Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6553/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, prosessual maraq, qanuni faiz və dəbbə pulunun nisbəti, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1889,1 manat ƏDV məbləği, 27560 manat əsas borc, 2756 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 662,83 manat məbləğində pulun və ödənilmiş 208 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 121/17 saylı “yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib bunun müqabilində iddiaçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi heç bir hərəkət edilməmişdir. Belə ki, cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 29560 borc məbləğinin ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Əlavə olaraq, xx.xx.2017-ci il tarixli 121/17 saylı müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1%-i əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 48387,45 manat cərimə məbləği hesablansa da, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈10%-i həcmində, yəni cəmi 2756 manat dəbbə pulu tələb edilməkdədir. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 662,83 manat pul hesablanmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmənin baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Yük daşınması müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsində əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, İcraçı Sifarişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür (1-ci hissə). Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur (2.1). İcraçı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi Sifarişi əsasında həyata keçirir (2.2). İcraçı daşıdığı yükü Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt (Əlavə № 1) tərtib olunur, Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur (2.3). İcraçı Sifarişi qəbul etdikdən sonra daşıma obyekti Bakı və Sumqayıt şəhərləri ərazisində olduqda 6 saat, digər bölgələrdə olduqda ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir (2.4). Sifarişçi sifariş olunmuş avtomobili 1 (bir) saatdan artıq gözlətdiyi təqdirdə hər gözlədilən saat üçün 10 (on) manat əlavə ödəniş etməyə borcludur (2.5). Hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə 2) müəyyən edilir (5.1). Ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifaişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir (5.2). Müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 7-cı bəndində göstərilən qaydada aparılır (5.3).
11. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlardan görünür ki, xx.xx.2024-cü il tarixli 070339 nömrəli aktla 17355 manat, xx.xx.2024-cü il tarixli 071797 nömrəli aktla 8475 manat və 1525,5 manat ƏDV, xx.xx.2024-cü il tarixli 072855 nömrəli aktla 620 manat və 111,6 manat ƏDV, xx.xx.2024-cü il tarixli 073794 nömrəli aktla 1400 manat və 252 manat ƏDV məbləğləri olmaqla ümumilikdə 1889,1 manat ƏDV daxil 29739,1 manat dəyərində xidmət təhvil alınmışdır.
12. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli EBDY 039433 seriya və nömrəli elektron qaimə 070339 nömrəli akt əsasında ƏDVsiz 17355 manat, xx.xx.2023-cü il tarixli EBDZ 805562 seriya və nömrəli elektron qaimə 070797 nömrəli akt əsasında ƏDV daxil olmaqla 10000,5 manat, xx.xx.2024-cü il tarixli EBEA 068140 seriya və nömrəli elektron qaimə 072855 nömrəli akt əsasında ƏDV daxil olmaqla 731,6 manat, xx.xx.2024-cü il tarixli EBEB 377515 seriya və nömrəli elektron qaimə 073794 nömrəli akt əsasında ƏDV daxil olmaqla 1652 manat olmaqla ümumilikdə 1889,1 manat ƏDV daxil olmaqla 29739,1 manat dəyərində xidmətlərin təqdim edilməsi üçün tərtib edilmişdir.
13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sifariş əsasında yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən adıçəkilən müqavilə üzrə 1889,1 manat ƏDV daxil olmaqla 29739,1 manat dəyərində yük daşınması xidməti göstərilmiş, qeyd edilən xidmətlər hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 070339, xx.xx.2024-cü il tarixli 071797, xx.xx.2024-cü il tarixli 072855 və xx.xx.2024-cü il tarixli 073794 nömrəli təhvil-təslim aktları ilə təhvil alınmış, xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli EBDY 039433, xx.xx.2023-cü il tarixli EBDZ 805562, xx.xx.2024-cü il tarixli EBEA 068140 və xx.xx.2024-cü il tarixli EBEB 377515 seriya və nömrəli elektron qaimələr göndərilmişdir.
14. İddiaçı yük daşınması müqaviləsi üzrə 1889,1 manat ƏDV daxil olmaqla 29449,1 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir, lakin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 12/24 nömrəli məktubla 29449,1 manat məbləğində borcu qəbul edir və maddi vəziyyəti ilə bağlı müddətin verilməsini xahiş edir.
16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
23. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.
25. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli yük daşınması müqaviləsi üzrə 1889,10 manat ƏDV məbləği daxil olmaqla 29449,1 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Yük daşınması müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
33. İddia ərizəsində iddiaçı həmçinin 2756 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
34. 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli müqavilənin 8.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1%-i əlavə hesablanacaq.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı da 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli yükdaşıma xidməti müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə göndərilməsinə və ödəniş edilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
40. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1500 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Yük daşınması müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
41. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 662,83 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir.
42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin hazırkı redaksiyası).
43. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
44. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 01 iyul 2017-ci il tarixli 121/17 nömrəli yükdaşıma xidməti müqaviləsinin 8.3-cü bəndlərindən çıxış edərək müqavilə ilə nəzərdə tutulmuş pul məbləğini tələb edir.
45. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
46. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 662,83 manat məbləğində pulun tutulması mümkün deyildir.
47. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə 662,83 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 208 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 189 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
50. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 300 manat məbləğində pul 25 saylı vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli 481/24 nömrəli müqavilə, order № 0423685).
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
56. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 178 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 iyul 2017-ci il tarixdə bağlanmış yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1889,10 manat ƏDV məbləği daxil olmaqla 29449,1 manat əsas borc, 1500 manat cərimə məbləği olmaqla ümumilikdə 30949,1 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 178 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova