Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-660/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli müqavilə üzrə yaranmış 9813 manat gecikdirilmiş borcu və hesablanmış 4582,53 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 15095,53 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 4582,53 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli müqavilə üzrə yaranmış 9813 manat gecikdirilmiş borcu və hesablanmış 4582,53 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS.MT.030.2023-02442 saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinə dair sübutlar- müqavilə, təhvil təslim aktı, maliyyə arayışı, ödəniş tapşırığı və digər sənədlər məhkəməyə elektron qaydada təqdim edilmişdir. İş materiallarındakı sənədlər iddia tələbinin tam sübuta yetirir. Elektron kabinetdə sənədlər bölməsindən də görünür ki, cavabdeh tərəfindən iddiaya dair hər hansı etiraz və dəlillər təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mediasiyaya çağırılanadək əsas borcu ödəmişdir. O, 16 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində olmuş, agentliyə texnikaların özəlləşdirilməsi ilə bağlı müraciət etmişdir. Bir müddət keçdikdən sonra Agentlik tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılması barədə məktubu almış, lakin bu vaxtadək əsas borcun ödənildiyi barədə qarşı tərəfin məlumatı olmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən mediasiya, vəkil xərci və hesablanmış faiz borcunun silinməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 911-GL/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 21293 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
8. Xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən xx.xx.2018-ci il tarixli “911-GL/18” nömrəli lizinq müqaviləsinin (Əlavə № 2) ödəniş qrafikindən məlum olur ki, xx.xx.2023-cü il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır.
9. "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə 18 iyul 2014-cü il tarixli aktdan məlum olur ki, “Traktor Belarus-892” markalı və “Kotan 4 gövdəli AG-14-4” markalı texnikalar Cavabdeh təhvil verilmişdir.
10. xx.xx.2018-ci il tarixli 367/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 9 iyul 2014-cü il tarixli 962-L/14 və 1556ü/ xx.xx.2014 nömrəli müqaviləsinə xitam verilsin və əmr qüvvədən düşmüş hesab edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.
11. xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli 911-GL/18 №-li müqavilə üzrə Cavabdeh 9813 manat gecikdirilmiş borcu, 4582,53 manat hesablanmış cəriməsi mövcuddur.
12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 10 oktyabr 2023-cü il tarixli 3-22-2-/2-İ- 16-1125/2023 saylı pretenziya məktubunda, xx.xx.2018-ci il tarixli 911-GL/18 №-li müqavilə üzrə 9813 manat gecikdirilmiş borc, 4582,53 manat hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
13. Məhəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 1687 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 2500 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 4826 manat Cavabdeh tərəfindən “911- GL/18_8 k/t texnikalarının lizinq ödənişi” təyinatı üzrə ödənilmişdir.
14. 000İPX123352062B saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, 500 manat Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
15. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 911-GL/18 nömrəli lizinq müqaviləsi imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və belə halda cərimə ödənilməsi ilə razılaşmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən cərimə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
19. İddiaçı tələbində tərəflər arasında müqaviləyə uyğun olaraq 4582,53 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Tərəflər arasında imzalanmış 911-GL/18 saylı xx.xx.2018-ci il tarixli müqavilənin 4.2-ci bəndində razılaşdırılmışdır ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 100 manat müəyyən olunmalıdır.
19. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119 və 121-ci maddələrinə əsasən hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 911-GL/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 100 (yüz) manat cərimə məbləği, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, mediasiya xərci olaraq 200 (iki yüz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov