Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-674/2022 10.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12971,36 manat məbləğində pulun, 4701,41 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat məbləğinin və ödənilmiş 143,10 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar almışdır. 01 aprel 2019-cu il tarixində tərəflər arasında bağlanmış A/01/4/S-19 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Həmin məhsulların dəyərinin bir qismi cavabdeh tərəfindən ödənilsə də 12971,36 manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün 17.12.2020-ci il tarixli “borc öhdəliyinin qarşılıqlı tanınması” barədə akt tərtib edilərək borc öhdəliyinin miqdarı 12971,36 müəyyən edilmişdir. Müəyyən edilən borcun cavabdeh tərəfindən qısa müddətdə tam ödəniləcəyinə dair öhdəlik müəyyən edilsədə bu günə kimi borc ödənilməmişdir. Borcun ödənilməsinə dair Cavabdeh MMC-yə 20.09.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borc ödənilmədiyi üçün mediatora müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş 20.01.2021-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 12971,36 manat təşkil edir. Tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndinə əsasən “alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün 0,2% dəbbə pulunu alıcıdan tələb edə bilər”. Cavabdehin qalıq əsas borcuna görə gecikdirmə günləri nəzərə (691 gün) alınmaqla 4701,41 manat məbləğində dəbbə pulu hesablanmışdır. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış A/01/4/S-19 nömrəli, 01 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı - İddiaçı MMC bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2"nda göstərilən mal-materıalları Alıcıya - Cavabdeh MMCyə satmağı, Alıcı isə həmin malları qəbul edib, almağı və onun dəyərini pdəməyi öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X2”na Elektron Qaimə - Fakturaya, Qaimə - Fakturaya uyğun olaraq müəyyən edilir. Elektron Qaimə fakturanın, Qaimə - Fakturanın alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. - Cavabdeh MMC-nin İddiaçı MMC-yə 01.12.2021-ci il tarixə debitor borcu barədə maliyyə arayışına əsasən Cavabdeh MMC-yə 4701,41 manat məbləğində dəbbə pulu hesablanmışdır. - 17 dekabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcu 17 dekabr 2020-ci il tarixinə 12917,36 manat təşkil edir. - 10.01.2020-ci il tarixli, EBAE seriyalı, 885870 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 10227,29 manat dəyərində mal təhvil verilmişdir. - 10.01.2020-ci il tarixli, EBAE seriyalı, 914413 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 444,79 manat dəyərində mal təhvil verilmişdir. - 29.01.2020-ci il tarixli, EBAF seriyalı, 620733 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 582,92 manat dəyərində mal təhvil verilmişdir. - 17.02.2020-ci il tarixli, EBAG seriyalı, 454393 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 386,33 manat dəyərində mal təhvil verilmişdir. - 16.03.2020-ci il tarixli, EBAH seriyalı, 349484 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 1374,11 manat dəyərində mal təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - əsas borc 12971,36 manat məbləğində pul vəsaitinin; - 4701,41 manat məbləğində dəbbə pulunun ödənilməsi. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 2-ci bəndinə əsasən ödəniş qaydası müəyyən olunmuşdur. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 13015,44 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İşdən də göründüyü kimi cavabdehin iddiaçıya əsas borcu olması faktı tərəflər arasında tərtib edilmiş 17 dekabr 2020-ci il tarixli üzləşmə aktında əksini tapmışdır. Cavabdehin borc məbləği 12917,36 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən alıcı borcun ödənilməsi gecikdirildiyi təqdirdə satıcının gecikdirilmiş hər gün üçün 0,2% dəbbə pulunu alıcıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 12917,36 manat əsas borca 4701,41 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 4701,41 manat dəbbə pulunun miqdarı azaldılaraq 800 manat miqdarında müəyyən edilməlidir. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 17672,77 manat təşkil etdiyindən 143,10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin, buna baxmayaraq, iddiaçı tərəfindən həm ilkin mediasiya sessiyasının keçirilməsinə görə 210 manat məbləğində pul vəsaiti, həm də dövlət rüsumu qismində dövlət büdcəsinə 143,1 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.1-ci madəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 143,1 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 155 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 12917,36 manat məbləğində pul vəsaiti və 800 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 13717,36 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 155 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 143,1 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-674/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-674/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver