Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6545/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxxxxnin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxxxxnin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxxxx Cavabdehnə qarşı (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın xxxxx (“Alıcı”) ilə Cavabdeh MMC (“Satıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TEŞ- 02K/2024 nömrəli “Kondisionerlərin alqı-satqısı haqqında” müqavilə üzrə avans kimi ödənilmiş 1764 (min yeddi yüz altmış dörd) manat məbləğində pul, öhdəliyin icrasının gecikdirilməsinə görə 832,60 manat (səkkiz yüz otuz iki manat altmış qəpik) məbləğində cərimə, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2642,60 manat (iki min altı yüz qırx iki manat altmış qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Baş ofisində keçirilmiş 10004SM-24 nömrəli seçmə müsabiqənin nəticəsinə və Satınalmalar Komitəsinin xx.xx.2024-cü il tarixli, 20 nömrəli protokolunun çıxarışına əsasən SOCAR-ın xxxxx (Sİİ) (“Alıcı”) ilə Cavabdeh MMC (MMC) (“Satıcı”) arasında xx.xx.2024-cü il tarixli, TEŞ- 02K/2024 nömrəli “Kondisionerlərin alqı-satqısı haqqında” müqavilə ("xxxx") bağlanmışdır. Müqaviləyə əsasən MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən spesifikasiyaya, miqdara və qiymətə uyğun malları satmağı, Sİİ həmin malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri (demontaj və montaj işləri də daxil olmaqla) ƏDV ilə birlikdə 8326,08 manat (səkkiz min üç yüz iyirmi altı manat səkkiz qəpik) təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 1 saylı əlavəsindəki malların tədarükünə görə alıcı tərəfindən öncədən satıcıya ümumi məbləğin 25% dəyərində avans ödənilir. Bununla əlaqədar olaraq, malların tədarükünə görə xx.xx.2024-cü il tarixdə Sİİ tərəfindən müqavilənin ümumi dəyərinin 25% (8326,08 X 25% = 2081,52 – iki min səksən bir manat əlli iki qəpik) məbləğində avans ödənişi edilmişdir. MMC tərəfindən mallar 45 gün müddətində tədarük edilməli halda, hal-hazıradək Sİİ-yə tədarük edilməmişdir. Müqavilənin şərtlərinə görə gecikdirilmənin 4 həftə tamamında MMC ilə görüş keçirilməsi məqsədilə əlaqə yaratmaq istədikdə, bu heç bir formada mümkün olmamışdır. Yalnız xx.xx.2024-cü il tarixdə SOCAR-ın Baş ofisinin müraciətinə cavab olaraq MMC tərəfindən bildirilmişdir ki, mallar 1 həftə ərzində təslim olunacaqdır. Dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara (əlavə olunur) baxmayaraq, MMC tərəfindən mallar tədarük edilməmiş və ödənilmiş avans məbləğ qaytarılmamışdır. Yalnız xx.xx.2025-ci il tarixdə avansın 317,52 (üç yüz on yeddi manat əlli iki qəpik) məbləğində ƏDV hissəsi qaytarılmışdır. Beləliklə, MMC-nin SOCAR-ın xxxxxnə 1764 (min yeddi yüz altmış dörd) manat məbləğində borc öhdəliyi yaranmışdır. Ödənilmiş avansın qalıq məbləğinin, yəni 1764 (min yeddi yüz altmış dörd) manatın Sİİ-yə geri qaytarılması ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə (qeydiyyat №: **********254433) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Müqavilənin 7-ci bəndinə əsasən: 7.1. Malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada alıcıya cərimə ödəməlidir: 7.2. ilk 4 (dörd) həftə ərzində - gecikdirilmiş malların dəyərinin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; 7.3. daha sonrakı müddətdə - gecikdirilmiş malların dəyərinin 1,5%-i (bir tam onda beş faizi) miqdarında. Belə olan halda, cavabdeh müqavilənin icrasını 37 (otuz yeddi) həftə gecikdirmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh Sİİ-yə gecikdirməyə görə 4788 (dörd min yeddi yüz səksən səkkiz) manat məbləğində cərimə ödəməlidir. Lakin Müqavilənin 7.4-cü bəndinə uyğun olaraq cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış malların dəyərinin 10%-dən (8326,08 X 10% = 832,60 (səkkiz yüz otuz iki manat altmış qəpik) manat) çox ola bilməz. Hesab edilir ki, bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcı – xxxxx üzərinə düşən öhdəliyi icra edərək, malların tədarükünə görə avans məbləği ödəmiş, lakin satıcı – Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməyərək, malları təqdim etməmiş, bununla da Sİİ-nin Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin avansın qaytarılmasını, habelə gecikdirməyə görə 832,60 manat (səkkiz yüz otuz iki manat altmış qəpik) məbləğində cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 445.2.1, 448.1, 449.1, 599.1, 599.3, 599.4-cü maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, alıcı qismində SOCAR Sosial İnkişad İdarəsi ilə satıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, TEŞ-02K/2024 nömrəli kondisionerlərin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun malları müqavilənin 3.2-ci bəndində göstərilmiş alıcının ünvanına təhvil verir, alıcı isə müqavilə əsasında malların qiymətini ödəyir; 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 18% ƏDV ilə birlikdə 8326,06 manat təşkil edir. Bu məbləğ satıcı tərəfindən təqdim edilən hər bir faktiki mala görə köçürmə yolu ilə 45-60 gün müddətində ödəniləcəkdir; 2.3-cü bəndinə əsasən müqavilənin 1 saylı əlavəsindəki malların tədarükünə görə alıcı tərəfindən öncədən satıcıya ümumi məbləğin 25% dəyərində avans ödənilir; 7.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün alıcıya cərimə ödəməlidir: ilk 4 həftə ərzində gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə gecikdirilmiş malların dəyərinin 1,5%-i miqdarında; 7.4-cü bəndinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış malların dəyərinin 10%-dən çox ola bilməz. Cərimələrin məbləği 5%-ə çatdıqda, tərəflər görüşüb 4 həftə ərzində malların təchiz şərtlərinə yenidən baxmal və yeni təchiz şərtərini razılaşdırmalıdırlar. Tərəflər həmin 4 həftə ərzində razılığa gələ bilmədikdə, alıcı 4 həftə müddət də daxil olmaqla, 7.1-ci maddədə qeyd olunan faizlərə əlavə olaraq ikiqat cərimələr tətbiq etmək və/və ya müqaviləni xitam etmək hüququnu özündə saxlayır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. TEŞ-02K/2024 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə 1 nömrəli əlavə olan qiymət razılaşma protokoluna əsasən müqavilə üzrə Cavabdeh MMC tərəfindən SOCAR Sosial İnkişad İdarəsinə təchiz edilməli olan malların ümumi dəyəri ƏDV ilə birlikdə 8326,08 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, 939 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, SOCAR xxxxx tərəfindən Cavabdeh MMC-yə 1764 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, TEŞ-02K/2024 saylı müqavilə əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10116591 saylı elektron qaiməyə əsasən kondisioner alınması üçün avans ödənişi qeyd edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 940 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, SOCAR xxxxx tərəfindən Cavabdeh MMC-yə 317,52 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, TEŞ-02K/2024 saylı müqavilə əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10116591 saylı elektron qaiməyə əsasən kondisioner alınması üçün ƏDV ödənişi qeyd edilmişdir.
9. İş materiallarına tərəflər arasında aparılmış e-mail yazışmaları əlavə edilmişdir.
10. SOCAR Sosial İnkişad İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kondisionerlərin alqısatqısı haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən spesifikasiyaya, miqdara və qiymətə uyğun malları satmağı, cavabdeh həmin malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV ilə birlikdə 8326,08 manat (səkkiz min üç yüz iyirmi altı manat səkkiz qəpik) təşkil etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə alıcı tərəfindən öncədən malların tədarükünə görə müqavilənin ümumi dəyərinin 25% (8326,08 X 25% = 2081,52 – iki min səksən bir manat əlli iki qəpik) məbləğində avans ödənişi edilmişdir. Cavabdeh tərəfindən mallar 45 gün müddətində tədarük edilməli olduğu halda, tədarük edilməmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən mallar təqdim edilməmiş və ya ödənilmiş avans məbləğ qaytarılmamışdır. Yalnız avansın 317,52 manat məbləğində ƏDV hissəsi qaytarılmışdır. Həmin hallar işdə olan sübutlarla öz təsdiqini tapır.
14. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, TEŞ- 02K/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə avans kimi ödənilmiş 1764 manatın tutulması təşkil edir.
15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni qabaqcadan ödəniş məbləğini almış cavabdehin əşyanı müəyyənləşdirilmiş müddətdə iddiaçıya vermək vəzifəsini icra etmədiyini, belə olan halda iddiaçının əşya üçün qabaqcadan ödədiyi avans məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını, cavabdehin isə həmin məbləği qaytarmaq vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1764 (min yeddi yüz altmış dörd) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. SOCAR Sosial İnkişad İdarəsi tərəfindən avans ödənişin ödənilməsi ödəniş tapşırıqları ilə təsdiq olunur. Həmin ödəniş tapşırıqlarına əsasən SOCAR Sosial İnkişad İdarəsi tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 2081,52 manat (1764 manat avans məbləği + 317,52 manat ƏDV) ödəniş edilmişdir. İddiaçı cavabdehin 317,52 manat ƏDV məbləğini geri qaytardığını qeyd etmişdir.
16. İddiaçı həmçinin cavabdehdən 832,60 manat cərimənin tutulmasını xahiş etmişdir.
17. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən pul vəsaiti iddiaçıya vaxtında qaytarılmadığından iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
18. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 90 (doxsan) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
19. Eləcə də, iddiaçı 46 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən 32,80 manat (otuz iki manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1764 (min yeddi yüz altmış dörd) manat pul vəsaiti, 90 (doxsan) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 32,80 manat (otuz iki manat səksən qəpik) olmaqla, cəmi 1886,80 manat (min səkkiz yüz səksən altı manat səksən qəpik) məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xxxxxnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova