Məhkəmə qərarları › İş №e-2-2(113)-6598/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6598/2023

13.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6598/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi? Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslərin, ümumilikdə 30580,06 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA0600997) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,92 manat,"xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2,17 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2081,14 manat, İşsizlikdən sığorta fonduna 82,66 manat, dövlət büdcəsinə 28069,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 21604,82 manat, faizlər üzrə 6464,22 manat) , İcbari Tibbi Sığorta Fonduna 341,13 manat olmaqla, ümumilikdə 30580,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********835900, xx.xx.2019-cu il tarixli **********117300, xx.xx.2023-cü il tarixli **********479900, xx.xx.2023-cü il tarixli **********484100, xx.xx.2023-cü il tarixli **********669800, xx.xx.2023-cü il tarixli **********664800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdi.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəməyə izahatında ərizəni qəbul etmədiklərini, maraqlı şəxsin "SGS GROUP” MMCnin direktoru deyil, 33,3 payla təsisçilərindən biri olduğunu, həmin şirkətin direktorunun başqa şəxs olduğunu, digər iki hüquqi şəxsin müvafiq fondlara lap cüzi borclarının olduğunu və yaranmış borcunun ödəniləcəyini bildirdi və ərizənin rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Tətbiq edilən hüquq:

5. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İşsizlikdən Sığorta Fonduna 3,92 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 2,17 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 2081,14 manat, İşsizlikdən Sığorta Fonduna 82,66 manat, dövlət büdcəsinə 28069,04 manat, İcbari Tibbi Sığorta Fonduna 341,13 manat olmaqla, ümumilikdə 30580,06 manat borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə qeyd edir ki, e-taxes.gov.az saytından əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri X1r.

10. İş materiallarına əlavə olunmuş, çap tarixi xx.xx.2023-cü il tarixə olan "xxxx" MMC, "TEKTECH GROUP” MMC və "SGS GROUP MMC-nin şəxsi hesab vərəqələrindən görünür ki, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 3,92 manat, "TEKTECH GROUP” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 2,17 manat, "SGS GROUP” MMC-nin isə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 30.573,97 manat borcu vardır.

11. Göründüyü kimi, "xxxx"xxxx"TEKTECH GROUP” MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs borcu ümumilikdə 6,09 manatdır.

12. Məhkəmə qeyd edir ki, borcun ödənilməsinin təmin edilməsi üçün tətbiq edilən tədbirlə tələb edilən borc arasında mütənasiblik olmalıdır. 6,09 manat borca görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması, onun hüquqlarının əsassız məhdudlaşmasına səbəb olacağından ərizə təmin edilə bilməz.

13. Bundan başqa, məhkəmə qeyd edir ki, "SGS GROUP” MMC-nin ümumilikdə, 30.573,97 manat borcu olsa da, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin hüquqi şəxsin icra orqanının rəhbəri hazırkı iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs deyil, X1r.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

15. Qeyd olunan normanın tələbindən görünür ki, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.

16. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yoxdur.

17. Bundan başqa məhkəmə qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

21. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

V. Nəticə:

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar