Məhkəmə qərarları › İş №e-2-2(113)-6622/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6622/2024

09.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6622/2024 09.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X2” X4 (bundan sonra “X2” PHŞ) dövlət büdcəsinə olan 143 490,92 manat, “Bakı Şəhər Təcili və X1 Stansiyası” X4 (bundan sonra “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ) Dövlət Sosial Müdafiə Fonduna olan 0,08 manat, İşsizlikdən Sığorta Fonduna olan 1,12 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “X2” PHŞ-nin (VÖEN: **********) dövlət büdcəsinə 143 490,92 manat məbləğində (o cümlədən vergilər üzrə 111100,56 manat, faizlər üzrə 32270,36 manat, maliyyə sanksiyası üzrə 120 manat), “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 1,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,08 manat olmaqla ümumilikdə 143 492,12 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********214500, xx.xx.2024-cü il tarixli **********828600, xx.xx.2024-cü il tarixli **********830700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (həmin Qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli Qərarı nəzərə alınmaqla) icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsinə görə, iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən aşağıdakılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır: vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər. Göründüyü kimi, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat ərizəçi və maraqlı şəxsin iştirakı ilə xüsusi icraat qaydasında baxılır və həmin icraatın məhkəmə aidiyyəti məsələsi ayrıca norma – Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsi ilə tənzimlənməklə, sözügedən işlərin kommersiya məhkəmələrində baxılması üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması tələb olunur. Hazırkı halda “X2” PHŞ və “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ-nin müvafiq borclarının həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən yaranıb-yaranması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Ərizəyə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “X2” PHŞ xx.xx.2004-cü il, “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ xx.xx.2004-cü ildə vergi uçotuna alınaraq onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmiş, sonuncuların təşkilati-hüquqi forması publik hüquqi şəxs olmaqla yuxarı təşkilatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, tabeçiliyi isə “Bakı Baş Səhiyyə Mərkəzi” X3. Bundan başqa, publik hüquqi şəxsin əsas fəaliyyət növü kimi səhiyyə sahəsində sair fəaliyyət çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.7-ci maddəsinə əsasən, publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Göründüyü kimi, “X2” PHŞ və “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tabe olmaqla, sahibkarlıq fəaliyyəti ilə yalnız bu fəaliyyət yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi və bu məqsədlərə uyğun gəldiyi halda məşğul ola bilər. Hazırkı işdən isə müvafiq borcların “X2” PHŞ və “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ-nin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı təsdiqlənmir. Belə ki, “X2” PHŞ-nin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan 160 178,49 manat borcu vergi ödəyicisinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələri üzrə hesablanmışdır. Bu isə onu göstərir ki, qeyd edilən vergi borcu publik hüquqi şəxsin strukturuna daxil olan ayrıayrı işçilərdən muzdlu işlə əlaqədar alınan gəlirlər üçün həmin hüquqi şəxsin müvafiq verginin tutulması və büdcəyə köçürülməsi vəzifəsi üzrə yaranmış borcdur. Həmçinin “Bakı Şəhər Təcili və X1 Stansiyası” PHŞ-nin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsində əks olunan Dövlət Sosial Müdafiə Fonduna 0,07 manat, İşsizlikdən Sığorta Fonduna 1,27 manat məbləğində borcları da həmin hüquqi şəxsin muzdla işləyənləri işə götürən sığortaedən kimi qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərindən irəli gəlməklə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4- cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələb publik hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, Maraqlı şəxs yaşadığı yer Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 11, mənzil 31-dir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26, 31- 32, 263-264, 266-268, 355-5.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar