Məhkəmə qərarları › İş №e-2-2(113)-661/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-661/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-661/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə ödənilməli olan 6112.80 manat ƏDV ödənişinin, 864.61 manat büdcəyə ƏDV borcunun (faiz) və 30 manat dövlət rüsumunun, cəmi 7007.41 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 23.10.2019-cu il tarixli 2/19 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqavilə münasibətlərində o, satıcı, Cavabdeh isə alıcı olaraq iştirak etmişdir. Müqavilənin 1.1-ci maddəsinə görə “alıcı” alınacaq malları sifariş verib, “satıcı”ya razılaşdırılmış məbləği ödəməyi, “satıcı” isə “alıcı”nın müəyyən etdiyi qaydada malları satmağı öhdəsinə götürmüşdür. Müqavilənin predmeti qismində çıxış edən mallar isə 24.10.2019-cu il tarixli ABAB seriyalı 615277 №-li elektron qaimədə göstərilmiş 10 (on) adda mallar təşkil edir. Müqavilənin 4.1-ci maddəsinin mənasına əsasən, bu müqavilə üzrə vergi daxil olmaqla satış məbləği müqaviləyə edilmiş əlavələrlə müəyyən ediləcəkdir. Elektron qaimədən də göründüyü kimi müqavilə üzrə qiymət 40072.80 manat ( 6112.80 manat ƏDV daxil olmaqla) təşkil edir və tərəflər bu barədə razılıqlarını elektron qaydada ifadə ediblər. Alıcı - Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməyərək bu günədək 6112.80 manat ƏDV məbləği ödəməmişdir. Müqavilə üzrə 33960.00 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda cavabdeh tərəfindən ƏDV ödənişi vaxtında ödənilmədiyinə görə, hələ də gecikdirildiyinə görə büdcəyə ƏDV borcu (faiz) 864.61 manat yaranmışdır. Bununla cavabdehin öhdəliyinin vaxtında icra etməməsinə görə ona maddi ziyan dəymişdir. AR MPM-nin 152.2.6-ci maddəsinin tələblərinə uyğun olaraq, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi məqsədilə cavabdehə müqavilə öhdəliyinin icra edilməsi məqsədilə 17.06.2020-ci il tarixli xəbərdarlıq xarakteri daşıyan məktub-pretenziya göndərilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin icrası ilə bağlı hər hansı bir müsbət addım atılmamışdır. Qeyd edilən mübahisə üzrə sadələşdirilmiş icraat qaydasında Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sözügedən məhkəmənin e-2-2(113)-2698/2020-ci il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmişdir. İddiaçı ərizə verərək Cavabdehndən müqavilə üzrə ödənilməli olan 6112.80 manat ƏDV ödənişinin, 1031.01 manat büdcəyə ƏDV borcunun (faiz), 100 manat maliyyə sanksiyasının və 30 manat dövlət rüsumunun, cəmi 7 273,81 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdehndən müqavilə üzrə ödənilməli olan 6112.80 manat ƏDV ödənişinin və 30 manat dövlət rüsumunun, cəmi 6112,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddia tələbini sübut edəcək heç bir sübut əlavə etmədiyini, təqdim edilmiş 1 nömrəli hesab fakturanın Vergi Xidmətində təsdiq edilmədiyini, orada göstərilən malların haradan alınması, alınan zaman ƏDV ödənilibödənilməməsi barədə, eyni zamanda həmin malların keyfiyyətli olması barədə sənəd əlavə edilmədiyini bildirmişdir. 40072.80 manat dəyərində olan mərmər və tikinti materiallarından 15000 manat dəyərində materialı şirkətə təhvil verməmiş, 6000 manat dəyərində mərmərlər zay aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” olan Cavabdeh kimi qeyd edilmiş 23.10.2019-cu il tarixli 2/19 nömrəli alqı-satqı müqaviləsində “alıcı” alınacaq malları sifariş verib “satıcı”ya razılaşdırılmış məbləği ödəməyi , “satıcı” isə “alıcı”nın müəyyən etdiyi qaydada malları satmağı öhdəsinə götürməsi qeyd edilmişdir. İş materiallarında olan 24.10.2019-cu il tarixli 615277 nömrəli EBAB seriyalı elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə müqaviləyə əsasən (33960 manat, əlavə ƏDV 6112,80 manat) 40072 manat məbləğin ödənilməsi barədə elektron qaimə təqdim edilmiş, həmin qaimə təsdiqlənmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 25.10.2019-cu il tarixdə İddiaçı hesabına müqaviləyə əsasən 33960 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən 33960 manat məbləğində malın satılması və 6112,80 manat ƏDV daxil olmaqla 40072,80 manat məbləğində pulun ödənilməsi ilə bağlı cavabdehə elektron qaimə göndərilmiş, bu qaimə ləğv edilməmiş təsdiqlənmişdir. Eyni zamanda cavabdeh tərəfindən e-qaimədə qeyd edilən malların dəyəri cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə isə birtərəfli qaydada yalnız iddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh tərəflər arasında alqı-satqının olmasını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən e-qaimədə nəzərdə tutulan malların dəyərinin ödənilməsi, qaimənin ləğv edilməməsi, müqaviləni və e-qaimədə nəzərdə tutulan vəsaiti təsdiqləmə kimi qiymətləndirilməli, bu səbəblə də iddiaçı yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6112.80 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6112.80 (altı min yüz on iki manat səksən qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar