Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-654/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ödənilmiş pul vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ödənilmiş pul vəsaitin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1.036.400 manat gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcunun, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun,hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi: 4.426.772,60 manat pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2010-cU il tarixli 04-LA/10 nömrəli, xx.xx.2014-cü il tarixli 09- LA/14 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2010cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə 1036400,00 manat gecikdirilmiş borcu və 3229750,50 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə isə 65790 manat gecikdirilmiş borcu və hesablanmış 93932,10 manat cərimə borcu yaranmışdır.
3. Daha sonra, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 127.310,00 (bir yüz iyirmi yeddi min üç yüz on) manat məbləğində pul və ödənilmiş 417,00 (dörd yüz on yeddi) manat dövlət rüsumu, ümumilikdə 127.727,00 (bir yüz iyirmi yeddi yeddi yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2010-cU il tarixli 04-LA/10 nömrəli, müqaviləyə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə lizinq verilmiş soyuducu kameraya və xx.xx.2014cü il tarixli 09-LA/14 nömrəli müqaviləyə əsasən həmin soyuducu kamera üçün nəzərdə tutulmuş və quraşdırılmış əlavə avadanlıqlara dəfələrlə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan soyuducu anbarın və avadanlıqların işləmədiyi, möhürləndiyi və istismar olunmadığı barədə müvafiq aktlar və protokollar tərtib olunmuş, həmin aktlar və protokollar da məsul şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2010-cU il tarixli 04- LA/10 nömrəli, müqavilə və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə 127.310 manat məbləğində pul vəsaitləri "xxxx" ASC-yə ödənmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ödəniş etsə də, "xxxx" ASC müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, soyuducu anbarı və avadanlıq işləmədiyi və istismarı dayandırıldığı halda lizinqə verilmişdir. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə izahatlarında qarşılıqlı iddia ərizəsinin təmin olunması, ilkin iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında xx.xx.2010-cü il tarixli 04-LA/10 nömrəli, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilələr bağlanmışdır.
11. xx.xx.2010-cü il tarixli 04-LA/10 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 1.162.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2.000 ton olan soyuducu kameranı dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir.
12. xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 73.100 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2000 ton olan soyuducu kamera üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir.
13. Müqavilələr və ödəniş qrafikləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, həm ilkin, həm də qarşılıqlı iddianın faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2010-cü il tarixli 04-LA/10 nömrəli və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilələr təşkil edir. Ona görə də, hər iki iddiaya paralel olaraq münasibət bildirilməlidir.
15. Məhkəmə ilkin iddianın xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə hesablanmış 1.036.400 manat gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
16. İş materiallarına əlavə olunmuş, xx.xx.2010-cu il tarixli təhvil-təslim aktından görünür ki, 17 may 2010-cu il tarixli lizinq müqaviləsinə uyğun olaraq Qazax şəhərində yerləşən, həcmi 2000 ton olan soyuducu kamera Cavabdeh ASC-yə təhvil verilmişdir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə Cavabdeh ASC tərəfindən cəmi 126.100 manat məbləğində ödəniş edilmiş və əsas borc üzrə 1.036.400 manat məbləğində borcu qalmışdır.
18. Məhkəmə Cavabdeh ASC-nin verilmiş avandanlıqların yarasız yəni, işlək vəziyyətdə olmaması ilə bağlı dəlilini əsassız hesab edir.
19. Belə ki, işə əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli inventarlaşdırma barədə məlumatdan görünür ki, hər iki müqavilə üzrə verilmiş olan avadanlqların texniki vəziyyəti “saz” olaraq göstərilmişdir.
20. Bundan başqa işə əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli inventarlaşdırma barədə məlumatdan görünür ki, hər iki müqavilə üzrə verilmiş olan avadanlqların texniki vəziyyəti “saz” olaraq göstərilmişdir.
21. Eyni məzmunlu inventarlaşdırma barədə məlumat həmçinin xx.xx.2017-ci il tarixdə də, təsdiq edilmişdir.
22. Qeyd edilmiş sənədlər o nəticəyə gəlmək üçün əsas verir ki, lizinq müqavilələri üzrə avadanlıqlar saz vəziyyətdə, lizinq alana təhvil verilmişdir və sonuncu tərəfindən də, qəbul edilmişdir.
23. Ona görə də, Məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə xx.xx.2010-cu il tarixli müqavilə üzrə 1.036.400 manat ödənilməmiş borcu qalmışdır.
24. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq xx.xx.2010-cu il tarixli müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə bitdiyini, iddia müddətinin keçdiyini bildirmişdir.
25. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
26. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin ödəniş qrafikindən (əlavə 2) görünür ki, qeyd edilən müqavilənin müddəti 2020-ci ilin yanvar ayında artıq bitmişdir. Ona görə də, həmin tarixdən iddia müddətinin axımı başlamışdır. Belə olan halda, iddiaçı tərəf qeyd edilən müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə məhkəməyə 2023-cü ilin yanvar ayınadək müraciət etməli idi.
27. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, mediasiya tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ilə aiddir.
28. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 10 aydan da, çox ötürülmüşdür.
29. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə ilkin iddia xx.xx.2010-cu il tarixli müqavilə üzrə 1.036.400 manat, gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcunun tələb edilməsi hissəsində rədd edilməlidir.
30. Məhkəmə ilkin iddianın xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. İş materiallarına əlavə olunmuş, “X1 L.L.P” şirkətinin (təhvil verən) nümayəndəsinin imzası, Aqrolizinq” ASC-nin mütəxəssinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (təhvil alan) nümayəndəsinin imzaları və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş 02 noyabr 2013-cü il tarixli təhvil-təslim aktına əsasən Qazax rayonunda Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə quraşdırılmış tutumu 2000 ton olan soyuducu kamera üçün , "xxxx" ASC-nin “X1 L.L.P” şirkəti ilə bağlamış olduğu 08 iyul 2013-cü il tarixli 38/13 saylı müqavilə əsasında gətirilmiş əlavə avadanlıq hissələri Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə tutumu 2000 ton olan soyuducu kameralara quraşıdırılaraq tam komplekt vəziyyətdə çatdırılmışdır.
32. Məhkəmə xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə lizinq obyektinin dəyərinin 73.100 manat, cavabdeh tərəfindən 7.310 manat məbləğində əvvəlcədən ödəniş edildiyini nəzərə alaraq və iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tətqiq edərək hesab edir ki, cavabdehin 65.790 manat ödənilməmiş borcu qalmışdır və həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Cavabdehin avadanlığın nasaz olması ilə bağlı dəlilini isə, Məhkəmə yuxarıda qeyd edilmiş hallara görə əsassız hesab edir.
34. Məhkəmə xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
36. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqaviləyə əsasən 65.790 manat əsas borca münasibətdə 3.300 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir.
37. Məhkəmə qarşılıqlı iddiaçının 127.310 manat məbləğində pulun geri qaytarılması tələbi ilə bağlı hesab edir ki, qarşılıqlı iddia əsassızdır.
38. Belə ki, tərəflər arasında lizinq müqavilələri bağlanmış, lizinq müqavilələri üzrə avadanlıqlar verilmiş və müvafiq olaraq ödənişlər aparılmışdır. Lizinq müqavilələri üzrə edilmiş ödənişlərin geri qaytarılması üçün isə əsaslar müəyyən edilməmişdir.
39. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənmişdir.
40. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
41. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Vəkil arasında bağlanmış xx.xx.2023cü il tarixli, 2494 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 (beş yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
42. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul ödənmişdir.
43. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Yekun olaraq məhkəmə hesab edir ki, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 65.790 (altmış beş min yeddi yüz doxsan) manat, cərimə borcu üzrə 3.300 (üç min üç yüz) manat olmaqla, cəmi 69.090 (altmış doqquz min doxsan) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (büş yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Kənan Hüseynov