Məhkəmə qərarları › İş №e-2-2(113)-665/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-665/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-665/2023 22.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1851,16 (min səkkiz yüz əlli bir manat, on altı qəpik) manat alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AZM-MT-004/20 nömrəli istifadə müddəti bitmiş akkumulyatorların alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan akkumulyatorlar cavabdeh tərəfindən həmin müqavilənin şərtinə əsasən alınmışdır. Qeyd edilən akkumulyatorlar müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh qeyd edilən alqı-satqı müqaviləsinə əsasən yaranmış borcunu tam olaraq ödəməmiş və ödəməməkdə davam edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər edilmiş və borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh bu günədək tələb edilən borcunu ödəməmişdir. Cavabdehin almış olduğu istifadə müddəti bitmiş avtomobil akkumulyatorlarına görə ƏDV daxil olmaqla 1851,16 (bir min səkkiz yüz əlli bir manat, on altı qəpik) manat İddiaçınə borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli, AZM-MT-004/20 nömrəli istifadə müddəti bitmiş akkumulyatorların alğı-satqı müqaviləsinə əsasən “satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətdə olan malları “alıcı”ya satmağı, “alıcı” isə həmin malları qəbul edib dəyərini “satıcı”ya ödəməyi öhdəsinə götürürlər. 12 aprel 2021-ci il tarixli AZM-MT-AKT/03 nömrəli utiliziasiyaya qəbul edilmə aktına əsasən 09 aprel 2021-ci il tarixdə ümumi çəkisi 673 kiloqram, 01 aprel 2022-ci il tarixli AZM-MT-AKT/07 nömrəli utiliziasiyaya qəbul edilmə aktına əsasən 17 mart 2022-ci il tarixdə ümumi çəkisi 1.218 kiloqram olan istifadəyə tam yararsız akkumulyatorlar utilizasiya edilməsi üçün Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Aktlar Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli hesab-fakturanın surətinə əsasən 1.568,78 manat cəmi məbləğ, 282,38 manat ƏDV məbləği, ümumi 1.851,16 manat İddiaçı MMC tərəfindən tərtib edilmişdir. “Emrah Ak” adlı istiadəçi tərəfindən “Safiya Hudayeva” adlı istifadəçiyə göndərilmiş 3 iyun 2022-ci il tarixli elektron məktubda xx.xx.2022-ci il tarixində qəbul edilmiş tullantı akkumlyatorlarla bağlı 1.568,78 manat məbləğində elektron qaimənin göndərilməsi qeyd edilmişdir. İddiaçı MMC tərəfindən 1.851,17 manat məbləğində EBBX seriyalı, 837901 nömrəli xx.xx.2022 tarixli elektron qaimə Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında xx.xx.2022 tarixli 21901 nömrəli invoys əsasında Cavabdeh MMC-nin 1.851,16 manat məbləğində borcu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC və İddiaçı MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, istifadə müddəti bitmiş akkumlyatorların alğı-satqısı tərəflər arasında razılaşdırılmışdır. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə əsas borc və ona hesablanmış ƏDV məbləğini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin alğı-satqı müqaviləsi üzrə borcu olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1851,16 (bir min səkkiz yüz əlli bir manat, on altı qəpik) manat Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, utiliziasiyaya qəbul edilmə aktına əsasən 1218 kiloqram istifadəyə tam yararsız akkumulyatorlar utilizasiya edilməsi üçün Cavabdeh MMC tərəfindən qəbul edilmiş, hər kiloqramın dəyəri 1288 manat məyyən edilmiş, 1568,78 manat malın ümumi dəyəri 282.38 manat ƏDV olmaqla, yekun 1851,17 manat məbləğin ödənilməsi barədə e-qaimə Cavabdeh MMC-yə təqdim edilmişdir. Məhkəmə iddia tələbinin 1851,16 manat olmasını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1851,16 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, 60 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1851,16 (bir min səkkiz yüz əlli bir manat, on altı qəpik) manat, 60 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar