Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6650/2025 24.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi, müqavilənin ləğvi, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair kommersiya məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1436-L/11 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2011-ci il tarixli 1436-L/11 nömrəli müqavilə üzrə 1085 manat qalıq borc, 1928,04 manat hesablanmış cərimə olmaqla cəmi 3013,04 manat borcun, hüquqi yardım üçün ödənilmiş 300 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC iləCavabdeh arasında xx.xx.2011-ci il tarixli 1436-L/11 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2011-ci il tarixli 1436-L/11 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 1085 manat qalıq borc 1928,04 manat hesablanmış cərimə olmaqla cəmi 3013,04 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. "xxxx" ASC-nin Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
3. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi EMİS vasitəsi ilə iddia tələbinin azaldılması haqqında ərizə təqdim edərək xx.xx.2011-ci il tarixli “1436-L/11” nömrəli müqavilənin ləğv edilməsi, xx.xx.2011-ci il tarixli “1436-L/11” nömrəli müqavilə üzrə yaranmış 1928,04 manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, müqavilənin ləğvinə etiraz edir və hesab edir ki, 1084 manat borca görə müqavilə ləğv olunmamalıdır. Əsas borc məbləği ilə razıdır və həmin məbləğ tərəfindən ödəniləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2011ci il tarixli, 1436-L/11 saylı lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, lizinq verən Traktor MTZ-89.2 markalı və Kotan AGMP-14-4 markalı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən sonra və müvafiq səədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 2980 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məlbəğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 2.2.2-ci bəndinə əsasən, lizin alan izinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. 4.1-ci bəndinə əsasən, lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1% həcmində cərimə tələb edir. 5.1.5-ci bəndinə əsasən, lizinq alanın texnikadan itifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir. 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. 9-cu bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən irəli gələn öhdəliklər yerinə yetirilənədək qüvvədədir.
10. 28.09.20211-ci il tarixli 1436L/11 nömrəli lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən Cavabdeh Traktor MTZ-89.2 markalı kənd təsərrüfatı texnikasına görə yekun 24570 manat, Kotan AGMP-14-4 markalı kənd təsərrüfatı texnikasına görə 2200 manat olmaqla cəmi 26770 manat məbləğində lizinq ödənişi nəzərdə tutulmuşdur.
11. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, lizinq alan tərəfindən müqavilənin şərtləri pozularaq borcun ödənilməsi gecikdirildiyi, 28 sentyabr 2011-ci il tarixli “1436-L/11” nömrəli müqavilə üzrə 1085 manat qalıq borc, 1928,04 manat cərimə borcu olmaqla, cəmi 3013,04 manat maliyyə borcunun yarandığı, borcun qısa müddət ərzində ödənilmədiyi halda mübahisənin məhkəmə yolu ilə həll olunması üçün aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.
12. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixli, 1436-L/11 nömrəli müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə 29750 manat təşkil etmiş, Cavabdeh tərəfindən 17850 manat məbləğində ödəniş edilmişdir. 11900 manat məbləğində güzəşt tətbiq edilmiş. Hesablanmış cərimə 1928,04 manat olmaqla, ümumilikdə ödənilməli olan borc məbləği 1928,04 manat təşkil edir.
13. 14.10.2025-ci il tarixli ödəniş sənədinə əsasən Cavabdeh tərəfindən 1085 manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı olaraq kənd təsərrüfatı texnikası göstərilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1436-L/11 saylı lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir.lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
16. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2011-ci il tarixli 1436-L/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən (iddiaçı) ümumi dəyəri 29750 manat təşkil edən 2 ədəd kənd təsərrüfatı texnikalarını lizinq alanın (cavabdehin) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən sözügedən müqavilədə müqavilənin qüvvədə olması ilə bağlı hər hansı müddət nəzərdə tutulmamış, razılaşmanın müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilənədək qüvvədə olması şərtləşdirilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər əsasən həyata keçirilsə də, bəzi ödənişlər ödənilməmiş, nəticədə iddiaçı müqavilənin ləğvi, müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulması üçün iddia qaldırmış, lakin məhkəmə icraatı gedişində cavabdeh tərəfindən 1085 manat ödəniş olunmuş və tələb olunan əsas borc məbləği tam ödənilmişdir. Beləliklə sözügedən lizinq müqaviləsi üzrə ödənilməli məbləğ ümumilikdə 29750 manat təşkil etmiş, cavabdeh tərəfindən 17850 manat məbləğində ödəniş edilmiş, 11900 manat məbləğində güzəşt tətbiq olunmuş, nəticədə müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilən ödənişlər lizinq alan tərəfindən tam həyata keçirilmişdir. İddiaçı hazırda müqavilənin ləğvi və gecikdirilmiş günlərə görə hesablanmış 1928,04 manat cərimə borcunun ödənilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə müqavilə üzrə lizinq ödənişlərini həyata keçirdiyinə istinad edərək müqavilənin ləğv edilməməsi və iddia tələbinin rədd edilməsini xahiş edir.
18. Məhkəmə ilkin olaraq tələbin müqavilənin ləğv edilməsi hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
19. İddiaçı müqavilənin ləğvinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə istinad etmişdir.
20. AR MM-in: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, müqavilənin ləğv edilməsi onun hüquqi qüvvəsinə xitam verilməsini nəzərdə tutur. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
22. Yuxarıda sadalanan normaların tələblərindən də göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) iki halda mümkündür:
1. digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və 2. Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallar.
23. Məhkəmə qeyd edir ki, qanunvericilikdə lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı da nəzərdə tutulmuşdur. Lakin işin hallarından görünür ki, tərəflər arasında müqavilənin ləğvi barədə hər hansı razılaşma əldə olunmamışdır.
24. Belə ki, iddiaçı cavabdehin müqavilə üzrə tələbləri əhəmiyyətli dərəcədə pozmasına istinad edərək müqavilənin ləğvini tələb etdiyindən, cavabdeh isə müqavilənin ləğv edilməsinə etiraz etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması faktını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, beləliklə sübutetmə vəzifəsini icra edə bilməmişdir. Əlavə olaraq məhkəmə icraatının gedişində müqavilə üzrə ödənilməmiş əsas borc məbləği (1085 manat) cavabdeh tərəfindən ödənilmiş və cavabdehin müqavilənin mühüm şərtlərini pozmasına dəlalət edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
25. Beləliklə məhkəmə, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsinin tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət etdiyini , cavabdeh tərəfindən müqavilənin mühüm şərtlərinin icra olunduğunu və müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına əsasların məhkəmə tərəfindən müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi ilkin hissədə əsassız olduğundan rədd ediməlidir.
26. İddiaçı həmçinin lizinq müqaviləsi üzrə 1928,04 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
27. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
28. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
29. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 54,25 manat məbləğində dəbbə pulu tutulmalıdır.
30. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilkin tələbində 300 manat hüquqi yardım xərcinin tutulmasını xahiş etsə də, daha sonra təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizədə hüquqi yardıma görə ödənilmiş xərcin tutulmasını göstərməmiş, həmçinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hüquqi yardım göstərilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. Qeyd edilən səbəbdən məhkəmə hüquqi yardımla bağlı çəkilmiş xərcə dair hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab etməmişdir. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixli “1436-L/11” nömrəli müqavilə üzrə yaranmış 54.25 (əlli dörd manat iyirmi beş qəpik) manat dəbbə pulu Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov