Məhkəmə qərarları › İş №e-2-2(113)-673/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-673/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-673/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Dövlət X4 İnkişaf İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət X4 İnkişaf İdarəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı iddiaçı ilə cavabdeh arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” bağlanmış xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə üzrə yaranmış 13891,76 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” bağlanmış xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə üzrə yaranmış 13891,76 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tibbi xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə münasibətləri olmasına baxmayaraq cavabdeh öz öhdəliklərini layiqincə icra etməmişdir. xx.xx.2018-ci il tarixində tərtib edilmiş “Qarşılıqlı borcların üzləşdirilməsi Aktı”na əsasən cavabdehin iddiaçıya 13891,76 manat borcunun olduğu müəyyən edilmişdir. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi ilə əlaqədar müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət X4 İnkişaf İdarəsi xx xxxxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2018-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixə ödəməli olduğu borc qalığı 13891,76 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı tibbi xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində müvafiq haqq ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin xx.xx.2018-ci il tarixə ödəməli olduğu borc qalığı 13891,76 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilələrdə nəzərdə tutulmuş xidmətləri cavabdehə göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddiaçının göstərdiyi xidmətin dəyərini ödəmədiyindən cavabdehdən iddiaçının xeyrinə 13891,76 manat borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” bağlanmış xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə üzrə yaranmış 13891,76 manat borc və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət X4 İnkişaf İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti arasında “Tibbi xidmətlərin göstərilməsi barədə” bağlanmış xx.xx.2010-cu il tarixli 54/S saylı Müqavilə üzrə yaranmış 13891,76 manat borc və 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq Azərbaycan Respublikasının Dövlət X4 İnkişaf İdarəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar