Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6674/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, illik beş faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən onun xeyrinə 07/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 241209,44 (ƏDV daxil) manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 24120,94 manat məbləğində pulun və 556 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmisi 265886,38 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 07/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə,əvvəlcədən 100% dəyəri ödənilmək şərti ilə Satıcı Faneri satmağı, alıcı isə almağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1.3-cü bəndinə görə, Alıcı tərəfindən öz vəzifələrinin yerinə yetriilməməsi nəticəsində satıcıya dəyən ziyanın tam həcmdə ödənilməsini tələb etmək Satıcının hüququdur. Həmin müqavilənin 4.1-ci maddəsinə görə, bu müqaviləyə görə tərəflər arasındakı qarşılıqlı hesablamalar nağd və ya nağdsız qaydada Satıcı tərəfindən təqdim edilmiş ödəniş sənədləriəsasında həyata keçiriləcəkdir. Müqavilənin müddəti imzalandığı tarixdən 1 il müddətindədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları MMC-yə təhvil vermişdir. Lakin "xxxx" MMC hazırki müqavilə üzrə 192.417,68 manat + 34.635,18 manat (ƏDV) ödəniş etmiş, 241.209,44 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 404.1, 421.1, 425.1,442.1, 443.1, 445.1, 445.2, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı (Satıcı) və "xxxx" MMC (“Alıcı”) arasında imzalanmış 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən əvvəlcədən 100% dəyəri ödəmək şərtilə Satıcı Faveri satmağı, alıcı isə almağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti tərəflərin razılaşmasına uyğun olaraq Satınalma sifarişi ilə Razılaşma protokoluna əsasən müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Satıcı tərəfindən Alıcıya malın təhvil verilməsi müvafiq stansiyada Satıcının gətirdiyi vaqondan və ya Satıcının müvəqqəti saxlama anbarından həyata keçiriləcəyi şərtləşdirilmişdir. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 24 dekabr 2022-ci il tarixədək qüvvədə olacaqdır. 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 1 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2021-ci il tarixinə tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 17180,80 manat razılaşdırılmışdır. 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 2 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2021-ci il tarixinə tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 44872,62 manat razılaşdırılmışdır. 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 3 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2021-ci il tarixinə tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 127138,85 manat razılaşdırılmışdır. 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 5 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2021-ci il tarixinə tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 59000,05 manat razılaşdırılmışdır. 24 dekabr 2021-ci il tarixli 07/2021 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 9 saylı tərtib edilmiş edilmiş X2 görünür ki, xx.xx.2021-ci il tarixinə tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malın qiymətinin dəyəri ümumilikdə 117999,99 manat razılaşdırılmışdır. EBBP seriyalı, 852890 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 179999,99 manat, EBBP seriyalı, 254534 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 59000,05 manat, EBBO seriyalı, 808872 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 127138,85 manat, EBBO seriyalı, 808144 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 44872,62 manat, EBBO seriyalı, 743050 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 17780,81 manat, EBBS seriyalı, 323883 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 102070 manat məbləğdə mallar İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı məxsus “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 14560 manat, xx.xx.2021-ci il tarixində 38027,64 manat, xx.xx.2021-ci il tarixində 71830 manat, xx.xx.2022-ci il tarixində 20000 manat, xx.xx.2022-ci il tarixində 30000 manat ödəniş edilmişdir. İddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək 07/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 241209,44 (ƏDV daxil) manat məbləğində əsas borcu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 24120,94 manat pulu 30 gün müddətində ödəməyi, əks halda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 556 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycann Respublikası Vergi Məcəlləsinin: 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu və s.), həmçinin cavabdeh tərəfindən borclu olduğu məbləğdən 2021-ci və 2022-ci il tarixlərində qismən ödənişlərin edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən malların ona təhvil verilməsi ilə razılaşmış, qalan 241209,44 manat məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi və ya qüsurlu olduğu halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə belə hal mövcud olmadığına və elektron qaimələr əsasında borcun bir qismi ödənildiyinə görə bu, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların və həmin malların dəyərinin qəbul edilməsi kimi qiymətləndirilir. Həmçinin bu bir daha təsdiq edir ki, tərəflər arasında işgüzar adətlər, praktika məhz elektron qaimələrin iddiaçı tərəfindən vaxtaşırı olaraq mallar təhvil verildikcə təqdim edilməsi və cavabdeh tərəfindən ödənişlərin aparılması qaydasında formalaşmışdır. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 24120,94 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilmiş malların ödənişinin edilməsi üçün cavabdehə elektron qaimələr təqdim edilmişdir. Sonuncu təqdim olunmuş elektron qaimə üzrə (xx.xx.2022-ci il) ödənişin edilməməsindən artıq iki il müddət keçmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək 30 gün müddəitində borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə Mülki Məcəllənin 445.9-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixədək cavabdehdən öhdəliyin icrasını tələb etmədiyindən, xx.xx.2024cü il tarixli pretenziya məktubunun təqdim edilməsi öhdəliyin icrası ilə bağlı ilkin tələb etmə anı kimi nəzərə alınmalı, həmçinin sonuncu elektron qaimənin təqdim edilməsindən pretenziyada göstərilən 30 gün daxil olmaqla keçən müddət, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası üçün verilmiş əlavə vaxt hesab olunmalıdır. Buna görə də cavabdeh tərəfindən öhdəliyin gecikdirilməsi müddəti xx.xx.2024-cü il tarixli pretenziyada göstərilən 30 günün başa çatdığı 15 avqust 2024-cü il tarixindən hesablanmalıdır. Bu baxımdan məhkəmə 241209,44 manat əsas borca illik 5% ilə hesablanmış 2479,08 manat məbləği əsaslı hesab etmir. Çünki yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən borcun gecikdirilməsi müddəti 2024-cü ilin avqust ayından oktyabr ayınadək dövrü əhatə edir. Buna görə də, 241209,44 manat borca qaytarılmayan 2 ay 14 gün müddət üçün illik 5 faiz hesablamaqla (241209,44 x 5% = 12060,48 / 12ay = 1005,04 / 30gün = 33,50 x 74gün = 2479,08) 2479,08 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 556 manat dövlət rüsumunun 533,69 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 07/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 241209,44 manat əsas borc, ödənişin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 2479,08 manat borc, ümumilikdə 243688 (iki yüz qırx üç min altı yüz səksən səkkiz) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 533 (beş yüz otuz üç) manat 69 (altmış doqquz) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6674/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6674/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver