Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6713/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, vəkil xərci, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 İyun 2024-cü il tarixli, 56/24 saylı alqı-satqı müqaviləsi əsasında yaramış 7009,2 manat borc, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 400 manat xidmət haqqı, iddia ərizəsinin göndərilməsi üçün 95 manat dövlət rüsumunun, ümumilikdə 7505 manat məbləğin cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ( bundan sonar iddiaçı) ilə "xxxx" MMC ( bundan sonra cavabdeh) arasında 18 İyun 2024-cü il tarixli, 56/24 saylı alqısatqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin də 1-ci maddəsində qeyd edildiyi kimi, müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavə razılaşma protokoluna əsasən iddiaçı cavabdehə 12 ədəd 5940 manat qiymətində avtoşin 385/65 R22.5 DX671 satmış, cavabdeh isə ümumilikdə ƏDV-də daxil olmaqla 7009.2 manat ödəməyi öhdəliyini götürmüşdür. Sözügedən malların iddiaçı tərəfdən cavabdehə təhvil verilməsi 18 iyun 2024-cü il tarixli təhvil-təslim aktı əsasında tərtib edilmiş MT2406 №: 10812759 elektron qaimə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü maddəsinə əsasən cavabdeh borcunu 5 təqvim günü müddətində iddiaçının bank hesabına köçürməli idi. Lakin cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirməkdən bugünə kimi boyun qaçırmaqdadır. İddiaçı tərəfindən 09 avqust 2024-cü il tarixində cavabdehə mövcud borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehdən xəbərdarlıq məktubuna da cavab gəlməmişdir. Həmçinin sözügedən müqavilə əsasən, tərəflər aralarında yaranmış mübahisələrə dair 15 təqvim günü ərzində bir razılıq əldə etmədikləri təqdirdə, mübahisənin həlli üçün AR qanunvericiliyinə əsasən müvafiq məhkəməyə müraciət ətmələri barədə 8-ci maddədə qeyd etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində qeyd edilmişdir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bu maddəyə və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə əsasən cavabdeh iddiaçıya 5 təqvim günü ərzində 8640.1 manat ödəməliydi. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsində qeyd edildiyi kimi, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Buna baxmayaraq cavabdeh nə öhdəliyinin icra etmiş, nə də öhdəliyinin icra edəcəyinə dair iddiaçıya xəbər etməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
5. İddia ərizəsinə əlavə olunmuş “A.S.M” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:
6. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə “Satıcı” “Alıcı”ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.
7. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” Malları müvafiq sənədlərlə, yəni, Qaimə faktura və hesab - faktura ilə birgə “Alıcı”ya təhvil verir.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən təhvil - təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir.
9. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümümi məbləği X1 göstərilib.
10. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər hesab - faktura Alıcıya təqdim edildikdən sonra, 5 (beş) təqvim günü ərzində ödəniş formasında “Satıcf’nm bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Köçürülmə vaxtında edilmədikdə hər gecikdirilən günə qalıq məbləğinin 1%-i miqdarında penya hesablanır.
11. xx.xx.2024-cü il tarixli 01 saylı əlavə razılaşmaya əsasən malların ümumi dəyəri 7009,20 manat müəyyən edilmişdir.
12. xx.xx.2024-cü il tarixli MT2406 10812759 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 7009,20 manat dəyərində mal satışına dair e-qaimə tərtib edilmişdir.
13. xx.xx.2024-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən MT2406 10812759 saylı e-qaiməyə əsasən 7009,20 manat dəyərində malın alıcıya təhvil verilməsi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə üzrə “Satıcı” “Alıcı”ya X1 göstərilən Malları bu müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi, həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” Malları müvafiq sənədlərlə, yəni, Qaimə faktura və hesab - faktura ilə birgə “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür.
23. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimə, təhvil-təslim aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 7009,2 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
24. Beləliklə, 7009,2 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə iddiaçı 400 manat vəkil xərcinin (sübut iş materiallarına əlavə edilib) və 95 manat ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmidir. (sübutlar iş materiallarında mövcüddur).
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 95 manat və vəkil xərcinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
IV.Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 56/24 saylı alqı-satqı müqaviləsi üzrə 7009,2 manat əsas borc məbləği, vəkil xərcinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 95 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova