Məhkəmə qərarları › İş №e-2-2(113)-671/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-671/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-671/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, iddianın qismən etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1964,25 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 188/2023 nömrəli 30 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 30 sentyabr 2023-cü il tarixli 188/2023 saylı müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehi ət məhsulları ilə təmin etməli, qarşılığında isə dəyərini iddiaçıya ödəməli idi. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mallar təqdim edildikdən sonra dəyərini 15 gün ərzində təqdim olunan hesab-fakturaya əsasən ödəməlidir. Həmin tarixdən başlamaqla iddiaçı müqavilə üzrə öhdəliklərinin icrasına başlayıb və razılaşdırılmış müddətdə malları cavabdehə təhvil verib. Təhvil verilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla 1964,25 manat məbləğində elektron qaiməni cavabdehə təqdim edib. Lakin cavabdeh borclu qaldığı 1964,25 manat borcunu bu günə qədər iddiaçıya ödəməyib.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385, 386.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7590/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən ödəniş edilmişdir, bu səbəbdən də iddia 1464,25 manat məbləğində pulun tutulması hissəsində müdafiə edilir.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddianın etirafı barədə ərizə ünvanlayaraq, iddia edilən 1464 manat məbləğində pulun ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

7. Tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDP 986162 seriya və nömrəli elektron qaimə 447,3 manat, xx.xx.2023-cü il tarixli EBDQ 897554 seriya və nömrəli elektron qaimə 562,95 manat, xx.xx.2023-cü il tarixli EBDT 213193 seriya və nömrəli elektron qaimə 468,63 manat, xx.xx.2023-cü il tarixli EBDS 512039 seriya və nömrəli elektron qaimə 485,37 manat olmaqla ümumilikdə 1964,25 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilərək cavabdehə təqdim edilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş edilmişdir.

10. İddiaçı 1964,25 manat məbləğində pulun tutulmasını tələb edir, lakin cavabdeh tərəfindən 500 manat ödəniş edildiyini bildirir və iddianı 1464,25 manat hissəsində müdafiə edir.

11. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək 1464 manat borcu etiraf edir.

12. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

13. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

15. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

16. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

17. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

18. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

19. İddianın qalan hissəsinə münasibətdə isə məhkəmə göstərir ki, iddiaçı həmin hissəni müdafiə etmir, həmçinin təqdim edilən sənədlərdən 1964,25 manat dəyərində malın verildiyi və 500 manat ödənişin edildiyi görünür.

20. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Belə olan halda iddia yalnız 1464,25 manat hissəsində təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1464,25 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

22. İddiaçı həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir.

23. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 35 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini, iddia tələbinin qismən təmin edilməsinə əsas olmuş ödənişin iddia ərizəsi məhkəməyə verilmədən edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilə ödənilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1464,25 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar