Məhkəmə qərarları › İş №e-2-2(113)-6750/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6750/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6750/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli məhsulların nisyə alqısatqısı barədə müqavilə üzrə 11440,97 manat məbləğində pul və ödənilmiş 124,32 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 7573/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 11440,97 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. 2.2. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya olan borcunun 11440,97 manat hissəsini bu günədək ödəməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 567, 598-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi Nümayəndə cavabdehə malların bir dəfə təqdim olunduğunu və cavabdeh tərəfindən ödəniş edilmədiyini qeyd etdi.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrəsinə “SMS” bildiriş göndərilməklə, təsdiq edilmiş elektron poçtuna (“Elektron ünvan ”) məlumatlar göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 7573/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin şərtlərindən görünür ki, “Satıcı” “Alıcı”ya nisyə (borc) olaraq ümumi dəyəri 11440 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır (1-ci bənd). “Alıcı” “Satıcı”dan ümumi dəyəri 11440 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir (2-ci bənd). “Alıcı” “Satıcı”ya 11440 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür (3-cü bənd). “Alıcı” “Satıcı”nın hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında yalnız “Satıcı“nın səlahiyyətli nümayəndəsindən qəbz (“təhsilat”) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” tərəf daşıyır (5-ci bənd).

12. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 11440,97 manat dəyərində məhsul cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir.

13. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək 11440 manat məbləğində borcunu xx.xx.2022-ci il tarixə qədər tam ödəməyi öhdəsinə götürmüşdür.

14. İş materiallarına əlavə edilmiş iddiaçı (kreditor qismində) ilə cavabdeh (borclu qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin şərtlərindən görünür ki, Kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında Borclunun Kreditora 11440 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 11440 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür (1.1). Borclu borc məbləğini bu Müqavilə bağlandıqdan sonra hər ay 3813 manat olmaqla xx.xx.2022ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür (2.1).

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 7573/2022 nömrəli məhsulların nisyə alqısatqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müxtəlif çeşidli məhsulları (və ya taranı) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində onların dəyərini 3 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı əsasında cavabdehə ümumilikdə 11440,97 manat məbləğində müxtəlif çeşidli içkilər təhvil vermişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, cavabdeh iddiaçıya 11440 manat məbləğində borcu olduğunu etiraf etmiş, xx.xx.2022-ci il tarixədək hər 3813 manat məbləğində olmaqla xx.xx.2022-ci il tarixinədək borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

16. İddiaçı 11440,97 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avrora Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

24. Göründüyü kimi, cavabdeh 11440 manat məbləğində borcu etiraf etmiş, xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir.

25. Həmçinin Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

26. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı etiraf edilən 11440 manat məbləğində borcla yanaşı, xx.xx.2022-ci il tarixli 7573/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsaslanmaqla 0,97 manat məbləğində pulun da tutulmasını istisna edir. Halbuki tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə öz hüquqi təbiəti etibarilə kəsici xarakter daşıyır və həmin müqavilənin bağlanması ilə tərəflər arasında olan əvvəlki münasibətlərə istinad istisna edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yalnız 11440 manat hissəsində əsaslıdır.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Beləliklə, məhkəmə hesab edir ki, borcun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, 11440 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. İddiaçı həmçinin 124,32 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 124,32 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Beləliklə, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 124,32 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 11440 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar