Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6763/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC–dən 6775.32 manat əsas borc, 677 manat gecikdirilmiş faiz borcu, cəmi 7452.32 manatın və 94.52 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022 – ci il tarixində K2022-0169 nömrəli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC – dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə 6775.32 manat əsas borc, 677 manat gecikdirilmiş faiz borcu, cəmi 7452.32 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə ödəniş edilməmişdir. Əlavə olaraq tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqı münasibətləri davam etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2022–ci il tarixində K2022-0334 nömrəli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (ümumi məbləğin 10 %-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.” Alıcının əsas borcu 6775.32 manat təşkil edir. Həmçinin 275 gün əsas borc ilə əlaqədar heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 1863.2 manat faiz borcu – dəbbə pulu hesablanmışdır. Lakin Müqavilə şərtinə əsasən, dəbbə pulu 10 % məbləğinin keçməməlidir. Bu səbəbdən 1863.2 manat dəbbə pulu 6775.32 manat əsas borcun 10%-iməbləğində hesablanaraq 677.32 manat təşkil etmişdir. (Cəmi isə 7452.32 manat hesablanmışdır).
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu, cəmi 7113,32 manatın və 94,52 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6763/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 94,52 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
5. 15.11.2024-cü il tarixində Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6763/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qəradad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6763/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6763/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məzuniyyətdə olduğu üçün iclasda iştirak edə bilməyəcək. İşə iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəblərinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022- 0169 saylı alqı-satqı müqaviləsinə əsasən:
12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və oun vəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 1.2-ci bəndinə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşdırma protokolu və ya satıcı tərəfindən verilən qiymət cədvəlində müəyyən edilir.
14. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir.
15. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir.
16. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir.
17. Müqavilənin 5.4-cü bəndində razılaşdırılmış müddət ərzində malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1% məbləğində dəbbə pulu ödəyir.
18. 16.08.2023-cü il tarixli O4607301 saylı ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçıya EBDM096043 saylı e-qaimə üzrə 365,75 manat dəyərində ödəniş edilmişdir.
19. 23.08.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 1035,80 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 560,50 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1583,70 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 527,90 manat dəyərində və xx.xx.2023-cü il tarixli akta əsasən 1583,71 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
20. İddiaçı tərəfindən mal satışına dair xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən eqaimə tərtib edilərək qarşı tərəfə göndərilmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022-0169 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və təhvil-təlim aktı ilə təstiq olunduğu üçün 6775,32 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, cavabdeh MMC məhkəmə tərəfindən qəbul edilmiş qiyabi qətnamənin ləğv olunması barədə ərizə ilə EMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət etsə də, qiyabi qətnamə ləğv olunandan sonra iddiaya dair hər hansı etirazını yazılı qaydada məhkəməyə bildirməmiş, nə də ki, məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir (cavabdehin EMİS-də e-kabineti də mövcüddür).
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6775,32 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6775,32 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 338 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 338 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 94,52 manat dövlət rüsumu ödənilmişdir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 94,52 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 6775,32 manat əsas borc, 338 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 94,52 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova