi və tarixi göstərilməlidir); b) elektron qaimə; c) malların keyfiyyət sertifikatının Azərbaycan dilinə tərcümə olunmuş surəti, ç) mənşə şəhadətnaməsi.

12. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər ( hesab-faktualar, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

13. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, tətəflər arasında bağlanmış olan müqavilənin predmetini günəş enerji sistemlərinin alqı-satqısı və quraşdırılması təşkil edir.

15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

16. İş materiallarından görünür ki, MT2409 seriyalı 10289377 saylı xx.xx.2024-cü il tarixli dəyəri 9.834,12 manat olan, MT2501 seriyalı 10525971 saylı xx.xx.2025-ci il tarixli dəyəri 4.917,06 manat olan elektron qaimələr İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir.

17. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdə qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə ümumi məbləği 14.751,18 manat təşkil edir.

18. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 13 saylı Aktlarından məlum olur ki, İddiaçı QSC Daşkəsən rayonu ərazisində 1 dəst 2 kVt-lıq günəş enerji sistemini N nömrəli hərbi hissənin G-52 və G-53 nömrəli postlarında tam şəkildə quraşdırmışdır.

19. Aktlar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Daşkəsən rayonu ərazisində 1 dəst 2 kVt-lıq günəş enerji sistemini N nömrəli hərbi hissənin G-54 nömrəli postunda günəş enerji sisteminin quraşdırıldığını, lakin görülmüş işlər barədə aktın cavabdeh tərəfindən imzalanmadığını bildirmişdir.

21. Daşkəsən rayonu ərazisində 1 dəst 2 kVt-lıq günəş enerji sistemini N nömrəli hərbi hissənin G-54 nömrəli postunda günəş enerji sisteminin quraşdırılması ilə bağlı iddiaçı tərəfindən iş materiallarına disk əlavə edilmişdir.

22. Diskə baxış keçirərkən Daşkəsən rayonu ərazisində 1 dəst 2 kVt-lıq günəş enerji sistemini N nömrəli hərbi hissənin G-54 nömrəli postunda günəş enerji sisteminin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılması öz təsdiqini tapmışdır.

23. Məhkəmənin yalnız bir iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi ilə tanış olmadığını, müqavilə üzrə işlər iddiaçı tərəfindən qüsurlu icra edildiyindən akt imzalamadığını bildirmişdir. Lakin sonrakı məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmiş, iddiaya münasibət bildirməmiş, iddia tələbini əksini sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.

24. Göründüyü kimi, iddiaçı öz üzərinə düşən öhdəlikləri icra edərək, 3 ədəd günəş enerji sistemini cavabdehə təhvil vermiş və quraşdırmışdır. Belə olan halda, cavabdehin verilmiş və quraşdırılmış malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

25. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, 14.751,18 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənməlidir.

26. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,25 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Belə ki, iş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 134,25 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 14.751 (on dörd min yeddi yüz əlli bir) manat 18 (on səkkiz) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 134 (bir yüz otuz dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar