Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-671/2024 14.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1818,00 (bir min səkkiz yüz on səkkiz) manat gecikdirilmiş borcun və hesablanmış 2690,64 (iki min altı yüz doxsan manat 64 qəpik) manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli 2963-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 8467,00 (səkkiz min dörd yüz altmış yeddi) manat gecikdirilmiş borcun və hesablanmış 7458,42 (yeddi min dörd yüz əlli səkkiz manat 42 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 14994,00 (on dörd min doqquz yüz doxsan dörd) manat gecikdirilmiş borcun və hesablanmış 5747,70 (beş min yeddi yüz qırx yeddi manat 70 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 149279,69 (bir yüz qırx doqquz min iki yüz yetmiş doqquz manat 69 qəpik) manat gecikdirilmiş borcun və hesablanmış 186597,47 (bir yüz səksən altı min beş yüz doxsan yeddi manat 47 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 95-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 74895,00 (yetmiş dörd min səkkiz yüz doxsan beş) manat gecikdirilmiş borcun və hesablanmış 90624,03 (doxsan min altı yüz iyirmi dörd manat 03 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 248- LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 32874,00 (otuz iki min səkkiz yüz yetmiş dörd) manat gecikdirilmiş borcun və hesablanmış 39778,62 manat (otuz doqquz min yeddi yüz yetmiş səkkiz manat 62 qəpik) cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, 400 (dörd yüz) manat mediasiyaya dair xərcin, cəmi: 616124,57 (altı yüz on altı min bir yüz iyirmi dörd manat 57 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Avanqard MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2963- GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 95-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 248-LD/18 nömrəli, müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq alan) arasında xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli, xx.xx.2016-cı il tarixli 2963-GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli, xx.xx.2018-ci il tarixli 95- LD/18 nömrəli, xx.xx.2018-ci il tarixli 248-LD/18 nömrəli müqavilələr bağlanmış, həmin müqavilələr üzrə lizinq obyektləri lizinq alana verilmişdir.
11. Müqavilələr və ödəniş qrafikləri hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
13. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır.
14. Məhkəmə iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışları müqayisəli şəkildə tətqiq edərək hesab edir ki, cavabdehin xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli müqavilə üzrə 1.818 manat, xx.xx.2016-cı il tarixli 2963-GL/16 nömrəli müqavilə üzrə isə 8.467 manat, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli müqavilə üzrə 14.994 manat, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli müqavilə üzrə 149.279,69 manat, xx.xx.2018-ci il tarixli 95-LD/18 nömrəli müqavilə üzrə 74.895 manat, xx.xx.2018-ci il tarixli 248-LD/18 nömrəli müqavilə üzrə 32.874 manat ödənilməmiş əsas borcu qalmışdır.
15. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli müqavilə üzrə 1.818 manat, xx.xx.2016-cı il tarixli 2963-GL/16 nömrəli müqavilə üzrə isə 8.467 manat, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli müqavilə üzrə 14.994 manat, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli müqavilə üzrə 149.279,69 manat, xx.xx.2018-ci il tarixli 95-LD/18 nömrəli müqavilə üzrə 74.895 manat, xx.xx.2018-ci il tarixli 248-LD/18 nömrəli müqavilə üzrə 32.874 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
16. Məhkəmə lizinq müqavilələri üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
17. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir.
18. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
19. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli 2702-GL/15 nömrəli müqaviləyə əsasən cavabdehin 1.818 manat əsas borcuna münasibətdə 90 manat dəbbə pulu, xx.xx.2016-cı il tarixli 2963-GL/16 nömrəli müqaviləyə əsasən 8.467 manat əsas borca münasibətdə 420 manat məbləğində dəbbə pulu, xx.xx.2017-ci il tarixli 645-L/17 nömrəli müqaviləyə əsasən 14.994 manat əsas borca münasibətdə 750 manat məbləğində dəbbə pulu, xx.xx.2017-ci il tarixli 305-LD/17 nömrəli müqaviləyə əsasən 149.279,69 manat əsas borca münasibətdə 7.500 manat məbləğində dəbbə pulu, xx.xx.2018-ci il tarixli 95-LD/18 nömrəli müqaviləyə əsasən 74.895 manat əsas borca münasibətdə 3.750 manat məbləğində dəbbə pulu, xx.xx.2018-ci il tarixli 248-LD/18 nömrəli müqaviləyə əsasən 32.874 manat əsas borca münasibətdə 1.600 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənmişdir.
21. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul iddiaçı tərəfindən Bakı 5 saylı Vəkil Bürosununhesabına ödənmişdir.
23. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Bundan başqa Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsi cəmi 296.437,69 manat təşkil etdiyindən, qeyd edilmiş məbləğə görə 586,44 manat məbləğində dövlət rüsumu tələb olunur.
25. Qeyd edilmiş dövlət rüsumunun isə 400 manatı mediasiyaya ödənilmiş rüsumla əhatə olunduğundan kəsir 186,44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, 2702-GL/15 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.818 (bir min səkkiz yüz on səkkiz) manat, cərimə borcu üzrə 90 (doxsan) manat olmaqla, cəmi 1.908 (bir min doqquz yüz səkkiz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2016-cı il tarixli, 2963-GL/16 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 8.467 (səkkiz min dörd yüz altmış yeddi) manat, cərimə borcu üzrə 420 (dörd yüz iyirmi) manat olmaqla, cəmi 8.887 (səkkiz min səkkiz yüz səksən yeddi) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2017-ci il tarixli, 645-L/17 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 14.994 (on dörd min doqquz yüz doxsan dörd) manat, cərimə borcu üzrə 750 (yeddi yüz əlli) manat olmaqla, cəmi 15.744 (on beş min yeddi yüz qırx dörd) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2017-cı il tarixli, 305-LD/17 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 149.279 (bir yüz qırx doqquz min iki yüz yetmiş doqquz) manat, 69 (altmış doqquz) qəpik, cərimə borcu üzrə 7.500 (yeddi min beş yüz) manat olmaqla, cəmi 156.779 (bir yüz əlli altı min yeddi yüz yetmiş doqquz) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2018-ci il tarixli, 95-LD/18 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 74.895 (byetmiş dörd min səkkiz yüz doxsan beş) manat, cərimə borcu üzrə 3.750 (üç min yeddi yüz əlli) manat olmaqla, cəmi 78.645 (yetmiş səkkiz min altı yüz qırx beş) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2018-ci il tarixli, 248-LD/18 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 32.874 (otuz iki min səkkiz yüz yetmiş dörd) manat, cərimə borcu üzrə 1.600 (bir min altı yüz) manat olmaqla, cəmi 34.474 (otuz dörd min dörd yüz yetmiş dörd) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (büş yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 186 (yüz səksən altı) manat, 44 (qırx dörd) qəpik məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov