Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6615/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, səs yazılarının sübut kimi qəbuledilənliyi, öhdəliyin verilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7055,81 manat əsas borc, xx.xx.2023-cü il tarixdən qətnamə icra edilənədək illik 5 faizlə hesablanmaqla gecikdirmə faizinin və ödənilmiş 95,55 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-cü il tarixli B/22 saylı alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin tərkib hissəsi hesab edilən əlavələrində (hesab, faktura, qaim qiymət razılaşma protokolları və.s) göstərilən çeşiddə, miqdarda və və təsvir olunan texniki göstəricilərə malik müxtəlif çeşidli avtomobil təkərləri və akkumulyatorları yararlı halda mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları təhvil alıb dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan (hesab, faktura, qaimə, qiymət razılaşma protokolları və s.) müəyyən olunmuş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2. xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBBX seriyalı 059108 nömrəli elekron qaimə-fakturaya əsasən 3390,40 manat, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBBX seriyalı 495576 nömrəli elekron qaimə-fakturaya əsasən 450 manat, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBCC seriyalı 123229 nömrəli elekron qaimə-fakturaya əsasən 112 manat, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBCE seriyalı 226143 nömrəli elekron qaimə-fakturaya əsasən 600 manat, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBCE seriyalı 491166 nömrəli elekron qaimə-fakturaya əsasən 2163,20 manat, xx.xx.2022-ci tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBCG seriyalı 636704 nömrəli elekron qaimə-fakturaya əsasən 418,88 manat, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu və xx.xx.2022-ci il tarixli EBCG seriyalı 721448 nömrəli elekron qaimə-fakturaya əsasən 950,40 manat və xx.xx.2022-ci il tarixli EBCE seriyalı 322951 nömrəli elekron qaimə-fakturaya əsasən 320 manat, ümumilkdə 8404,88 manat dəyərində müxtəlif növ mal satılmışdır. 2.3. Cavabdeh ilə xx.xx.2023-ci il tarixinə təsdiq edilmiş üzləşmə aktına əsasən sözügedən müqavilə üzrə 7055,81 manat borc yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi və e-məhkəmə sistemi ilə göndərilmiş pretenziya nəticəsiz qalmışdır. 2.4. Bununla yanaşı, verilmiş pul məbləği cavabdeh tərəfindən qanunsuz olaraq saxlanıldığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilən müddət üzrə (xx.xx.2023-ci il tarixdən pulun ödəniləcəyi günə qədər) illik 5% hesablanmaqla cavabdehdən iddiaçının xeyrimə pulun gecikdirilməsinə görə faiz tutulmalıdır. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkil Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Bu səbəbdən iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.7, 567-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6615/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası “xx.xx.2023-cü il tarixdən qətnamə icra edilənədək illik 5 faizlə hesablanmaqla gecikdirmə faizinin tutulması” hissəsində baxılmamış saxlanılmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, cavabdeh malları iddiaçıdan alır və mağazasında ayrı-ayrı şəxslərə satırdı. 2022-ci il sentyabr-oktyabr tarixlərində mağazasını xalası oğluna təhvil vermiş, bu zaman iddiaçıya 7055 manat borcu olmuşdur. Belə ki, ayrı-ayrı şəxslərə 4000 manat məbləğində mal satmış, lakin sonuncular pulu cavabdehə ödəmədiyindən, o da iddiaçıya ödəniş edə bilməmişdir. Eyni zamanda mağazada 3000 manat dəyərində mal olmuşdur. Mağazanın təhvil verilməsi zamanı cavabdeh həmin malların qaytarılmasını iddiaçıdan xahiş etsə də, xalası oğlu və iddiaçı arasında razılıq olduğundan mallar qaytarılmamışdır.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, o, xx.xx.2021-cü il tarixli B/22 saylı alqı-satqı müqaviləsinə və qiymətlərin razılaşdırma protokollarına imza etsə də, xx.xx.2023-cü il tarixli üzləşmə aktından məlumatı yoxdur və ona imza etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış B/22 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumlyatorları “Alıcı”ya satmağı, “Alıcı” isə aşağıdakı şərtlər daxilində malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür (1.1). “Satıcı” malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, hesab və elektron qaimə-faktura ilə birlikdə “Alıcı”ya təhvil verməlidir (2.1). “Satıcı” satdığı mallara fabrik xətalarına qarşı 1 il qarantiya verir (2.2). “Alıcı” bu Müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini elektron qaimə-faktura təqdim edildikdən sonra 3 iş günü ərzində ödəməlidir (3.1). Müqavilə üzrə “Alıcı” alınmış malların dəyərini nağd və yaxud “Satıcı”nın bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür (4.1).
13. Həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşdırma protokollarından görünür ki, xx.xx.2022-ci il tarixli 004138 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 3390,4 manat, xx.xx.2022-ci il tarixli 004362 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 450 manat, xx.xx.2022ci il tarixli 006936 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 112 manat, xx.xx.2022-ci il tarixli 008116 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 600 manat, xx.xx.2022-ci il tarixli 008137 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 320 manat, xx.xx.2022-ci il tarixli 008243 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 2163,2 manat, xx.xx.2022-ci il tarixli 008632 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 418,88 manat, xx.xx.2022-ci il tarixli 008698 nömrəli əlavə ilə ƏDV daxil olmaqla 950,4 manat dəyərində malların adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır.
14. Məhkəməyə təqdim edilən elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixli EBBX 059108 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3390,4 manat, xx.xx.2022-ci il tarixli EBBX 495576 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 450 manat, xx.xx.2022-ci il tarixli EBCC 123229 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 112 manat, xx.xx.2022-ci il tarixli EBCE 226143 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 600 manat, xx.xx.2022-ci il tarixli EBCE 322951 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 320 manat, xx.xx.2022-ci il tarixli EBCE 491166 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2163,2 manat, xx.xx.2022-ci il tarixli EBCG 636704 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 418,88 manat, xx.xx.2022-ci il tarixli EBCG 721448 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 950,4 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 8404,88 dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli B/22 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumlyatorları cavabdehə satmağı, cavabdeh isə malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşdırma protokolları ilə ümumilikdə 8404,88 manat dəyərində malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmış, xx.xx.2022-ci il tarixli EBBX 059108, xx.xx.2022-ci il tarixli EBBX 495576, xx.xx.2022-ci il tarixli EBCC 123229, xx.xx.2022-ci il tarixli EBCE 226143, xx.xx.2022-ci il tarixli EBCE 322951, xx.xx.2022-ci il tarixli EBCE 491166, xx.xx.2022-ci il tarixli EBCG 636704 və xx.xx.2022-ci il tarixli EBCG 721448 seriya və nömrəli elektron qaimələr əsasında cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 8404,88 manat dəyərində mal təqdim edilmişdir.
16. İddiaçı xx.xx.2021-ci il tarixli B/22 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 7055,81 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
17. Cavabdeh iddiaya etiraz edərək, iddiaçını ilə xalası oğlunun razılaşdığını və malların dəyərini sonuncunun ödəməli olduğunu bildirir.
18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Məhkəmə cavabdehin etirazlarına münasibətdə göstərir ki, mülki qanunvericilikdə öhdəlikdə şəxslərin dəyişməsi imkanı – tələbin güzəşti və öhdəliyin verilməsi institutu tənzimlənmişdir. Hazırkı halda isə cavabdeh öhdəliyin xalası oğluna verildiyinə, başqa sözlə borcun köçürüldüyünə istinad edir.
24. Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
25. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
26. Göründüyü kimi, öhdəliyin verilməsi üçün ya (1) kreditor və yeni borclu arasında müqavilə ya da (2) əvvəlki borclu və yeni borclu arasında razılaşma və kreditorun icazəsi tələb olunur. Lakin cavabdeh iddiaçı ilə yeni borclu – xalası oğlu arasında belə bir müqavilənin olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
27. Bundan başqa, Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddələrinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
28. Məhkəməyə təqdim edilən səs və video görüntüdə əks olunan yazılar cavabdeh ilə işdə iştirak etməyən şəxs arasında aparıldığından, həmin şəxsin kimliyi dəqiq müəyyən olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Hətta mötəbər sübut qismində qəbul olunsa idi belə, həmin səs və yazıların məzmunu cavabdehin etirazının əsasını təşkil edən halları təsdiq edən sübut qismində çıxış edə bilməz. Belə ki, qeyd olunan yazılarda cavabdehdən pulun ödənilməsi tələb olunur, cavabdeh isə bu tələbi mübahisələndirir.
29. Beləliklə, məhkəmə cavabdehin etirazlarını əsassız hesab edir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2021-ci il tarixli B/22 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 7055,81 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eyni zamanda ödənilmiş 95,55 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 95,55 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2024-cü il tarixli 139 saylı müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 500 manat məbləğində pul Bakı şəhəri 32 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
44. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 400 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (7055,81 manat) uyğun ödənilməli dövlət rüsumu 91 manat təşkil edir.
48. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7055,81 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova