Məhkəmə qərarları › İş №e-2-2(113)-673/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-673/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-673/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 1702 nömrəli, 31 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödəmədiyi 8657,96 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, cəmi 8687,96 (səkkiz min altı yüz səksən yeddi manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 1702 nömrəli, 31 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 31 sentyabr 2022-ci il tarixli, 1702 saylı müqavilənin 2.2-ci bəndinə əsasən İddiaçı Cavabdeh MMC-ni ət məhsulları ilə təmin etməli, qarşılığında isə bunun dəyərini İddiaçı ödəməli idi. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mallar təqdim edildikdən sonra dəyərini iki həftə ərzində təqdim olunan hesab-fakturaya əsasən ödəməlidir. Həmin tarixdən başlamaqla İddiaçı müqavilə üzrə öhdəliklərinin icrasına başlayıb və razılaşdırılmış müddətdə malları Cavabdeh MMC-yə təhvil verib. Təhvil verilmiş malların dəyərinin ödənilməsi üçün İddiaçı Hacıbaala oğlu müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla 30633.47 (otuz min altı yüz otuz üç manat, qırx yeddi qəpik) manat əsas və 0 (sıfır) manat ƏDV olmaqla, cəmi 30633.47 (otuz min altı yüz otuz üç manat, qırx yeddi qəpik) manat məbləğində elektron qaiməni Cavabdeh MMCyə təqdim edib. 1792.14 (min yeddi yüz doxsan iki manat, on dörd qəpik) manat əsas və 0 (sıfır) manat ƏDV, cəmi 1792.14 (min yeddi yüz doxsan iki manat, on dörd qəpik) manat mallar geri qaytarılıb. Cavabdeh MMC tələb olunan məbləğ üzrə müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla İddiaçı Hacıbaba oğluna 20183.37 (iyirmi min yüz səksən üç manat, otuz yeddi qəpik) manat və 0 (sıfır) manar ƏDV, cəmi 20183.37 (iyirmi min yüz səksən üç manat, otuz yeddi qəpik) manat pul ödəyib. Lakin borclu qaldığı 8657,96 (səkkiz min altı yüz əlli yeddi manat, doxsan altı qəpik) manat əsas və 0 (sıfır) manat ədv olmaqla, cəmi 8657,96 (səkkiz min altı yüz əlli yeddi manat, doxsan altı qəpik) manat borcunu bu günə qədər İddiaçı ödəməyib.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bundan əlavə, baxmayaraq ki, cavabdehin EMİS-də e-kabineti mövcüddur, lakin bütün məhkəmə araşdırılması zamanı iddiaya dair hər-hansı etirazını yazılı qaydada da məhkəməyə təqdim etməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1702 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq ət və ət məhsulları ala bilər.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı satılan malı alıcının nümayəndəsinə təhvil verir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturda, VHF-da, elektron qaimə fakturada göstərilir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura, VHF-də qaimə faktura əsasında köçürmə və ya nağd qaydada iki həftə ərzində ödəyir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən malın göndərilməsi zamanı qaimə faktura tərtib edilir.

13. EBDB 541273 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 999 manat, EBDF597117 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən – 1870 manat, EBDH111979 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 776,70 manat, EBDJ006962 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 1310,35 manat, EBDK474234 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 1411,60 manat, EBDO149784 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 2101,50 manat dəyərində mallar İddiaçı tərəfindən FGF Group” MMC-yə satılmışdır (cəmi 8469,15 manat).

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

22. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1702 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura, VHF-də, elektron qaimə faktura əsasında köçürmə və ya nağd qaydada iki həftə ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış malların dəyəri tam olaraq ödənilməmişdir.

23. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 8657,96 manat borcun ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, cəmi 8469,15 manat məbləğində malların satışına dair cavabdehə e-qaimə göndərilmişdir.

24. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 8469,15 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

25. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddaçı tərəfindən 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq) iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1702 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 8469,15 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 105 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar