Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6758/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Caspian Road“ MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 655.79 (iyirmi altı min altı yüz əlli beş manat 79 qəpik) əsas borc məbləği, illik 5 % hesablanmaqla 1332,78 (bir min üç yüz otuz iki manat 78 qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2 % həcmində - 19458.72 (on doqquz min dörd yüz əlli səkkiz manat 72 qəpikı) manat gecikdirmə faizi, ümumilikdə 47447,29 (qırx yeddi min dörd yüz qırx yeddi manat 29 qəpik) manat borc məbləği, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 233 (iki yüz otuz üç) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə C"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli, F140223NB1400X nömrəli Alqısatqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə (bundan sonra “X5”) müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və filterləri (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə Malların qiyməti bu müvafiq X3 göstərilir. Müqavilənin 4.2ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə hazırki Müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər arasında imzalanmış X2 və Təhvil - Təslim Aktlarına əsasən aşağıda dəyəri qeyd olunmuş Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır: 1. 30 may 2023-cü il tarixli, EBDG seriyalı, 614909 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 3671 üç min altıi yüz yetmiş bir) manat, ƏDV579.78 (beş yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat, ümumilikdə 4250.78 (dörd min iki yüz əlli manat yetmiş səkkiz qəpik) manat; 2. 01 iyun 2023-cü il tarixli, EBDG seriyalı, 869211 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 1 498.00 (bir min dörd yüz doxsan səkkiz manat) manat, ƏDV269.64 (iki yüz altmış doqquz manat altmış dörd qəpik) manat, ümumilikdə 1 767.64 (bir min yeddi yüz altmış yeddi manat altmış dörd qəpik) manat; 3. 21 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 392812 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 311.00 (üç yüz on bir manat) manat, ƏDV55.98 (əlli beş manat doxsan səkkiz qəpik) manat, ümumilikdə 366.98 (üç yüz altmış altı manat doxsan səkkiz qəpik) manat; 4. 10 avqust 2023-cü il tarixli, EBDL seriyalı, 849844 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 3 631.00 (üç min altı yüz otuz bir manat) manat, ƏDV653.58 (altı yüz əlli üç manat əlli səkkiz qəpik) manat, ümumilikdə 4 284.58 (dörd min iki yüz səksən dörd manat əlli səkkiz qəpik) manat; 5. 16 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 234237 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 442.00 (iki min dörd yüz qırx iki manat) manat, ƏDV439.56 (dörd yüz otuz doqquz manat əlli altı qəpik) manat, ümumilikdə 2 881.56 (iki min səkkiz yüz səksən bir manat əlli altı qəpik) manat; 6. 24 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 799043 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 952.03 (doqquz yüz əlli iki manat sıfır üç qəpik) manat, ƏDV171.37 (bir yüz yetmiş bir manat otuz yeddi qəpik) manat, ümumilikdə 1 123.40 (bir min yüz iyirmi üç manat qırx qəpik) manat; 7. 25 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 883562 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 688.12 (altı yüz səksən səkkiz manat on iki qəpik) manat, ƏDV 123.86 (bir yüz iyirmi üç manat səksən altı qəpik) manat, ümumilikdə 811.98 (səkkiz yüz on bir manat doxsan səkkiz qəpik) manat; 8. 30 avqust 2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 1 030.99 (bir min otuz manat doxsan doqquz qəpik) manat, ƏDV185.58 (bir yüz səksən beş manat əlli səkkiz qəpik) manat, ümumilikdə 1 216.57 (bir min iki yüz on altı manat əlli yeddi qəpik) manat; 9. 07 sentyabr 2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 4 858.25 (dörd min səkkiz yüz əlli səkkiz manat iyirmi beş qəpik) manat, ƏDV874.49 (səkkiz yüz yetmiş dörd manat qırx doqquz qəpik) manat, ümumilikdə 5 732.74 (beş min yeddi yüz otuz iki manat yetmiş dörd qəpik) manat; 10. 13 sentyabr 2023-cü il tarixli, EBDO seriyalı, 249623 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 146.00 (bir yüz qırx altı manat) manat, ƏDV26.28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat, ümumilikdə 172.28 (bir yüz yetmiş iki manat iyirmi səkkiz qəpik) manat; 11. 15 sentyabr 2023-cü il tarixli, EBDO seriyalı, 357783 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 289.82 (iki min iki yüz səksən doqquz manat səksən iki qəpik) manat, ƏDV412.17 (dörd yüz on iki manat on yeddi qəpik) manat, ümumilikdə 2 701.99 (iki min yeddi yüz bir manat doxsan doqquz qəpik) manat; 12. 25 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 002192 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 400.08 (dörd yüz manat sıfır səkkiz qəpik) manat, ƏDV72.01 (yetmiş iki manat sıfır bir qəpik) manat, ümumilikdə 472.09 (dörd yüz yetmiş iki manat sıfır doqquz qəpik) manat; 13. 03 oktyabr 2023-cü il tarixli, EBDP seriyalı, ******* nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 280.00 (iki yüz səksən manat) manat, ƏDV50.40 (əlli manat qırx qəpik) manat, ümumilikdə 330.40 (üç yüz otuz manat qırx qəpik) manat;
14. 12 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 288960 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 460.00 (dörd yüz altmış manat) manat, ƏDV82.80 (səksən iki manat səksən qəpik) manat, ümumilikdə 542.80 (beş yüz qırx iki manat səksən qəpik) manat; Odur ki, yuxarıda qeyd olunanlara əsasən yuxarıda qeyd olunanlara əsasən, 26 655.79 (iyirmi altı min altı yüz əlli beş manat 79 qəpik) manat dəyərində borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş vəAlıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X4 ümumi məbləğinin 0, 2 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Tərəfimizdən cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubu göndərildikdən sonra 30 may 2023-cü il tarixli, EBDG seriyalı, 614909 nömrəli elektron qaimə-faktura üzrə əsas məbləğdən 2050 (iki min əlli) manat, ƏDV məbləğindən isə 450 (dörd yüz əlli) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Lakin borc cöhdəliyi tam həcmdə icra edilməmişdir. Beləliklə, müqavilə üzrə 26 655.79 (iyirmi altı min altı yüz əlli beş manat 79 qəpik) əsas borc məbləği, illik 5 % hesablanmaqla 1332,78 (bir min üç yüz otuz iki manat 78 qəpik) manat cərimə, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0, 2 % həcmində, lakin ödənişi gecikdirilmiş məbləğin 10 % həcmindən çox olmamaq şərtilə 19458.72 (on doqquz min dörd yüz əlli səkkiz manat 72 qəpikı) manat gecikdirmə faizi, ümumilikdə 47447,29 (qırx yeddi min dörd yüz qırx yeddi manat 29 qəpik) manat borc məbləği yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, F140223NB1400X nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə (bundan sonra “X5”) müəyyən olunan markada və keyfiyyətdə sürtkü yağlarını və filterləri (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə görə Malların qiyməti bu müvafiq X3 göstərilir.
9. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir.
10. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün müvafiq X4 ümumi məbləğinin 0,2 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 614909 nömrəli 4250,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 869211 nömrəli 1767,64 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 392812 nömrəli 366,98 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 849844 nömrəli 4284,58 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 234237 nömrəli 2881,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 799043 nömrəli 1123,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 883562 nömrəli 811,98 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli 1216,57 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 760039 nömrəli 5732,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 249623 nömrəli 172,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 357783 nömrəli 2701,99 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 002192 nömrəli 472,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, ******* nömrəli 330,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 288960 nömrəli 542,80 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
12. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli X1 və eyni tarixli təhvil-təslim aktları imzalanmışdır.
13. “X6” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2500 manat vəsait ödənilmişdir.
14. İddiaçının ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 450 manat ƏDV ödənilmişdir.
15. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsi; 2. Dəbbə pulunun tutulması; 3. illik 5% olmaqla hesablanmış faiz borcunun tutulması.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələri ilə razılaşdırılmış mallar təhvil aktları əsasında cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş malların dəyərinin bir qismi (2500 manat əsas borc, 450 manat ƏDV) ödənilmiş, qalıq 26655,79 manat vəsait ödənilməmiş qalmışdır. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 26655,79 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir.
27. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən hesablanmış 19458,72 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1300 manat müəyyən edilməlidir.
32. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.
33. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 1332,78 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi (əsas borc 26655,79 manat * 5 faiz /100) tələbini də irəli sürmüşdür.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
37. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
38. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
39. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
40. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
42. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
45. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
46. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26655,79 manat əsas borc, 1332,78 manat faiz borcu, 1300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.
49. Belə ki, iddiaçı ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EM-1937VK-4842 nömrəli müqaviləyə əsasən, hüquqi yardımın göstərilməsi üçün 300 manat hüquqi xidmət haqqı ödənilmişdir.
50. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 33 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməldir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26655,79 manat əsas borc, 1332,78 manat faiz borcu, 1300 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, 300 manat hüquqi yardıma görə xərc, ümumilikdə 29788,57 (iyirmi doqquz min yeddi yüz səksən səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 33 (otuz üç) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova