Məhkəmə qərarları › İş №e-2-2(113)-6736/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6736/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6736/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 iyun 2024-cü il tarixində № 137 saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış 18,733.45 (on səkkiz min yeddi yüz otuz üç manat 45 qəpik) manat əsas borcun və iş üzrə ödənilmiş 146.20 (yüz qırx altı manat, 20 qəpik) manat dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətni dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıilə Cavabdeh arasında 28 iyun 2024-cü il tarixində 137 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.1.-ci maddəsinə əsasən, “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci maddədə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifəsidir. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Malların təhvil - qəbul aktından da aydın olduğu kimi Cavabdeh MMC-nin İddiaçı MMC-yə 18,733.45 (on səkkiz min yeddi yüz otuz üç manat 45 qəpik) manat əsas borc məbləği qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və xx.xx.2025-ci il tarixində isə APC65/2025 nömrəli bildirişlə (pretenziya məktubu) yazılı müraciət edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınaraq iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Odur ki, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır.

3. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müaraciət edərək, tərəflər arasında bağlanmış 28 iyun 2024-cü il tarixində № 137 saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun digər qalan hissəsini – 9382.65 (doqquz min üç yüz səksək iki manat 65 qəpik) manat və iş üzrə ödənilmiş 146.20 (yüz qırx altı manat, 20 qəpik) manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, borcun əlli faizini ödəyiblər, qalan məbləği də ödəmək fikrindədilər. İddiaya heç bir etirazları yoxdur.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə “X2” MMC arasında bağlanmış 28 iyun 2024-cü il tarixində 137 saylı Alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyən edilən malların “Satıcı” tərəfindən “Alıcı”-nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, dəyəri, çatdırılma şərtləri və digər vacib şərtlər Əlavələrdə əks olunur.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən əlavələrdə göstərilən və Tərəflərin razılaşdırdığı qiymətlər sabitdir və yalnız Satıcı tərəfindən Alıcıya ən azı 5 gün öncə məlumat verilməklə dəyişdirilə bilər.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə uyğun olaraq alınan malların dəyəri və ödəniş şərtləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyənləşdirilir.

12. Tərəflər arasında imzalanmış Müqaviləyə 1 saylı Əlavəyə əsasən soyudulmuş toyuq filesinin 1 kq-nın qiyməti 7,45 manat məbləğində, soyudulmuş bütöv toyuğun1 kqnın qiyməti 5,25 manat məbləğində, soyudulmuş toyuq budunun 1 kq-nın qiyməti 5 manat məbləğində razılaşdırılmışdır. Alıcı satıcıdan təhvil almış məhsulun dəyərini növbəti ayın ilk 10 günü tam şəkildə ödəməlidir.

13. Tərəflər arasında imzalanmış 23 yanvar 2025-ci il tarixli Razılaşmaya əsasən soyudulmuş toyuq filesinin 1 kq-nın qiyməti 7,90 manat məbləğində, soyudulmuş bütöv toyuğun1 kq-nın qiyməti 5,45 manat məbləğində, dondurulmuş toyuq filesinin 1 kq-nın qiyməti 7,90 manat məbləğində, dondurulmuş bütöv toyuğun 1 kq-nın qiyməti 5,50 manat məbləğində razılaşdırılmışdır. Alıcı satıcıdan aldığı məhsulun dəyərini müvafiq qaiməfaktura satıcıya təqdim olunduğu tarixdən sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir.

14. 12.03.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən 5172,88 manat məbləğində, xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən 8368,33 manat məbləğində, xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən 5311,41 manat məbləğində, xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən 1293,59 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

15. İddiaçı tərəfindən cavabdehə malların satışına dair xx.xx.2025-ci il tarixli MT**********77 nömrəli - 5172,88 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********17 nömrəli – 8368,32 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********86 nömrəli – 5311,40 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********23 nömrəli 982,47 manat məbləğində e-qaimələr göndərilmişdir.

16. Hesabdan çıxarışa əsasən “X2” MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixində təyinatı e-qaimə göstərilməklə 3000 manat məbləğində, xx.xx.2025-ci il tarixində 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixində 6000 manat məbləğində, xx.xx.2025-ci il tarixində təyinatı e-qaimə göstərilməklə 8500 manat məbləğində, xx.xx.2025-ci il tarixində təyinatı e-qaimə göstərilməklə 1000 manat məbləğində, xx.xx.2025-ci il tarixində 3800 manat məbləğində ödənişlər edilmişdir.

17. Ödəniş tapşırığına əsasən “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixində 9350,80 manat məbləğində ödəniş edilmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

26. Göründüyü kimi tərəflər arasında 28 iyun 2024-cü il tarixində 137 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyən edilən malların “Satıcı” tərəfindən “Alıcı”-nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 9382,65 manat ödənilməmiş borcu qalmışdır. Həmin məbləğdə borcun mövcüdluğu cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr, təhvil-təslim aktı, qismən ödənişlər və cavabdehin nümayəndəsinin etirafı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin əsas borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 9382,65 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9382,65 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 146,20 manat dövlət rüsumu ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borc hissədə təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq 114 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “X2” MMC-dən 9382,65 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 114 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar