Məhkəmə qərarları › İş №e-2-2(113)-6731/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6731/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6731/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bestcomp Group” QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BCE 26-43/12-23 saylı 26 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1700 (min yeddi yüz) manat məbləğində əsas borcun və 170 (yüz yetmiş) manat cərimə borcunun, həmçinin 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1909 (min doqquz yüz doqquz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında BCE 26-43/12-23 saylı 26 dekabr 2023-cü il tarixli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh MMC-nə ƏDV daxil olmaqla 1700 manat dəyərində 1 ədəd “HP Pro 240 G9 i7-1255U 16GB/512GB PC” İT avadanlığı təhvil verilmişdir. Həmin Müqavilələrin 1.2-ci bəndinə əsasən alıcı malın (xidmətin) qəbul edilməsini və müqavilə imzalanandan sonra 14 gün ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Satıcı ödənişin gecikdirildiyi hər günə görə vaxtında ödənilməmiş məbləğin 0.1 %-i həcmində Alıcıya cərimə tətbiq etmək hüququna malikdir. Cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuş və hal-hazıradək müqavilə üzrə ödəniş edilməmişdir. Belə ki, bu müqavilə üzrə xx.xx.2023-cü il tarixdə elektron qaimə vurulmasına baxmayaraq bu günədək ödəniş edilməmişdir. Nəticə etibarı ilə Cavabdeh BCE 26-43/12-23 saylı 26 dekabr 2023-cü il tarixli Alqı-Satqı Müqavilə üzrə İddiaçı Cəmiyyətimiz qarşısında 1700 (min yeddi yüz) manat məbləğində əsas borc və 170 (yüz yetmiş) manat cərimə borcu yaranmışdır. Dəfələrlə cavabdeh hüquqi şəxsin rəhbəri ilə telefon əlaqəsi saxlanılmış və alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələb olunmuşdur. Əfsuslar olsun ki, cavabdeh tərəf müqavilə öhdəliklərinə ciddi yanaşmamışdır. Cavabdeh MMC-nə sürətli poçt və vergi karguzarlığı vasitəsi ilə göndərilən Pretenziya məktubları üzrə də borcun könüllü qaydada bağlanması ilə bağlı son xəbərdarlıq müddəti başa çatmışdır. Tərəflər arasında bağlanan Alqı-satqı müqaviləsində cərimə nəzərdə tutulduğundan cavabdeh Cəmiyyətdən, əsas borcla yanaşı cərimə məbləğləri də tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Əhməd iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Mirzəyev iddia tələbini əsas borc hissədə qəbul etdiklərini bildirib satılmış malın dəyərinin ödəniləcəyini göstərdi.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı tərəfindən cavabdehə satılmış malla (kompüter avadanlığı) bağlı təqdim edilmiş EBBW 017481 saylı, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1700 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 07 avqust 2025-ci il tarixli, BCH-07 nömrəli maliyə arayışından görünür ki, cavabdehin iddiaçıya 1700 manat əsas, 170 manat cərimə borcu vardır.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 1700 manat (ƏDV daxil) dəyərində mal (HP PC adlı kompyuter) təhvil verilmiş, lakin cavabdeh tərəfindən satılmış malın dəyəri ödənilməmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1700 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 170 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

26. Lakin iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında imzalanmış dəbbə pulu haqqında yazılı razılaşma təqdim olunmamış, belə bir razılaşmanın olmaması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.

27. Odur ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1700 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 37 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1700 manat əsas borc, 37 manat dövlət rüsumu, ümumilikdə 1737 (bir min yeddi yüz otuz yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2 (iki) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar