Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-667/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə müraciət edərək, elektron qaimələr əsasında yaranmış ƏDV daxil 16883 manat borc pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş 140,65 məbləğində dövlət rüsumunun Cavabdeh MMC tərəfindən ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı münasibətləri olmuşdur. Bu münasibətlər hər iki tərəf arasında olan razılaşmaya əsaslanmışdır. Bu razılığa əsasən İddiaçı MMC, yəni satıcı qiymət razılaşma protokolunda göstərilən malları Cavabdeh MMC-yə yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq razılaşmaya əsasən, alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı”-dan tələb etməyə haqlıdır. Alqı-satqı münasibətlərinin aparılmasına dair razılıq əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC elektron-qaiməyə əsasən, ƏDV daxil 16883 manat məbləğində malın dəyərini, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə alqı-satqı münasibətlərindən sonra dəfələrlə ödənişin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbəüz görüşərək müraciət olunmasına, baxmayaraq, yuxarıda qeyd etdiyim elektron-qaimə əsasında yaranmış, ümumilikdə ƏDV daxil 16883 manat məbləğində borcun ödənilməsi barədə Cavabdeh MMC tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında baş tutmuş alqı-satqı prosesində İddiaçı MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Belə ki, razılaşmaya əsasən cavabdeh "xxxx" MMC-yə mallar çatdırılmış və heç bir gecikdirmə olmamışdır. Lakin Cavabdeh MMC ödəniş öhdəliyini yerinə yetirməmişdir. Bununla da, tərəflər arasında olan alqı-satqı prosesi və razılaşma pozulmuş, Cavabdeh MMC bu razılaşma və elektron qaimə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə elektron-qaiməyə əsasən, ƏDV daxil 16,883 manat məbləğində borcu yaranmışdır. Cavabdeh isə bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bütün bunlar elektron qaimələrdə tam şəkildə təsdiq edilir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 427.3, 445.2.1, 442, 443, 445, 449, 462.1. 567, 597.1, 598.3, 600cü maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri 2022-ci ilin sentyabr ayından yaranmışdır. Cavabdehə müqaviləni imzalayıb təqdim ediblər, lakin cavabdehin nümayəndəsi şirkətin direktoru olmayıb və onlara bildirib ki, direktor tərəfindən müqavilə imzalanaraq geri qaytarılacaq. Sonradan müqavilənin imzalı formada geri qaytarılması tələb edilsə də, müqavilə təqdim edilməmişdir. Sözügedən müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edilib bununla bağlı sübutlar e-sistemə əlavə edilmişdir, həmçinin malların bir qismi də geri qaytarılmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: EBCG seriyalı, 123236 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 38,94 manat, EBDD seriyalı, 514378 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 76,58 manat, EBDD seriyalı, 580330 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7106,37 manat, EBDJ seriyalı, 415586 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4989,95 manat, EBDM seriyalı, 092531 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5038,10 manat, EBDM seriyalı, 789461 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 140,42 manat, EBDO seriyalı, 343644 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1529,41 manat, EBDR seriyalı, 161994 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 177,47 manat, EBDS seriyalı, 939102 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1611,12 manat, EBDS seriyalı, 826574 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 14700,61 manat, EBDS seriyalı, 939100 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3122,04 manat, EBDV seriyalı, 778213 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 947,07 manat, MT2401 seriyalı, 00170214 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 991,20 manat, EBDZ seriyalı, 573807 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2943,27, MT2406 seriyalı, 11365593 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2960,266 manat, dəyərində mallar İddiaçı MMC tərəfindən “Bashak Supply" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. EBDK seriyalı, 871798 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 484,02 manat, EBDR seriyalı, 110283 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 177,47 manat, EBDS seriyalı, 083189 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4860,54 manat dəyərində malların qaytarılması barədə elektron qaiməfakturalar “Bashak Supply" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. Elektron qaimələr İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, FM 044 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə “Bashak Supply" MMC-nin İddiaçı MMC-yə qaimələr üzrə hesablanan borcu 31672,12 manat, geri qaytarılan malların dəyəri 5522,03 manat, ödənilən məbləğ 9267,09 manat, həmin tarixə qalıq borcu isə 16883 borc təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş “Bashak Supply" MMC-yə məxsus hesabdan çıxarış məlumatlarına əsasən müyyən edilir ki, “Bashak Supply" MMC-nin xx.xx.2024-cü il tarixə olan borcu 16883 manat (2569,25 manat ƏDV olmaqla) məbləğində göstərilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 140,65 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 631.2-ci maddəsinə görə müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında olan razılaşmaya uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə, arayış və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Həmçinin cavabdeh tərəfindən elektron qaiməyə əsasən malların bir qisminin qaytarılması artıq tərəflər arasında mövcud alqı-satqı münasibətləri üzrə elektron qaimə əsasında malların təhvil verilməsi kimi işgüzar praktikanın həmin formada yarandığını təsdir edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, cavabdehin öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini, yəni 16883 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 16883 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 140,65 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Bashak Supply" MMC-dən 16883 (on altı min səkkiz yüz səksən üç) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 (yüz qırx) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaitinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-667/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-667/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver