Məhkəmə qərarları › İş №e-2-2(113)-67/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-67/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-67/2022 03.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair likin, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12300 manat əsas borc, 1200 manat dəymiş maddi ziyana görə, cəmi 13500 manat məbləğin iddia üzrə cavabdeh fiziki şəxs X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi belə əsaslandırılmışdır ki, X8 direktoru olduğu İddiaçı MMC Bakı şəhəri və ətrafər azilərdə ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərindən atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə bu obyektlərə təmizləyici qurğuların satışını həyata keçirmişdir. Belə ki, hələ sentyabr ayının əvvəlindən etibarən şirkəti tərəfindən bir sıra restoran və şadlıq evləri ilə danışıqlar aparılmış və qarşılıqlı qiymət razılaşdırılması əsasında müqavilələr imzalanmışdır. Bu müqavilələr müxtəlif zaman intervalları ilə sentyabr, oktyabr və noyabr ayları ərzində bağlanmışdır. Bağlanmış müqavilələr hər bir obyektdə müxtəlif miqdarda avans ödənişlər vasitəsilə həyata keçirilmişdir (cihazın dəyərinin 30-70 faizi). Bu aylar ərzində müqavilə bağlanan əksər obyektlər cihazla təchiz edilmişdir. Cihazın təchizatından sonra geridə qalan məbləğin şirkətə ödənilməsi tələb olunsa da, bəzi obyekt sahibləri müxtəlif bəhanə və vasitələrlə ödənişdən imtina etmiş və bir sıra bürokratik əngəllər yaratmışlar. Bununla yanaşı, prosesin zəncirvari olduğunu nəzərə alaraq, bu ödənişlərin zamanında həyata keçirilməməsi digər obyektlərə də söz verilən cihazların verilməsini ləngitmişdir. Yuxarıda qeyd etmiş olduğu problemlərin biri də hüquqi ünvanı ünvan 1 sahibi X7 ilə yaranmışdır. X7 ilə 0109/2018 saylı, 01 sentyabr 2018- ci il tarixli müqaviləyə əsasən razılaşma əsasında “NİEL” şadlıq şarayına ümumi dəyəri 16000 manat olan 2 ədəd “Baca tipi sulu filtr”in alınması üçün 50% avans ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin müəyyən müddətdən sonra X3 qardaşı və “NİEL”şadlıq evinin inzibatçısı olan Hüseynov Niyaz ona avadanlığı gətirməyini xahiş etmiş və avadanlıq gəldikdən sonra pulu ödəyəcəklərini bildirmişdir. O isə öz növbəsində avadanlığın alınması üçün nəzərdə tutulmuş avans ödənişi etdikdən sonra bu avadanlığı sifariş verib gətirəcəyini bildirmişdir. Çox uzun danışıqlardan sonra gətirəcəyi avadanlıqlardan bu şadlıq evinə də verəcəyini bildirdi. Bunun əvəzində mal təhvil veriləcəyi halda bütün məbləği tamamilə alacağını dedi. Razılıq əldə edildikdən sonra noyabr ayının əvvəllərində 2 ədəd avadanlığı “NİEL” şadlıq evinə təhvil verdi. Pulu tələb etdiyi zaman qısa zamanda ona pulun veriləcəyini bildirən Hüseynov Niyaz, qardaşı X3 da avadanlığı quraşdırıb təhvil verməsini ondan xahiş etdiyini bildirdi. Müqavilədə heç bir öhdəliyi olmadığı halda avadanlıqlardan 1 ədədini quraşdırılmasını şirkəti öz üzərinə götürdü və avadanlıq quraşdırılıb təhvil verildi. Quraşdırılma zamanı 2 dəfə olmaqla, ümumilikdə 1000 manat pul ödənildi. Bundan sonra çox get gəldən sonra hər dəfə bir bəhanə ilə ödənişi ödəməkdən boyun qaçırmağa başladılar. “NİEL” şadlıq sarayının sahibi X3 borcu rəsmi olaraq vergi orqanlarında da təsdiqlənmişdir. Ancaq buna yenə də məhəl qoyulmamışdır. 04.03.2019-cu il tarixində bu və digər şadlıq evlərində olan, şirkətə borclu olduqları qalıq pulları almaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırılması üçün göndərilmiş məktuba baxılmış və bu idarədə qalıq 15000 manat borcdan ancaq 2700 manat pul ödənilmiş, qalan 12300 manat borc isə bu günədək ödənilməmiş olaraq qalır. Cavabdeh X7 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü 12300 manat əsas borc, 1200 manat dəymiş maddi ziyan, cəmi 13500 manat pulun tutulmasına dair iddianın rədd edilməsi, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01 sentyabr 2018-ci il tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsi, avadanlıqların hər birinin dəyəri 6500 manat olmaqla 2 ədəd avadanlıq üçün ödədiyi – 13000 manat, habelə onların quraşdırılması və işlək vəziyyətə gətirilməsi üçün ödədiyi iki ədəd dinamanın (işlənmiş vəziyyətdə) dəyəri olan – 1500 manat, tüstü borularının (manqal ilə tüstü-baca avadanlığının birləşdirmək üçün) dəyəri olan – 2300 manat və usta xərci kimi ödədiyi – 1000 manat, filterin quraşdırılması üçün – 600 manat olmaqla, ümumilikdə 18400 manat məbləğində xərcin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı iddianın faktiki əsası kimi müqaviləyə istinad etmişdir. Sözügedən müqavilə X7 tərəfindən imzalanmamış və X7 həmin müqavilədəki şərtlərdən, məbləğlərdən məlumatsızdır, belə bir müqavilə rəsmiləşdirilməyib. İddiaçı MMC ilə havatəmizləmə qurğusunun (Sulu Filtre 16 000 m3/h) alqı-satqısına və quraşdırılmasına dair razılıq olmuş və razılığa əsasən hər birinin qiyməti 6500 manat olmaqla, 2 ədəd avadanlığın (ümumi dəyəri 13 000 manat) quraşdırılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin alqı-satqının bu müqavilə ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilən 13 000 manat məbləğində vəsait X7 tərəfindən tam şəkildə ilk iddia üzrə iddiaçıya ödənilsə də, sonradan məlum olmuşdur ki, avadanlıqlar tam komplekt deyil və istifadə halına gətirmək üçün müəyyən hissələrlə təchiz etmək lazımdır. Dəfələrlə həmin hissələri təhvil verməsini tələb etməyimə baxmayaraq, avadanlığın hissələri təhvil verilməmişdir. Bundan sonra X3 hesabına dəyəri 1500 manat olan iki ədəd dinama (işlənmiş vəziyyətdə), 2300 manat məbləğində tüstü trubaları (manqal ilə tüstü-baca avadanlığının birləşdirmək üçün) və 1000 manat usta xərci, fıltir quraşdırılması üçün 600 manat olmaqla, ümumilikdə 5400 manat xərc çəkilmişdir. Bu avadanlıqları alan şəxslər və işi görən ustalar bu qeyd edilənləri təsdiq edə və şahid qismində məhkəmədə ifadə verərək qeyd etdiklərimi təsdiq edə bilərlər. Bu qədər xərc çəkməyimə baxmayaraq, avadanlıqlar istənilən keyfiyyətdə olmamış və ekoloji standartların tələblərinə cavab verməmişdir. İddiaçı məhkəməyə AR ETSN ƏMMMD-nin Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzi tərəfindən 03 dekabr 2018-ci tarixdə tərtib edilmiş akt təqdim etmişdir. Aktda qeyd edilmişdir ki, monitorinq zamanı atmosfer havasında Co-nun miqdarı 1.8 mq/m3 təşkil edir və tullantılar ətraf mühit üçün hədd daxilindədir. Bu aktın nə vaxt və kim tərəfindən tərtib edildiyi alıçının mlumatı yoxdur. Necə ola bilər ki, mənə məxsus obyektrə monitorinq aparılır və akt tərtib edilir, həmin aktda alıçının imzası yoxdur?! Ümumiyyətlə aktdan görünür ki, akt 2 şəxsin imzası ilə tərtib edilib, halbu ki, korporativ standartlar belə sənədlərin ən azı 3 nəfərin və eləcədə barəsində yoxlama aparılan şəxsin iştirakı ilə aparılmalıdır. Qeyd edilən akt əgər həqiqətən də ETSN əməkdaşları tərəfindən tərtib edilibsə, şadlıq sarayının manqalının işlək vəziyyətdə olmadığı dövrdə monitorinq edilib. Bildirmək istəyirik ki, avadanlıq texniki göstəricilərinə görə yararsızdır və ekoloji standartlara cavab vermir. İddiaçı WhatApp vasitəsi ilə mənə göndərdiyi təklifdə Machine filter 16 000 m3/h avadanlığının (Sulu fılterin) verilməsi nəzərdə tutulsa da faktiki olaraq, bizə 10 000 m3/h modelli Sulu filter vermişdir. Bundan əlavə müqavilənin əlavəsində modelin 12 000 m3/h kimi qeyd edilsə də e-qaimədə 16 000 m3/h kimi qeyd edilmişdir. Göründüyü kimi müqavilənin əlavəsində qeyd edilən avadanlıq modeli texniki göstəricilərinə görə e-qaimədə göstərilən modelin texniki göstəricilərindən fərqlidir. Eyni zamanda bizə faktiki olaraq verilmiş avadanlıq isə texniki göstəricilərinə görə tamamilə fərqlidir və zəifdir. Buna görə də bu avadanlıq Şadlıq evinin manqalından atılan zərərli qazaları emal edərək, ekoloji standatlara uyğunlaşdıra bilməz. Eyni zamanda şifahi razılaşmamıza əsasən iddiaçı tərəfindən bizə satılmış avadanlıqlar tam komplekt üzrə verilməmişdir. Halbu ki, iddiaçının özünün istinad etdiyi müqavilənin 4.1.2-ci bəndinə görə satıcı istifadəyə yararlı, müəyyən edilmiş standartlara uyğun keyfiyyətdə və komplektləşmədə təqdim etməlidir. Məhz bu uyğunsuzluqlara görə avadanlığı təhvil götürməmiş və bu barədə təhvil aktı imzalanmamış. Yenədə iddiaçının istinad etdiyi müqaviləyə diqqəti çəkərək bildirmək istəyirəm ki, məhz həmin müqavilənin 4.1.1-ci bəndində də avadanlıqların təhvil-təslim akt üzrə təhvil verilməsi nəzərdə tutulsa da, bu cür akt mövcud deyildir. Ümumilikdə aktın bağlanmamasının səbəbi keyfiyyətsiz və ekoloji tələblərə cavab verməyən, zəif texniki göstəriciləri olan avadanlıqların satılması olmuşdur Yuxanda qeyd edilənlərdən əlavə ilk iddia üzrə iddiaçı müqavilənin hər səhifəsində satıcı qismində özü imzalasa da, həmin səhifələrdə alıcı imza etməmişdir. Bu isə ona (iddiaçıya) müqavilənin həmin vərəqlərini sərbəst şəkildə istənilən dəyişiklikləri etmək imkanı verir. Bundan əlavə iddiaçı özü iddia ərizəsində qeyd etdiyindən və eləcə də müqavilənin 2.3-cü bəndində qeyd edilənlərdən görünür ki, avadanlığının dəyərinin 50% hissəsi avans olaraq öncədən ödənilməlidir. Ödənişin aparılması üçün e-qaimə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” qaydalarının 3.3-cü bəndinə görə “Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (is, xidmət) təqdim edilən vaxt verilir”. Maddənin mətnindən də göründüyü kimi e-qaimə mal(iş, xidmət) təqdim edilən vaxt verilməli olduğu halda, 5 ay sonra göndərilmişdir. Burada maraqlı sual yaranır ki, əgər bu müqavilə həqiqətən tərəflərin iradəsini əks etdirirsə və mal mübadiləsi üçün bağlanmışdırsa, eləcə də müqavilənin mətnində avadanlığın dəyərinin 50% hissəsinin öncədən ödənişini nəzərdə tutursa, Satıcı e-qaiməni niyə həmin anda deyil, 5 ay sonra təqdim etmişdir? Hesab edirik ki, bu sualın aydılaşdırılması, müqavilənin tərəflərin iradəsi əsasında bağlanıb-bağlanmamasını aydınlaşdırmaq üçün kifayətdir. Digər bir məsələ bundadır ki, təqdim edilmiş e-qaimələrin də heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının istinad etdiyi 18.02.2019-cu il tarixli qaimə dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış X6 yoxdur, belə bir qaimənin mövcudluğu şübhə altındadır. Halbuki, qeyd edilən qaydaların 3.2-ci maddəsinə görə “Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna ötürülür”. Alıcının elektron poçtuna yalnız 13.02,2019-cu il tarixli qaimə göndərilib və lakin həmin qaimə tərəfimdən təsdiq edilməmişdir. Çünki həmin qaimənin göndərilməsindən ümumiyyətlə məlumatsız olmuş. Qaydalara əsasən qaimə 5 gündən çox olaraq sistemdə qaldığı üçün sistem qaiməni avtomatik olaraq təsdiq edilmişdir. 18.02.2019-cu il tarixli qaimənin mövcud olmaması, eləcə də 13.02.2019-cu il tarixli qaimənin sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə məlumat vergi sistemində vardır və məhkəmə tərəfindən bu məlumatlara baxıla bilər. AVİS-də 13.02.2019-cu il tarixdə göndərilmiş e-qaimədən başqa, 11.01.2019-cu il tarixdə ləğv edilmiş bir qaimə də mövcuddur. İlk iddia üzrə iddiaçı 18.02.2019-cu il tarixdə e-qaimə göndərmiş olsa idi, həmin qaimənin də uçotu Qaydaların 4.1-ci bəndinə əsasən AVİS-də aparılmış olardı Qaydaların 3.9-cu bəndinə görə “ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur”. Yekun olaraq məhkəməyə təqdim edilmiş müqavilə alıcı tərəfindən imzalanmadığına və iradə ifadəsini əks etdirmədiyi üçün etibarsız hesab edilməlidir. 18.02.2019-cu il tarixli qaimə mövcud olmadığı üçün hüquqi cəhətdən əsassızdır, 13.02.2019-cu il tarixli eqaimədən isə alıcının məlumatı olmadığından və sonuncu tərəfindən təsdiq edilmədiyinə görə əhəmiyyətsiz hesab edilməli və sübutlar içərisindən çıxarılmalıdır. Şifahi razılaşmamıza əsasən faktiki olaraq quraşdırılmış avadanlıqların texniki göstəricilərinin ekoloji standartlara uyğun olmamasına görə avadanlıqların dəyəri kimi ödənilən 13000 manat (hər biri 6500 manat olmaqla 13000 manat), habelə onların quraşdırılması üçün ödənilmiş 5400 manat pul vəsaiti satıcıdan alınaraq alıçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərində manqalın istifadəsi vaxtı bacadan atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə təmizləyici qurğuların satışını həyata keçirir. 2018-ci ilin təxminən sentyabr ayında X7 ilə ilkin şifahi razılaşmaya əsasən “NİEL” şadlıq sarayının üzərində qiyməti 9700 manat məbləğində olan bir ədəd avadanlığının quraşdırılması olmuşdur. Lakin alıçı tanışlarının başqa sadlıq saraylarında da, sözügedən avadanlığının satılmasında vasitəçilik etdiyinə görə qiymət 8000 manatadək endirilmişdir. Daha sonra E.Hüseynov heç bir vəsait ödəmədiyi halda, həmin şadlıq saraylarının tanış rəhbərlərinə, endirim əldə etmiş vasitəçi olmadığını sübut etmək üçün ondan “WhatsApp” vasitəsi ilə istifadə etdiyi telefona 27.10.2018-ci il tarixdə “70% ödəniş almışam sizdən” yazısının ötürülməsini xahiş etmişdir. Bundan sonra həmin ilin noyabr ayında alıcı şadlıq sarayında manqalın kifayət qədər iri həcmli olduğunu bildirərək 2 ədəd avadanlığının satılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı ifadəsində qeyd etmişdir ki, əvvəlki razılaşmanın məhz bir ədəd avadanlıqla bağlı olduğuna görə elektron qaimədə də, yalnız bir ədəd avadanlıq göstərilmiş, halbuki iki ədədi satılmışdır. Həmçinin iddiaçı ifadəsində bildirmişdir ki, 01.09.2018-ci il tarixli müqavilə 2019-cu ilin aprel ayında X7 tərəfindən onun şikayət etdiyi idarədə imzalanmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 01.09.2018-ci il tarixli müqavilə X7 tərəfindən iddiaçının şikayət etdiyi idarədə 2019-cu ilin aprel ayında imzalanmış, halbuki alıcıya keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığını satılmış və satıçı 27.10.2018-ci il tarixdə “WhatsApp” yazışmasında 70% ödənişin aparıldığını etiraf etmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 0109/2018 saylı, 01 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcı X5 ümumi dəyəri 16000 manat olan 2 ədəd “Baca tipi sulu filtr”i satmışdır. 13.02.2019-cu il tarixli EAAQ seriyalı 326257 nömrəli elektron qaimədən görünür ki, Machine Filter adlı 16000 m3//h-lıq 1 ədəd avadanlıq müqabiliində X3 İddiaçı MMC-yə 8000 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı ilə alıcı X7 arasında “NİEL” şadlıq sarayının üzərində manqalın istifadəsi vaxtı bacadan atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə qiyməti 8000 manat olan 1 ədəd təmizləyici avadanlığının satılması ilə bağlı 2018-ci ilin sentyabr ayında şifahi razılaşma əldə edilmiş, daha sonra həmin ilin oktyabr ayında alıçı tələb olunan vəsaitin 70%-ni (WhatsApp yazışması), yəni 5600 (8000x70%) manatı satıcıya ödənilmişdir. Lakin sonradan alıcı manqalın həcminə görə əlavə bir ədəd təmizləyici avadanlığı sifariş etmiş və həmin ilin noyabr ayında sözügedən 2 ədəd qurğu alıcıya təhvil verilmiş və satıcıya əlavə 1000 manat pul ödənilmişdir. Daha sonra satıcı borcun ödənilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə şikayət yazmış və oraya dəvət edilmiş alıçı 2019-cu ilin aprel ayında 01.09.2018-ci il tarixli müqaviləni imzalamaqla əlavə olaraq 2700 manat pulu satıcıya ödəmişdir. Göründüyü kimi İddiaçı tərəfindən tüstü qazlarının qarşısını almaq məqsədilə hər birinin qiyməti 8000 manat cəmi 16000 manat məbləğində olan 2 ədəd təmizləyici avadanlıq X1 da, sonuncu bunun müqabilində cəmi 9300 (5600+1000+2700) manat borcu ödəmiş, 6700 manat isə ödənilməmiş qalmışdır. Eyni zamanda RBA LAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “WhatsApp”da 27.10.2018-ci il tarixli “70% ödəniş almışam sizdən” yazısının alıçının xahişi ilə yazıldığına istinad etsə də, həmçinin 1200 manat məbləğində maddi ziyan tələb etsə də, məhkəməyə bununla bağlı kifayət qədər sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə əvvəl bir ədəd, daha sonra isə əlavə bir cəmi iki ədəd təmizləyici avadanlıqların sifariş olunduğu ilə razılaşır, belə ki, elektron qaimədə yalnız bir ədəd qurğu qeyd edilmiş, halbuki “NİEL” şadlıq sarayının üzərində faktiki iki ədəd təmizləyici avadanlıq 2018-ci ilin noyabr ayında quraşdırılmışdır. Həmçinin məhkəmə hər iki təmizləyici qurğunun 8000 manat dəyərində olması ilə razılaşır belə ki, alıcı 13.02.2019-cu il tarixli elekron qaimədə 1 ədəd avadanlığının 8000 manat dəyərində olması ilə etiraz verməməklə razılaşır, “NİEL” şadlıq sarayının üzərində isə faktiki iki ədəd eyni həcmli təmizləyici avadanlıq quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli və X2 əsas borc kimi 6700 manat alınaraq İddiaçınə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz, belə ki, alıcı 2019-cu ilin aprel ayında imzalanmış 01 sentyabr 2018-ci il tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsini 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etməklə, həmin tələbi irəli sürmək üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüş, bununla yanaşı həmin müqaviləni imzalayan X3 zorakı hərəkətlərə və hədəyə məruz qalması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı alıçı keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığını satıldığına istinad etsə də, məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən həmin tələb iki il ərzində, yəni 2020-ci ilin noyabr ayınadək irəli sürülə bilər. Həmçinin alıçı 13000 manat məbləğində vəsaitin ödədiyini bildirsə də, bununla yanaşı iki ədəd dinamaya görə 1500 manat, tüstü borulara görə 2300 manat və usta xərci kimi 1000 manat və filterin quraşdırılması üçün – 600 manat tələb etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflərin arasında 2 ədəd təmizləyici qurğunun satılması və quraşdırılması deyil, yalnız satılması ilə bağlı müqavilə bağlanmışdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və X2 6700 manat məbləğində əsas borc alınaraq İddiaçınə ödənilməli, iddia 1200 manat maddi ziyan tələbi hissəsində rədd edilməlidir. Bununla yanaşı 01 sentyabr 2018-ci il tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsi, avadanlıqların hər birinin dəyəri 6500 manat olmaqla 2 ədəd avadanlıq üçün ödədiyi – 13000 manat, habelə onların quraşdırılması və işlək vəziyyətə gətirilməsi üçün ödədiyi iki ədəd dinamanın dəyəri olan – 1500 manat, tüstü borularının dəyəri olan – 2300 manat və usta xərci kimi ödədiyi – 1000 manat, filterin quraşdırılması üçün – 600 manat olmaqla, ümumilikdə 18400 manat məbləğində vəsaitin cavabdeh İddiaçı MMC-dən tutulması barədə X3 qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X2 6700 manat məbləğində əsas borc alınaraq İddiaçınə ödənilsin. İlkin iddia 1200 manat maddi ziyan tələbi hissəsində rədd edilsin. 01 sentyabr 2018-ci il tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsi, avadanlıqların hər birinin dəyəri 6500 manat olmaqla 2 ədəd avadanlıq üçün ödənilmiş – 13000 manat, habelə onların quraşdırılması və işlək vəziyyətə gətirilməsi üçün ödənilmiş iki ədəd dinamanın dəyəri olan – 1500 manat, tüstü borularının dəyəri olan – 2300 manat və usta xərci kimi ödənilmiş – 1000 manat, filterin quraşdırılması üçün – 600 manat olmaqla, ümumilikdə 18400 manat məbləğində vəsaitin İddiaçı MMC-dən tutulması barədə X3 qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar