Məhkəmə qərarları › İş №e-2-2(113)-6531/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6531/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6531/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 301 468,17 manat əsas borc, 30000 manat cərimə məbləği və ödənilmiş 799,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 27 yanvar 2022-ci il tarixli SPARK-016/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə beton məhlulu təhvil verilmişdir. Təhvil verilən malın dəyərinin bir hissəsi ödənilsə də, hal-hazırda ƏDV daxil 301 468,17 manat borc mövcuddur. Müqavilənin 4-cü bəndinə və müqavilənin əlavələrinə əsasən, alıcı təhvil verilmiş malların dəyərini mallar təhvil verildikdən sonra 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi pozaraq, təhvil verilən malların dəyərini tam həcmdə ödəməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ƏDV daxil 301 468,17 manat borcu mövcuddur. İddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə cavabdehə aşağıdakı tarixlərdə rəsmi pretenziyalar göndərilmişdir: 05 avqust 2025-ci il tarixində onlayn kargüzarlıq sistemi vasitəsilə, 05 avqust 2025-ci il tarixində “Elektron məhkəmə” sistemi vasitəsilə. 2.2. Bununla belə, cavabdeh iddiaçının pretenziya tələblərini yerinə yetirməmişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən, alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun məbləği xx.xx.2025-ci il tarixə 30000 manat təşkil edir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Mamedov Natig “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək əsas borc hissəsində iddianı qəbul etdiklərini, ƏDV daxil 118 000 manat məbləğində ödəniş etdiklərini, cərimə borcu ilə razı olmadıqlarını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 016/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin tərkib hissəsi sayılan əlavələrdə qeyd olunan qiymətdə və çeşiddə beton məhsulunu tədarük etməyi, cavabdeh isə müqavilənin icra müddətində müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə uyğun olaraq iddiaçıdan malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin çatdırılma və ödənişlə bağlı şərtlərinə əsasən, alıcı malları hər iki tərəfin imzaladığı və ya möhürlə təsdiq etdiyi qaimə-faktura əsasında qəbul edir, malların çatdırılması vergi hesab-faktura və qaimə-faktura ilə rəsmiləşdirilmiş sayılır, mallar təhvil verildiyi tarixdən 15 təqvim günü ərzində ödənilir (əlavə № 2 – 5). xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək ayrı-ayrı dəyərdə malların verilməsi ilə bağlı cəmi 128 elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən və cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixə borcu ƏDV daxil 301 468,17 manat təşkil etmiş, xx.xx.2025-ci il tarixdə ödəniş tapşırığı əsasında ƏDV daxil olmaqla 118 000 manat ödəniş edilmişdir.

11. İddiaçı xx.xx.2022-ci il tarixli 016/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan ƏDV daxil 301 468,17 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

12. Cavabdeh əsas borc məbləğini qəbul edir və 118 000 manat ödəniş etdiyini bildirir.

13. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

14. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

17. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

19. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

26. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli 016/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 183 468,17 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

27. İddia ərizəsində iddiaçı həmçinin 30000 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

28. xx.xx.2022-ci il tarixli 016/2022 nömrəli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, alıcı malların ödəniş müddətlərinin pozulmasına görə satıcının hesablaşma hesabına faktiki olaraq köçürüldüyü ana qədər ödənişin ləngildiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi miqdarında satıcıya penya ödəyəcək.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

32. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da xx.xx.2022-ci il tarixli 016/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2025-ci il tarixdə göndərilməsinə və hər hansı ödəniş edilməməsinə baxmayaraq, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

33. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 11000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

34. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 11000 manat məbləğində cərimə Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı ödənilmiş 799,4 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 626 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

40. Məhkəmə qeyd edir ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonradan (məhkəmə icraatının gedişində) iddia tələbini təşkil edən borc məbləğindən (301 468,17 manat) əhəmiyyətli ödənişlər (cəmi 118 000 manat) etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

41. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 626 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 183468,17 manat əsas borc, 11000 manat dəbbə pulu olmaqla ümumilikdə 194468,17 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 626 manat Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar