Məhkəmə qərarları › İş №e-2-2(113)-6684/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6684/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6684/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “MKT İstehsalat Kommersiya“ MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “MKT İstehsalat Kommersiya“ MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında” məktuba əsasən iddiaçıya əsassız hesablanmış 9450 manat (37800 m3) məbləğində vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tərtər RQİİ Ağcabədi Xidmət Sahəsi tərəfindən iddiaçı - “MKT İstehsalat Kommersiya“ MMC-nin Ağcabədi rayonunda yerləşən filialında “G-40 markalı” 75120375 nömrəli qaz sayğacında ölçmə metodikasına əsasən 37800 m uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Bununla bağlı qeyd edirik ki, cavabdeh tərəfindən təbii qazın uçotunun pozulması haqqında yazılmış akt həqiqəti əks etdirmidəyi üçün qanunsuz və əsassızdır . Belə ki, laboratoriya aktı olmadan sayğac göstəricilərinin xətası barəsində rəy verilməsi yanlışdır. Həmçinin, həmin faktın müəyyən edilməsi “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Sözügedən sayğac qanunvericiliyin tələblərə uyğun olaraq Cavabdeh İB-nin “Metrologiya” Departamentində yoxlamaya aparılmalı, istehlakçının iştirakı ilə mövcud sayğac stendə qoyulmalı idi və bundan sonra stentdə nümunəvi sayğaca nisbətdə xəta payı çıxarıla bilərdi. Vizual baxışla xəta hadisəsinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyin tələblərinə baxmayaraq, cavabdeh - Cavabdeh Tərtər RQİİ Ağcabədi Xidmət Sahəsi tərəfindən iddiaçı ünvanına göndərilmiş “sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında” məktuba əsasən, iddiaçıya məxsus G-40 markalı 75120375 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 37800 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sayğaca vizual baxış həyata keçirilmiş və bu zaman sayğacın nisbi xəta ilə işlədiyi aşkar olunmuşdur. Düzdür, bununla bağlı aparılmış yoxlama sahibkarlıq sahəsində olsa da, müvafiq qaydada Ədliyyə Nazirliyində öncədən vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Sayğaca qarşı tərəfdən hər hansı müdaxilə olunmamış, sadəcə sayğac nisbi xəta ilə işlədiyi üçün sərfiyyat düzgün qeydə alımamışdır. Tərəflər arasında balans mənsubiyyəti sərfiyyatı haqqında akt var, həmin akt üzrə sayğac iddiaçının ərizəsindən kənarda yerləşir, lakin hüquqi şəxslərdə hər bir halda sayğacın salamatlılığına iddiaçı cavabdehlik daşımalıdır. Elektron sayğaclarda mexaniki sayğaclardan fərqli olaraq vizual baxışla sayğacın salamatlığını müəyyən etmək olur. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən İddiaçı "xxxx" MMC-yə gedən qaz xəttinin üzərində quraşdırılmış ona məxsus G-40 markalı 75120375 nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın xəta ilə işlədiyi məlum olmuş, bu səbəbdəndə abonentə 37800 m3, yəni 9450 manat uçota alınmayan qaz hesablanmışdır.Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Hüquqi məsələlər: Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 20 dekabr 2020-ci il tarixli, AMX-4937/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikası Tarif şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir m3 üçün 0,20 manat məbləğində müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, iddiaçının cavabdehə 2024-cü ilin yanvar ayı üzrə borcu (qalıq və aktlar üzrə) 9450 manat təşkil edir. xx.xx.2024-cü il tarixli **********06 saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 114,50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 2.7-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.10-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşı tərəfindən iddiaçıya məxsus obyektdəki sayğaca vizual baxış keçirməklə bağlı hesablanmış borc məbləğidir. Halbuki cavabdehin əməkdaşları iddiaçının sayğacında aşkar etdikləri nasazlığa görə vahid məlumat reyestrində qeydə aldırmaqla yoxlama keçirməli, iddiaçının nümayəndəsinin iştirakı ilə sayğac açılaraq laborator müayinəyə göndərilməli, müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul olunmalı idi, bundan sonra qanunvericiliyə uyğun qaydada borc hesablana bilərdi. Lakin cavabdehin əməkdaşları yoxlamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata aldırmadan, vizual baxış keçirməklə həyata keçirmişlər və heç bir sənəd tərtib etmədən borc hesablamışlar. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 9450 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 114,50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı “MKT İstehsalat Kommersiya“ MMC-yə hesablanmış 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 114 (bir yüz on dörd) manat 50 (qəpik) dövlət rüsumun əvəzi olaraq tutularaq “MKT İstehsalat Kommersiya“ MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar