Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6570/2022 30.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc üzrə 7788 (yeddi min yeddi yüz səksən səkkiz) manat, 300 (üç yüz) manat penya, habelə ödənilmiş mediasiya xərcinə görə 100 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat olmaqla, ümumilikdə 8688 (səkkiz min altı yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan "xxxx" MMC ilə Azərbaycan Respublikası hüquqi şəxsi olan Cavabdeh MMC arasında 28 fevral 2019-cu il tarixli, xx-xx/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı bu müqavilədə göstərilən məhsullarını alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməsini öhdəsinə götürür. Müqavilə şərtlərinə əsasən mallar satılmış və mallar müqavilə şərtlərinə əsasən satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. 28 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 996721 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 7788 manat təşkil edən Petronas SYNTİUM 3000E, 5W40 200 LT, Petronas SYNTİUM 5000XS, 5W30 200 LT və Petronas SYNTİUM 800 EU, 10W40 200 LT adlı mallar cavabdehə satılmışdır. Satılmış malların dəyərindən vəsait ödənilməmişdir. Tərəflər arasında təsdiq olunmuş 01 iyul 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından da görünür ki, cavabdehin qeyd edilən tarixə iddiaçıya 7788 (yeddi min yeddi yüz səksən səkkiz) manat borcu qalmışdır. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 25 sentyabr 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə 7788 manat məbləğində əsas borcu qəbul edir. Pandemiya zamanı müəssisə işləmədiyindən borcu qaytara bilməmişlər. Hal-hazırda müəssisə fəaliyyətini dayandırmışdır. 2023-cü ilin mart ayından yenidən fəaliyyətə başlayacaqlar və əsas borc məbləğini də hiss-hissə qaytaracaqlar. Cərimə məbləği, mediasiya xərci və vəkilə ödənilmiş xərci qəbul etmir. Çünki iddiaçının hüquqşünası olduğu təqdirdə vəkillə müqavilə bağlamış və həmin müqavilə üzrə xərcin cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda mediasiyada iştirak etməmişdir. İşğaldan azad olunmuş ərazilərdə çalışdığı üçün telefon nömrəsinə zəng çatmır və ünvanına göndərilən məktublardan məlumatlı deyildir. Odur ki, 7788 manat məbləğində iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 28 fevral 2019-cu il tarixli, xx-xx/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən müxtəlif növ malların adı, markası, növü, çeşidi, qiyməti və s. göstərilməklə sifarişlər əsasında alıcıya satılması, alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər bir sifariş üzrə malların dəyəri razılaşma protokoluna əsasən müəyyən edilir və bu müqaviləyə uyğun olaraq (elektron qaimə faktura, hesab-faktura və s.) rəsmiləşdirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hər bir sifariş üzrə alınmış malların ödənişi mallar alıcının müəyyənləşdirdiyi yerdə təhvil verildikdən və tərəflər arasında malın qəbul edilməsinə dair Təhvil-Qəbul aktı imzalandıqdan sonra 20 (iyirmi) gün müddətində bank köçürməsi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı malı alıcının müəyyənləşdirdiyi yerdə təhvil verməli və tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair tərəflər arasında Təhvil- Qəbul aktı imzalamalıdır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə malı alıcıya təhvil vermədikdə, hər gecikdirilmiş gün üçün malın dəyərinin 0,01 faiz dəyərində cəriməni, zərər və ziyanı alıcıya ödəməlidir. Alıcı cərimə məbləğini və digər xərcləri satıcıya ödənilməli olacaq məbləğ hesabına təmin edə bilər. - xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 996721 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7788 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı bocların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC-nin hazırkı vaxta İddiaçı MMC-yə ödənilməmiş 7788 manat (ƏDV daxil) borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 25 sentyabr 2022-ci il tarixli, P-01\2022 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş qarşılıqlı bocların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 7788 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 7788 (yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 300 (üç yüz) manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. Tərəflər arasında bağlanmış 28 fevral 2019-cu il tarixli, xx-xx/2019 nömrəli alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə malı alıcıya təhvil vermədikdə, hər gecikdirilmiş gün üçün malın dəyərinin 0,01 faiz dəyərində cəriməni, zərər və ziyanı alıcıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 150 (yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğin və 100 (yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalırını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 300 (üç yüz) manat və mediasiyaya görə 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7788 (yeddi min yeddi yüz səksən səkkiz) manat əsas borc, 150 (yüz əlli) manat cərimə borcu, 50 (əlli) manat mediasiya xərci və 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 8288 (səkkiz min iki yüz səksən səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6570/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6570/2022
30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver