Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6704/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 106-22 S saylı 19 iyul 2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 9352.40 manat əsas borc, 5611.44 manat faiz borcu, ümumilikdə ƏDV daxil 14963.84 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 106-22 S saylı 19 iyul 2022-ci il tarixli alqı-satqı müqavilənin 1.1-ci bəndinin tələbinə əsasən iddiaçı malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə satmağı, cavabdeh isə təqdim edilmiş malların hazırki müqavilə ilə müəyyən edilmiş dəyərini iddiaçıya ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən cavabdeh təchiz edilmiş malların dəyərini təqdim edilmiş hesab əsasında 20 (iyirmi) gün müddətində iddiaçıya ödəməlidir. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək təhvil-təslim aktları əsasında təhvil verməsinə baxmayaraq, cavabdeh müqavilənin 2.3.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir.Tərəflərindən online kargüzarlıq vasitəsilə xəbərdarlıq məktubu göndərilib, telefon vasitəsi ilə əlaqə saxlanılıb, şifahi borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən qısa zamanda ödənilməsi ilə bağlı vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Qeyd olunan müqavilə üzrə cavabdehin ƏDV daxil 9352.40 manat əsas borcu, 5611.44 manat faiz borcu, ümumilikdə ƏDV daxil 14963.84 manat borcu mövcuddur. Yuxarıda qeyd olunan müqavilənin 4.3-cü bəndinin tələbinə görə alıcı tərəfindən gecikdirilmiş məbləğin hər günü üçün iddiaçının günə 1 % həddində əlavə faiz hesablamaq hüququ vardır. Qeyd edilməsi zəruridir ki, cavabdehin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi İddiaçı MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.Eyni zamanda, qeyd edilməlidir ki, işin məhkəməyə təqdim edilməsi üçün “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinin tələbinə əsasən Mediasiya prosesi üçün tərəflərindən 202 manat məbləğində rüsum ödənildiyindən məhkəməyə müraciət etmək üçün əlavə rüsum ödənilməmişdir.Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun9.1-1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.3-cü maddəsinin tələbinə görə iddia qiyməti 10000-100000 manatadək olduqda dövlət rüsumu 120+10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 % həddində ödənilir.İddia tələbi 14963,84 manat olduğundan məhkəmə üçün ödənilməli olan rüsum 120 manat +15 manat (149xx.xx-10000 = 4963.84 x 0.3% = 14.8915 yuvarlaq olaraq 15) təşkil etdiyindən mediasiya prosesi üçün ödənilmiş rüsum hazırki məbləğdən çox edir.Tərəflərindən ilk öncə pretenziya məktubu kağız daşıyıca məktub formasında və rəsmi qaydada xx.xx.2022-ci il tarixdə göndərilmişdir və ödənişin təmin edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh tərəf heç bir münasibət bildirməmişdir. Daha sonra, tərəflərindən kağız daşıyıca, həm elektron kargüzarlıq vasitəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir və ödənişin təmin edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh tərəf heç bir münasibət bildirməmişdir.xx.xx.2022-ci il tarixdə də,məktubla müraciət olunmuş lakin yenə də, ödənişin edilməsi təmin edilməmişdir. Son olaraq, tərəflərindən xx.xx.2022-ci il tarixdə müraciət ohınmuş və 2 müddətində ödənişin edilməsi tələb edilmişdir. Lakin, yenə də, cavabdeh heç bir münasibət bildirməmişdir.Tərəflərindən xx.xx.2022ci il tarixdə Mediasiya prosesinin tətbiqinə dair təklif göndərilmiş lakin cavabdeh 10 gün nüddətində həmin təklifə heç bir münasibət bildirməmişdir. Daha sonra, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada xx.xx.2022-ci il tarixdə Mediasiya prosesinin tətbiq edilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə təyin edilmiş mediasiya prosesinə cavabdeh gəlmədiyindən aralarında heç bir barışıq əldə olunmamışdır. Məhz bu səbəbdən də, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Əliyev Ramin “tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 106-22 S saylı 19 iyul 2022-ci il tarixli alğısatqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 7925.76 manat əsas borc, 1426 .64 manat ƏDV borcu, eləcə də 1000 manat məbləğində faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - bir tərəfdən bundan sonra alıcı adlandırılacaq Cavabdeh MMC ilə digər tərəfdən bundan sonra satıcı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 106-22 S nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırki müqavilə ilə müəyyən edilmiş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə alıcıya satmağı, alıcı isə təqdim edilmiş malların hazırki müqavilə ilə müəyyən olunmuş dəyərini satıcıya ödəyir. Hazırki müqavilə qüvvədə olduğu müddətdə malların sifarişi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə həyata keçiriləcəkdir. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona gecikdirilən hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə tətbiq edilə bilər. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərlə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. - xx.xx.2022-ci il tarixli, malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 14400 ədəd , xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktına əsasən 3600 ədəd, xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktına əsasən 24000 ədəd sadə əlcək təhvil verilmiş, aktlar hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli, EBCA seriyalı 777491 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV 751.68 manat olmaqla, 4927.68 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 121058 nömrəli elektron qaiməyə əsasən ƏDV 187.92 manat olmaqla, 1231.92 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 127060 nömrəli elektron qaiməyə əsasən ƏDV 1252.80 manat olmaqla, cəmi 8212.80 manat məbləğində mal satılmışdır. - "xxxx" ASC tərəfindən "xxxx" LTD-yə verilmiş hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin hesabına avans olaraq 2400 manat, xx.xx.2022-ci il tarixdə isə 2620 manat məbləğində pul köçürülmüşdür. - "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 02 noyabr 2022-ci il tarixdə 37 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 2 gün ərzində tərəflər arasında bağlanmış 106-22 S nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilənin ləğvinə münasibət bildirilməsi xahiş edilmiş, eyni zamanda 9352.4 manat təşkil edilən borc məbləğinin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106-22 S nömrəli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 106- 22A nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilədə nəzərdə tutulan malları (işçi əlcəklər) cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən həmin malların dəyəri tam olaraq həyata ödənilməmişdir. . Belə ki, hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktına əsasən cavabdehə təhvil verilmiş 3600 əsas sadə işçi əlcəyin (həmin akt üzrə cavabdeh tərəfindən 72.24 manat əsas borc və 14.08 manat ƏDV ödənişi həyata keçirilmişdir) dəyərini təşkil edən 965.76 manat əsas borc, 173.84 manat ƏDV borcu və xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktına əsasən təhvil verilmiş 24000 əsas əlcəyin dəyərini təşkil edən 6960 manat əsas və 1252.80 manat ƏDV borcu ödənilməmiş qalmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 7925.76 manat əsas borc və 1426.64 manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbində tərəflər arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 106-22 S nömrəli müqavilənin də ləğv edilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Eyni zamanda İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdeh tərəfindən 1000 manat məbləğində pulun ödənilməsini tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106-22 S nömrəli müqavilənin 4.3-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona gecikdirilən hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106-22 S nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehdən 7925.76 manat əsas borc, 1426.64 manat ƏDV borcu və 1000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106-22 S nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin və Cavabdeh MMC-dən 7925.76 manat əsas borc, 1426.64 manat ƏDV borcu, 1000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 10,352.4 (on min üç yüz əlli iki manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6704/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6704/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver