Məhkəmə qərarları › İş №e-2-2(113)-670/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-670/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-670/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının vəkli Nümayəndə1 iştirakı ilə, İddiaçı “X2 Operating Company” şirkətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Operating Company” şirkətinə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsini imzalamış Nümayəndə1 iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İşdə olan Səlahiyyətlər haqqında şəhadətnamənin notarial qaydada təcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, İddiaçı BƏƏ qanunvericiliyinə əsasən müvafiq qaydada qeydiyyata alınaraq təsis edilmişdir (Şirkətin hüquqi ünvanı – X1 Dubay). İddia ərizəsinə əlavə edilmiş 02 dekabr 2020-ci il tarixli etibarnamə azərbaycan dilində tərtib edilərək Bakı şəhəri 38 saylı notariat ofisində İddiaçı direktoru X3 tərəfindən Nümayəndə1 verilmişdir. 21 fevral 2020-ci tarixli etibarnamə azərbaycan dilində tərtib edilmiş Paolo Grab tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir. İddiaçının vəkli Nümayəndə1 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etdiyini bildirdi. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: - 12-ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. - 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə “05 oktyabr 1961-ci il tarixli Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya uyğun (Apostille) lazımı qaydada təsdiq edilməmişdir. İddiaçı iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən bu Konvensiyanı imzalamış dövlətlər razılığa gəliblər ki, “X4 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. - 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir; - 6.1.3-cü maddəsinə əsasən nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. - 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. - 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X2 Operating Company” şirkətinə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar