Məhkəmə qərarları › İş №e-2-2(113)-6708/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6708/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6708/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X5 qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dövlət rüsumu xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndələri X2, Cavabdeh X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi X1 tərəfindən qəbul edilmiş istifadəçi razılaşmasına uyğun olaraq "xxxx" MMC tərəfindən göstərilmiş xidmət müqaviləsində yaranmış 248, 94 manat və ödənilmiş dövlət rüsumuna uyğun olaraq 30 manat olmaqla cəmi 278,94 manat məbləğinin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkətin əsas fəaliyyətini “koliplus.com” onlayn platforması üzərindən həyata keçirir. İstifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək, xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çekisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. İstifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu kart, köçürmə və ya nağd yolu ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də, xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Fərdi X1 tərəfindən xx.xx.2024 tarixində 13.96 kq çəkiyə məxsus bağlama İddiaçı MMC vasitəsilə Çindən Azərbaycana çatdırılsa da, bağlamaya dair 248.94 AZN dəyərində daşınma haqqı müəssisəyə ödənilməmişdir. Cavabdeh şəxsə borcun ödənilməsi barədə bir neçə dəfə müraciət olunmuş, sonuncu müraciətdə (xx.xx.2024-cü il tarixli pretenziya məktubunda) müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə xəbardar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh də öz növbəsində borcunun olmaması barədə etirazını bildirirək müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Odur ki, hazırda iddiaçı tərəf olaraq məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Belə ki, “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış isifadə razılaşmasının; 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir. 4.15-ci maddəsinə əasən əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir. 4.15.1. nömrəli maddəsinə əsasən: Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir. 4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərinin öz məsuliyyətindədir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə olaraq onlayn şəkildə müraciət etmiş və Çindən bir bağlama gətirilməsi məsələsi danışılmışdır. Heç bir məlumatı onlar tərəfindən dəqiqləşdirilmədən, aralarında bağlanmış razılığa əsasən 3.1.3,2.3.3 və sair məlum malı Bakı şəhərinə gətirərək, onların anbarından təhvil alacaqdır. Lakin sonuncu dəfə iddiaçı ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlayıb. Bundan sonra məlum mal Gömrükdə iddiaçı tərəfindən düzgün malın adı tərtib edilməmədiyi üçün malı onlara təhvil verilməmişdir. Artıq 5 aydan çox bir müddətdir ki, malın ödənişini etmiş, lakin iddiaçının bir başa öhdəliyini icra etmədiyi üçün həm malını əldə edə bilmir, həmdə ki, mala görə ödədiyi pul da əldən çıxmışdır. İddiaçının bütün bu hərəkətləri nəticəsində ona ziyan dəymişdir. MM 855.2-ci maddəyə əsasən Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, gömrükdən ödənişi etdikdən sonra cavabdeh mallarını götürə bilər. Cavabdeh hesabında VÖEN-nini və digər məlumatlarını özü qeyd edərək hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan Respublikasının gömrüyünə qədər təşkil edir. Cavabdeh gömrük xərcini ödəmədiyi üçün malını götürə bilmir. Lakin, iddiaçı şirkət müqavilə üzrə öz öhdəliyini yerinə yetirib, cavabdehin sifarişi əsasında malı Azərbaycana çatdırıb.

5. Məhkəmə icasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, doğrudur, saytda qeydiyyatdan özü keçib, məlumatları özü əlavə edib və daşıma haqqının 248,94 manat olmasını razılaşdırıblar. Saytda malın gömrük yoxlanılışında olduğu qeyd edilmişdir. 27 mart tarixində broker ondan invoice istəmişdir. Ona 5 gün ərzində ödənişin edilməli olması ilə bağlı bildiriş gəlməmişdir. Bundan əlavə fərdi sahibar kimi qeydiyyatdan keçmək seçimi yoxdur. Bununla bağlı iddiaçı ilə əlaqə saxlayıb lakin, ona VÖEN-lə qeydiyyatdan keçməyini dedilər. Ümumiyyətlə sayt daxilində fərdi sahibkar kimi qeydiyyatdan keçməklə bağlı bir hissə yoxdur. Əlavə olaraq qeyd edir ki, 4.16.1 maddəyə istinad edilə bilər. xx.xx.2024-cü ildən bəri ona qaimə yazılmayıb. Xidmət yerinə yetirilməyibsə elektron qaimə yazılmır. Sifarişi əsasında mal ölkəyə gətirilsə də, ona verilməyib. İddianın rədd olunmasını xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “Daşıyıcı” və “İstifadəçi” arasında bağlanmış istifadəçi razılaşmasının:

8. 3.1-ci maddəsinə əsasən “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərir.

9. 4.15-ci maddəsinə əasən əsasən əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "xxxx" MMC-yə ödəməlidir.

10. 4.15.1. nömrəli maddəsinə əsasən: Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir.

11. 4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir.

12. İstifadəçi tərəfindən sistemə yüklənmiş bağlamanın invoysundan göründüyü kimi malın dəyəri 153,60 ABŞ dolları qeyd olunmuşdur.

13. Bağlama haqqında məlumata əsasən bağlamanın işləmə kodu KLİ1596045, çəkisi 13.96 kq, çatdırılma qiyməti 248,94 manat və göndərildiyi ölkə Çin kimi qeyd olunmuşdur.

14. Risklər və gömrük dəyərinin elektron qaydada təhlili, sayım və ümumi məntiqi və texniki yoxlama üzrə və malların təyinatının fiziki baxış qaydasında yoxlanılmasına dair bildirişə əsasən məhsulun qaiməsi kimi KLİ1596045 nömrəsi, çəkisi 13.9 kq qeyd olunmuş və məhsulun gömrük orqanı tərəfindən göndərişin saxlanılması barədə qərar qəbul edilərək saxlanca verildiyi qeyd olunmuşdur.

15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

21. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

22. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

23. İşdən göründüyü kimi iddiaçı daşıma xidmətini həyata keçirmiş və məhsulun gömrüyə təhvil verilməsi anına qədər olan öhdəliyini yerinə yetirmişdir. Lakin, məshul gömrük orqanı tərəfindən saxlanılaraq saxlanca təhvil verilmiş və həmin saxlama riski xərlcəri də müqavilə üzrə müştəriyə (cavabdehə) aid edilmişdir.

24. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh fərdi sahibkar bugünə qədər daşıma xərlcərinin ödəməsindən əsassız olaraq yayınmışdır.

25. Məhkəmə hesab edir ki, iddiaçının tələbi işdə olan sübutalarla təsdiq olunduğundan təmin edilməli və 248.94 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X3 xidmət müqaviləsi üzrə yaranmış 248,94 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar