Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-673/2022 02.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə,, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 01.12.2020-ci il tarixli, 04/12 saylı alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Müqavilə öhdəliyi üzrə yaranmış 15.686,24 (ƏDV ilə birlikdə) manat məbləğində əsas borcun və ona hesablanmış 980,39 manat məbləğində bank uçot faiz dərəcəsinin, cəmi 16.666,63 manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən tutularaq İddiaçın hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məsuliyətli Cəmiyyəti ilə aralarında bağlanmış 01.12.2020-ci il tarixli, 04\12 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə beton məhlulunu satmağı, cavabdeh isə aldığı beton məhlulun dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən cavabdehə satılmış M350 markalı beton məhlulunun dəyəri ƏDV-siz hər kub metri 83 manat, ƏDV ilə birlikdə cəmi 15.686,24 manat təşkil edir. Bununla bağlı tərəflərindən cavabdehə 16.12.2020-ci il; 30.12.2020-ci il və 31.05.2021-ci il tarixli elektron qaimələr təqdim edilmişdir. Lakin hazırkı vaxta kimi cavabdeh aldığı malın dəyərini ödəməmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə 45 saylı, 28.07.2021-ci il tarixli pretenziya məktubu göndərilmışdir. Buna baxmayaraq cavadeh borcu ödəməmiş və pretenziya məktubuna hazırkı vaxta kimi heç bir səbəb olmadan cavab verməmişdir. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank uçot faiz dərəcəsi 6.25% müəyyən edilmişdir. Belə olan halda 15.686,24 manata görə cavabdeh tərəfindən onlara 980,39 manat cərimə ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq iddiaçıya məxsus olan və ödənilməli vəsaiti hesabında saxlamaqla ondan faydalanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 01.12.2020-ci il tarixli 04/12 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsinə verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən alıcı satıcı tərəfindən onun sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankda olan hesablaşma hesabına köçürür. 4.1-ci bəndinə əsasən beton məhlulunun markalarına görə qiymətləri (ƏDV-siz) pompasız aşağıdakı kimi qəbul edilir. - B25 M350 1m3 83 manat 5.1-ci bəndinə əsasən satılan beton məhlulunun dəyəri nəzərdə tutulan partiyalara uyğun olaraq alıcı tərəfindən qabaqcadan satıcının bank hesabına ödənilir. 5.2-ci bəndinə əsasən əgər beton məhlulunun dəyərinin ödənilməsi beton qəbul edildikdən sonra razılaşdırılarsa o halda alıcı malı qəbul etdikdən sonra 5 bank günü ərzində məhsulun dəyərini satıcının bank hesabına köçürməlidir. 6.1-ci bəndinə əsasən alıcı qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödənməzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1%-i miqdarında cərimə ödəyir. Bundan əlavə olaraq ödənilməmiş məbləğə görə satıcı tərəfindən alıcıya qarşı Azərbaycan Respublikası qüvvədə olan mülki qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 4113,48 manat dəyərində malın verilməsinə dair 16.12.2020-ci il tarixli, EBAT seriyalı, 951254 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 9588,09 manat dəyərində malın verilməsinə dair 30.12.2020-ci il tarixli, EBAV seriyalı, 667037 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1984,67 manat dəyərində malın verilməsinə dair 31.05.2021-ci il tarixli, EBBC seriyalı, 465590 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 15.686,24 manat əsas borc və ona hesablanmış 980,39 manat bank uçot faiz dərəcəsi olmaqla cəmi ƏDV ilə birlikdə 16.666,63 manat pulun qısa müddət ərzində onların hesablaşma hesabına ödənilməsini təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.12.2020-ci il tarixli 04/12 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 15.686,24 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 15.686,24 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 15.686,24 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 980,39 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 140 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 15.686,24 manat (on beş min altı yüz səksən altı manat iyirmi dörd qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-673/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-673/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver