Məhkəmə qərarları › İş №e-2-2(113)-6609/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6609/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6609/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəlinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə təhvil verilmiş mallara görə formalaşmış ƏDV daxil 10248 (on min iki yüz qırx səkkiz) manat 30 (otuz) qəpik əsas borcun, 1000 (bir min) manat cərimənin və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqaviləyə əsasən İddiaçı MMC hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında göstərilən avadanlıq (mal adlanacaq) ilə təmin etməyi, quraşdırma və sazlama işlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə həmin malların dəyərini akt tərtib olunduğu gündən 5 iş günü müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarına, eləcə də təhvil-təslim aktlarına əsasən sifariş olunmuş mallar təhvil verilməsinə və bunun üzərindən 5 aydan çox müddətin keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən ödəniş həyata keçirilməmişdir. Qeyd edilməsi zəruridir ki,Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi bizim qanunla qorunan hüquqlarımızın kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, sahibkarlıq subyekti olaraq xeyli miqdarda maliyyə itkisinə məruz qalmağımıza səbəb olur. Cavabdeh MMC-nin hal-hazırda İddiaçı MMC-yə olan borcu ƏDV daxil 10248 (on min iki yüz qırx səkkiz) manat 30 (otuz) qəpik təşkil edir. İddiaçı tərəfindən hazırki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə həm rəsmi poçt vasitəsi, həm də elektron kabinet vasitəsi ilə Pretenziya məktubu göndərilmiş lakin, cavabdeh müəssisə hər hansı münasibət bildirməmişdir. Cavabdeh MMC-yə mallar təhvil-qəbul aktı və e-qaimə əsasında təhvil verilmişdir. Akt Cavabdeh MMC-nin direktoru tərəfindən imzası və möhürü ilə təsdiq edilmişdir. E-qaimə isə Cavabdeh MMC tərəfindən elektron sistem üzərindən təsdiq edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, yuxarıda istinad olunan müqavilənin 5.1-ci bəndinin tələbinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müüdətində qüvvədə olacaqdır. 5.2-ci bəndin tələbinə görə isə müqavilənin bitməsinə 1 ay qalmış tərəflərdən heç biri ona xitam vermək barədə digər tərəfi yazılı məlumatlandırmazsa, müqavilənin müddəti eyni eyni şərtlərlə növbəti illərə uzadılır. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış müqavilənin 7.4-cü bəndin tələbinə görə ödəniş gecikdirilməsi halı üzrə hər gecikdirilmiş gün üçün 0,1 % cərimə tətbiq edilir, lakin cərimə məbləği ümumi borcun 10%-dən artıq olmamalıdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə verib məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqaviləyə əsasən müqavilənin predmeti icraçının sifarişçini hazırki müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokollarında göstərilən avadanlıq ilə təmin etməkdən və quraşdırma və sazlama işlərini göstərməkdən ibarətdir.

8. Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə sifarişçi və ya icraçı öz öhdəliklərini icra etməsələr və ya lazımı qaydada icra etməsələr, qarşı tərəf digərinə yazılı bildiriş göndərməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

9. Müqavilənin 7.4-cü maddəsinə görə bu müqavilə üzrə sifarişçi tərəfindən icraçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə hər gecikdirilən gün üçün bu müqavilənin 0,1% həcmində cərimə ödəyir. Lakin məbləğ müqavilənin ümumi dəyərinin 10%-ni keçməməlidir.

10. xx.xx.2024-cü il tarixli, 003 nömrəli qiymət razılaşdırılması protokoluna əsasən, xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilə üzrə görüləcək işlərin (mal) dəyəri 10248,30 manat razılaşdırılmışdır.

11. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 003 nömrəli təhvil-təslim aktına görə 10248,30 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEA 069232 nömrəli 10248,30 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların və görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 10248,30 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilənin 7.4-cü bəndinə əsasən hesablanmış 1000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə iddia tələbini xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab edir.

34. Belə ki, sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə sifarişçi və ya icraçı öz öhdəliklərini icra etməsələr və ya lazımı qaydada icra etməsələr, qarşı tərəf digərinə yazılı bildiriş göndərməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

35. Materiallardan görünür ki, iddiaçı cavabdehə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir (i.v.22-24).

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

37. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

38. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

39. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini icra etmədiyi, iddiaçıdan satın alınmış malların dəyərini ödəmədiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilə ləğv edilməlidir.

40. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilə ləğv edilməli, cavabdehdən 10248,30 manat məbləğində əsas borc, 500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 24 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/007 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 10248,30 manat əsas borc, 500 manat dəbbə pulu, 100 manat dövlət rüsumu, ümumilikdə 10848,30 (on min səkkiz yüz qırx səkkiz manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 24 (iyirmi dörd manat) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar