Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6704/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4361,61 manat (dörd min üç yüz altmış bir), ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 4411,61 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh fiziki şəxs Cavabdeh2 arasında 12 dekabr 2022-ci il tarixli 92 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 02 may 2024-cü il tarixində MT2405 seriyalı, 10065585 saylı və 07 dekabr 2024-cü il tarixində MT2412 seriyalı, 10518972 saylı elektron qaimə fakturalar əsasında dəyəri 5361,61 manat (beş min üç yüz altmış bir manat altmış bir qəpik) olan alkokollu içkilər, satılıb dəyərinin ödənilməsi məqsədi ilə Cavabdeh2 verilmişdir. Həmin mallar 02 may 2024-cü il tarixli, 007316 saylı və 07 dekabr 2024-cü il tarixli, 002972 saylı malların təhvil-qəbul aktları əsasında təhvil verilmişdir. Malların dəyəri ödənilmədiyindən Cavabdeh2 08 iyul 2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməmiş, qəbul etdiyi alkoqollu içkilərin dəyərini bu günə qədər ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 386.4, 389.1, 389.2, 442, 443.1, 443.2, 443.5, 443.6, 443.8-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, həmçinin qeyd etdi ki, təqdim etdiyi qaimələr üzrə cavabdeh tərəfindən ümumilikdə 1000 manat ödəniş edilmiş və hazırkı qalıq məbləğ qalmışdır.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ASC ilə alıcı qismində Cavabdeh2 arasında 12 dekabr 2023-cü il tarixli, 92 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı elektron qaimə-faktura əsasında təqdim olunan müəyyən edilmiş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib onların qiymətini bu elektron qaimə-fakturada müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdələrinə götürürlər; 2.1-ci bəndinə əsasən malın növü, çeşidi, miqdarı, qiyməti və tərəflərin mala dair zəruri saydıqları malların alınması tərəflərin imzaladığı və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir; 2.2-ci bəndinə əsasən alıcı elektron qaimə-fakturada göstərilən malın cəmi qiymətini satıcının elektron qaiməsini aldıqdan sonra 30 gün ərzində satıcıya ödəməyi öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən satıcının alıcıdan müqavilə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək hüququ, 3.4-cü bəndinə əsasən alıcının malı qəbul edib, müqavilənin 2.2-ci bəndində göstərilmiş müddətə ödənişini icra etmək vəzifəsi vardır; 4.1-ci bəndinə əsasən satıcı malın sifarişini alıb təsdiq etdikdən sonra 3 iş günü ərzində alıcıya təhvil verməlidir. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 007316 nömrəli malların təhvilqəbul aktına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 aktda adıçəkilən və ümumi dəyəri 4490,43 manat dəyərində olan məhsul təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 002972 nömrəli malların təhvilqəbul aktına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 aktda adıçəkilən və ümumi dəyəri 871,17 manat dəyərində olan məhsul təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10065585 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4490,43 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10518972 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 871,17 manat (ƏDV daxil) təşkil edir.
12. İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı elektron qaimə-faktura əsasında təqdim olunan müəyyən edilmiş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib onların qiymətini bu elektron qaiməfakturada müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdələrinə götürürlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca, tam icra etməmiş, qalıq borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla (təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır.
17. İddia tələbinin bir hissəsini cavabdehdən 4361,61 manat məbləğində borcun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh2 4361,61 manat (dörd min üç yüz altmış bir manat altmış bir qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-qəbul aktları və elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 5361,6 manat olan (4490,43+871,17=5361,6) mallar təhvil verilmiş, həmin məbləğdən 1000 manat ödənilmiş, qalıq məbləğ 4361,61 manat (5361,6-1000=4361,61) təşkil etmişdir.
19. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamış, mübahisə predmeti olan borcun ödənilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.
20. Eləcə də, iddiaçı hazırkı iddia tələbinə görə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 (əlli) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 12 dekabr 2022-ci il tarixli, 92 saylı alqı-satqı müqaviləsi üzrə 4361,61 manat (dörd min üç yüz altmış bir manat altmış bir qəpik) və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat olmaqla, ümumilikdə 4411,61 manat (dörd min dörd yüz on bir manat altmış bir qəpik) məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova