Məhkəmə qərarları › İş №e-2-2(113)-661/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-661/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-661/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən iddiaçının xeyrinə 22745,97 manat və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ofis avadanlıqları satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh MMC yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 22745.97 manat məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş və tərəflərin təmsilçiləri tərəfindən imzalanmış elektron qaimə və qiymət razılaşma protokolundan görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə borcu 22745,97 manat təşkil edir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi keçirilmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hazırda Cavabdeh MMC "xxxx" MMC-yə olan 22745,97 manat borcunu ödəməkdən imtina edir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi Nümayəndə iddianın məzununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb olunan 22745,97 manat ƏDV daxil məbləğdir və həqiqətən də tələb olunan məbləğdən cavabdeh tərəfindən 2884,34 manat ödəniş olunmuşdur.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndələrini iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş şərtləri müqaviləyə edilmiş əlavədə göstəriləcək malların ölkəyə idxal edilməsi zamanı alıcı öz anarında malları təhvil alır. Mallar təhvl alındığı an satıcı alıcını elektron qaimə və təhvil-qəbul aktı ilə, daha sonra 5 iş günü ərzində elektron vergi hesab fakturası ilə təmin etməlidir.

10. Müqavlənin 1.2-ci bəndinə əsasən malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcıya mallar və xidmət təhvil verilmədən öncə satıcının bank hesabına köçürmə yolu ilə Azərbaycan manatı ilə həyata keçirilir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı mala aid bütün sənədəri alıcıya çatdırılma zamanı təqdim etməlidir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır:

13. Müqavilənin 3.2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun, malı elektron qaimə və təhvil-təslim aktı əsasında satıcıdan qəbul etmək;

14. Müqavilənin 3.2.2-ci bəndinə əsasən müqavilə üzrə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini müqavilədə və əlavədə müəyyən edilmiş müddətdə və məbləğdə satıcıya ödəmək.

15. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır:

16. Müqavilənin 3.3.1-ci bəndinə əsasən müqavilə üzrə alınması nəzərdə tutulan malın razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək;

17. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcının aşağıdakə vəzifələri vardır:

18. Müqavilənin 3.4.1-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq malı vaxtında alıcıya çatdıraraq onları elektron qaimə və təhvil-təslim aktı əsasında təhvil vermək, keyfiyyətinə zəmanət vermək;

19. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludurlar.

20. 05.04.2022-ci il tarixli, EBBT 955664 saylı e-qaiməyə və qiymət razılaşması protokoluna əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə 4000,20 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBX565108 saylı e-qaiməyə və qiymət razılaşması protokoluna əsasən 1155,99 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBCK905359 saylı e-qaiməyə (e-qaimə xx.xx.2022-ci il tarixdə sistem üzərindən cavabdeh tərəfindən təsdiqlənmişdir.) və qiymət razılaşması protokoluna əsasən 21589,99 manat dəyərində mallar təqdim edilmiş və e-qaimələr və prokollar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən EBBX565108 saylı e-qaimə üzrə tam və EBCK905359 e-qaimə üzrə yarısı olmaqla 2884,34 manat məbləğində iddiaçının hesabına ƏDV ödənişi həyata keçirilmişdir.

22. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

24. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 22745,97 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməli olduğu halda ödənişləri tam həyata keçiməmiş və müqavilə üzrə borcu yaranmışdır.

25. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış qiymətlərin razılaşma prokoluna əsasən mallar təhvil verildikdən və faktura təqdim edildikdən sonra 03 iş günü müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.

28. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 19861,63 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 22745,97 manat borcun tutulması ilə bağlı hissədə qismən əsaslıdır və ödənilməmiş 19861,63 manat borcun Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməlidir. (Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməsə də, məhkəmə iclaslarından məlumatlı olmuş və xx.xx.2024-cü il tarixində EMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən 2884,34 manat ƏDV ödənişi edilsə də, iddiaçı tərəfindən həmin məbləğ nəzərə alınmamışdır. Beləliklə, həmin 2884,34 manatın iddiaçı tərəfindən nəzərə alınmamasına etiraz etmiş, yerdə qalan məbləğə dair etiraz bildirilməmişdir).

33. Məhkəmə iddia tələbində cavabdehdən tutulmalı olan borc məbləğinin təmin edilməyən hissəsi ilə bağlı qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən EBBX565108 saylı eqaimə üzrə tam və EBCK905359 e-qaimə üzrə yarısı olmaqla 2884,34 manat məbləğində iddiaçının hesabına ƏDV ödənişi həyata keçirildiyi müəyyən edildiyindən, 22745,97 manat borc məbləğindən 2884,34 manat həddində pul məbləğinin tutulmaması ilə bağlı olmuş nəticə qanuni və əsaslıdır.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və 19861,63 manat borc məbləğinə münasibətdə (dövlət rüsumun hesablanması kalkülyatorun göstəriciləri nəzərə alınmaqla) iş üzrə 150 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 19.861,63 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 150 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar