Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-654/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, SE19/069 nömrəli alğı-satqı müqaviləsinə əsasən 1.127,35 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh arasında müxtəlif mallara dair alğı-satqı əməliyyatları həyata keçirilmiş və Cavabdeh İddiaçı MMC-dən aldığı “Mallar”ın müəyyən bir qisim dəyərini əvvəlki vaxtlar ödəmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155396 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155399 nömrəli malların təhvil-qəbul aktına əsasən, cavabdeh tərəfindən İddiaçı MMC-dən cəmi 1127,35 manat dəyərində müxtəlif mallar qəbul edilsə də, həmin malların dəyəri hazırkı vaxtadək ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2019-cu il tarixli, 264400 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, 264401 saylı elektron qaimə, həmçinin xx.xx.2019-cu il tarixli, 735365 saylı elektron vergi hesab-faktura və xx.xx.2019-cu il tarixli, 735368 saylı elektron vergi hesab-faktura da göndərilmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155396 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155399 nömrəli malların təhvil-qəbul aktı da bir daha sübut edir. Bununla bağlı dəfələrlə nümayəndələri vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə rəsmi şəkildə xx.xx.2019-cu il tarixli, 352 saylı pretenziya məktubu da göndərilmiş və cavabdeh həmin pretenziya məktubunu xx.xx.2019-cu il tarixdə rəsmi şəkildə (müvafiq xəbərnamənin surəti hazırkı iddia ərizəsinə əlavə olunur) qəbul etmişdir. Lakin cavabdeh hazırkı vaxtadək həmin ödənişi həyata keçirməmişdir. Nəticədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçının nümayəndəsi X2iddia tələbin həcminin azaldılmasına dair ərizəni məhkəməyə təqdim edərək, cavabdehdən 947,35 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh VÖEN onun adına olsa da, VÖEN-i digər şəxsin işlətdiyini, yaranmış borcun ona aid olmadığını bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) Cavabdeh (alıcı) arasında xx xxxx 2019-cu il tarixdə SE19/069 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünün istehsal (və idxal) etdiyi müxtəlif növ malları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulların qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.4-cü bəndinə əsasən tərəflər hər ay bu müqaviləyə əsasən satılmış məhsullar üzrə borcların üzləşdirilməsini aparırlar. İl sonu üzləşmədə alıcının cari il üzrə mövcud olan bütün borcları müəyyən edilərək il tamamlanmamış sıfırlanması üçün alıcı tərəfindən satıcıya tam şəkildə ödənilməlidir. 3.5-ci bəndinə əsasən alıcı malın dəyərini müqavilənin 3.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdən gec ödəyirsə gecikdirilən hər bir gün üçün ödənilməmiş malın dəyərinin 0.5%-i məbləğində cərimənin əlavə olaraq ödənilməsinə razılıq verir. Bu cərimə 20 gün müddətindən çox hesablanmır. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155396 saylı; xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155399 saylı; xx.xx.2019-cu il tarixli, HBN/2 seriyalı, 155400 saylı malların təhvilqəbul aktlarına əsasən İddiaçı MMC tərəfindən ümumilikdə 1.329,82 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 1078,92 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 264400; 198,45 manat dəyərində malın verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 264401 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Fevral ayının 2020-ci il tarixli üzləşmə aktı ilə xx.xx.2020-ci il tarixə olan qalıq borc 947,35 manat təşkil etmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə pretenziya məktubu ünvanlanaraq xx xxxx 2019-cu il tarixli, SE19/069 nömrəli müqavilə üzrə 1.127,35 manat məbləğində əsas borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeharasında xx xxxx 2019-cu il tarixli, SE19/069 saylı alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə “İddiaçı MMC-yə olan borcu 947,35 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllənin 567, 600.1-ci maddələri). Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi adına olan VÖEN-in digər şəxs tərəfindən işlədilməsi barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, bu halda iş üzrə cavabdeh alqı-satqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəliklərin icra edilməsini üzərinə götürmüş olur. Belə olan halda məhkəmə mübahisəli alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 947,35 manat manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, SE19/069 nömrəli alqı-satqı müqaviləsi üzrə 947,35 manat (doqquz yüz qırx yeddi manat otuz beş qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-654/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-654/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver