Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-656/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri X3 və X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mədaxil edilən pul vəsaitinin müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin borcun qaytarılması üçün bank hesabına köçürülməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən ******* ABŞ dolları məbləğində pulun təyinatının dəyişdirilərək 01/03 saylı xx.xx.2019-cu il tarixli, 01/04 saylı, xx.xx.2019-cu il tarixli, 01/09 saylı, xx.xx.2019-cu il tarixli, 01/07 saylı, xx.xx.2019-cu il tarixli, 01/05 saylı, xx.xx.2019-cu il tarixli, 01/10 saylı xx.xx.2019-cu il tarixli, 01/08 saylı, xx.xx.2019-cu il tarixli, 01/06 saylı, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin Cəmiyyətin hesabından təsisçisi Nümayəndə1 İnsalla oğlunun borcunun qaytarılması üçün Nümayəndə1 İnsalla oğlunun bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən ******* ABŞ dolları məbləğində pulun 01/03 saylı, xx.xx.2019-cu il tarixli, 01/04 saylı, xx.xx.2019-cu il tarixli, 01/09 saylı, xx.xx.2019-cu il tarixli, 01/07 saylı, xx.xx.2019-cu il tarixli, 01/05 saylı, xx.xx.2019-cu il tarixli, 01/10 saylı, xx.xx.2019-cu il tarixli, 01/08 saylı, xx.xx.2019-cü il tarixli, 01/06 saylı, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin cəmiyyətin hesabından təsisçi Nümayəndə1 İnsalla oğlunun borcunun qaytarılması üçün Nümayəndə1 İnsalla oğlunun bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ildən taxıl məhsullarının ölkəyə idxal edilməsi üçün “xxxx” QSC-nin hesabında kifayət qədər vəsaitin olmaması ilə əlaqədar cəmiyyətin təsisçisi ilə cəmiyyət arasında 01/03 saylı, xx.xx.2019-cu il tarixli, 165150 ABŞ dolları, 01/04 saylı, xx.xx.2019-cu il tarixli, 85150 ABŞ dolları, 01/09 saylı, xx.xx.2019-cu il tarixli 190000 ABŞ dolları, 01/07 saylı, xx.xx.2019-cu il tarixli 164150 ABŞ dolları, 01/05 saylı, xx.xx.2019-cu il tarixli 100150 ABŞ dolları, 01/10 saylı, xx.xx.2019-cu il tarixli 150150 ABŞ dolları, 01/08 saylı, xx.xx.2019-cu il tarixli 100150 ABŞ dolları, 01/06 saylı, xx.xx.2019-cu il tarixli 100150 ABŞ dolları məbləğlərində ümumilikdə ******* ABŞ dolları məbləğində borc müqavilələri bağlanılmışdır. Qeyd olunmuş vəsaitlər cəmiyyətin mühasibi tərəfindən cəmiyyətin Cavabdeh QSC-nin Sumqayıt filialında olan hesabına mədaxil edilən zaman mühasib X2 texniki səhv edərək təsisçidən mədaxil və ya köçürmə üçün adı altında təyinatlarla bank hesabımıza mədaxil edilmişdir. “xxxx” QSC tərəfindən xx.xx.2020ci il tarixli, 27 saylı məktubla “xxxx” QSC-yə müraciət olunaraq tərəfimizdən texniki səhv ilə aparılmış əməliyyatların təyinatlarının dəyişdirilərək təsisçidən borc kimi qeyd olunması xahiş edilmişdir. Eyni zamanda da tərəflər arasında bağlanılmış borc müqavilələri də banka təqdim edilmişdir. Lakin, “xxxx” QSC tərəfindən 12165 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmış və bildirilmişdir ki, bank hesablarımız üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının bank tərəfindən dəyişdirilməsi mümkün deyildir. Belə ki, Cəmiyyətin təsisçiyə olan borcunun qaytarılması əməliyyatının aparılması üçün hüquqi əsaslar bank üçün yetərli olmamışdır. Yəni bank tərəfindən borc müqaviləsinin pulun cəmiyyətə mədaxil edildiyi tarixdə bağlanması sual doğurmuşdur. Bu sualın yaranmasına səbəb isə mühasibin səhvi nəticəsində mədaxil olunan vəsaitin təyintanın yalnış göstərilməsi olmuşdur. Nağdsız hesablaşma zamanı pul köçürmələri qanunvericiliyə, o cümlədən müvafiq müqavilələrə uyğun həyata keçirilməlidir. Şirkətin mühasibinin köçürülən pulun təyinatının səhv müəyyən edilməsi səbəbindən hazırda şirkətin hüquqları əsaslı şəkildə pozulur, hesaba mədaxil edilmiş məbləğdən təyinatı üzrə düzgün istifadə edilməsində çətinlik yaradır. Belə ki, köçürülən pulun əsası kimi borc müqaviləsi mövcuddur, həmin pulun təyinatı da məhz təsisçidən borc kimi qeyd edilməli idi. Lakin yol verilən texniki səhv ucbatından köçürülmüş pulun təyinatı səhv göstərilmişdir ki, bu da göstərilən pul məbləğindən qanunvericiliyə və təyinatına uyğun istifadə edilməsini mümkünsüz etmişdir. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etdiyini bildirərək izahatında göstərdi ki, bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının bank tərəfindən dəyişdirilməsi mümkün deyildir. Lakin iddanın təmin olunduğu təqdirdə qətnamənin icrası Cavabdeh QSC tərəfindən təmin olunacaqdır. Mülki iş materiallarında olan: - xx xxxx 2019-cu il tarixli, 01/03 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 165150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxx 2019-cu il tarixli, 01/04 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 85150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxx 2019-cu il tarixli, 01/05 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 100150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxx 2019-cu il tarixli, 01/06 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 100150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxxxx 2019-cu il tarixli, 01/07 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 164150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxxxx 2019-cu il tarixli, 01/08 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 100150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxxx 2019-cu il tarixli, 01/09 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 190000 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxxx 2019-cu il tarixli, 01/10 №-li borc müqaviləsindən görünür ki, Nümayəndə1 “xxxx” QSC-yə 24 ay müddətinə 150150 manat məbləğində borc verməyi, sonuncu isə həmin müddət ərzində borcu qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh QSC tərəfindən “xxxx” QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 12165 saylı məktubda qeyd olunmuşdur ki, 2019-cu il ərzində bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının dəyişdirilməsi mümkün deyildir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasa da, qanuna zidd olduğuna görə qəbul edilə bilməz. İddia tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 972.1, 974.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 972.1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir; - 974.1-ci maddəsinə əsasən ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Maliyyə bazarlarına nəzarət orqanı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. Qeyd olunan normaların məzmunundan görünür ki, həmin normalarda köçürülmüş pul vəsaitinin təynatının dəyişdirilərək borc kimi qeydə alınması və yenidən borc verənin hesabına köçürülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır və bu hesablaşmalar ilə bağlı ümumi normalardır. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, həmin qəbzlərin 3-də (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli qəbzlər) “təsisçidən mədaxil”, digər 5 qəbzdə isə (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019cu il tarixli qəbzlər) “köçürmə üçün” qeydi aparılmışdır. İddia ərizəsinin faktiki əsası olaraq mühasibin səhvi nəticəsində təsisçidən mədaxil və ya köçürmə üçün adı altında təyinatlarla bank hesabımıza mədaxil edildiyinə istinad edilsə də, bu xüsusatı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan qəbzlərdə mədaxilin təyinatında əməliyyatın konkret borc verilməsi ilə bağlı olması barədə hər hansı bir qeyd aparılmamışdır. Cavabdeh QSC tərəfindən “xxxx” QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 12165 saylı məktubda imtinanın əsaslarından biri kimi borc müqavilələrinin təqdim olunmamasına istinad edilmişdir. Lakin “xxxx” QSC imtina məktubunu aldıqdan sonra da həmin müqavilələri banka təqdim etməmiş, üzərindən bir neçə ay keçdikdən sonra – xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərkən həmin müqavilələri iddianın əsaslılığını təsdiq edən sübut olaraq iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Həmin müqavilələrin hüquqi şəxslə təsisçisi arasında bağlanmaqla həm borc alan hüquqi şəxsin rəhbəri, həm də borc verən fiziki şəxs olaraq eyni şəxs - Nümayəndə1 tərəfindən imzalanmasını, kargüzarlıq qaydalarına uyğun olaraq müqavilələrin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabının təqdim olunmamasını, nağdsız əməliyyatlar üzrə hesablardan pul vəsaitinin çıxarılmasında hazırkı vəziyyətdə limit tətbiq olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələrin həmin vaxt deyil, sonradan, qəbzlərə uyğun tarixlərə müvafiq olaraq tərtib olunması imkanı da istisna edilmir və buna görə də həmin müqavilələr iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mədaxil edilən pul vəsaitinin müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin borcun qaytarılması üçün bank hesabına köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-656/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-656/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver