Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6764/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün n xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-nin (VÖEN: **********) dövlət büdcəsinə 334127,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 11063,73 manat, faizlər üzrə 131,33 manat, maliyyə sanksiyası üzrə 322932,08 manat) olmaqla, ümumilikdə 334127,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********808600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92, mənzil 18 ünvanında qeydiyyatdadır.
3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə hazırki ərizə ilə bağlı yazılı etiraz təqdim edərək, ərizənin rədd olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün mənim ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə iddia tələbi rədd edilməlidir. Təqdim edilən tələbin əsasını təşkil edən vergi borcu, 2021-2023-cü illəri əhatə edən dövr üzrə aparılmış səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmişdir. Bu müddət ərzində hazırkı baş direktor Maraqlı şəxs "xxxx" QSC-də rəhbər vəzifədə olmamışdır. Belə olan halda, borcun yaranmasına görə onun hüquqi və maddi məsuliyyət daşımasına kifayət qədər hüquqi əsas yoxdur. Digər tərəfdən "xxxx" QSC tərəfindən 2025-ci il ərzində aşağıdakı ödənişlər həyata keçirilmişdir: - 20 000 AZN (DVX sərəncamı), - 30 000 AZN (DVX sərəncamı), - 10 000 AZN (DVX sərəncamı),- 10 000 AZN (DVX sərəncamı), - 10 000 AZN (DVX sərəncamı), - 26 000 AZN (Əmlak vergisi), Yanvar-iyul 2025 -200 008 AZN (SMF,SS), Yanvar - iyul 2025-198 889 AZN-(idxal aksiz vergisi), Bu ödənişlər şirkətin yaxşı niyyətli olduğunu, borcların könüllü qaydada ödənildiyini və öhdəliklərə sadiq qalındığını sübut edir. Şirkətin iqtisadi və sosial önəmi və əks halda fəaliyyətinin dayandırılması məcburiyyəti "xxxx" QSC qeyri-neft sektorunda fəaliyyət göstərən, ixracyönümlü məhsullar istehsal edən və 26 ölkəyə məhsul ixrac edən bir müəssisədir. 1000-dən artıq müvsümi və 110 daimi işçisi olan şirkətin fəaliyyəti təkcə iqtisadi deyil, sosial sabitlik baxımından da həyati əhəmiyyətə malikdir. Baş direktorun xarici şirkətlərlə tədbirlərdə iştirakı zəruridir Belə ki, şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılması: -beynəlxalq sərgilərdə iştirak imkanlarını aradan qaldırır, -mövcud ixrac müqavilələrinin icrasını riskə atır, -debitor borcların geri qaytarılması istiqamətində aparılan danışıqları əngəlləyir. "xxxx" QSC-yə 6,4 milyon AZNdən artıq debitor borclar yaranıb ki, onların 50%- xarici ölkələrdəki şirkətlərin borclarıdır. Yeni investisiyaların cəlb olunmasına ciddi maneə yaradır. Əvvəllər hər il ərzində Rusiya və Ukrayna bazarına 3.0 milyon manatlıq məhsul ixrac olunurdu. Lakin, Ukrayna bazarı tam, Rusiya isə 50% idxalını kəsmişdir və qiymətlər isə məhsulun maya dəyərindən də aşağı satıldığı üçün biz xarici bazarlara üstünlük verməli və ABŞ, Avropa, BƏƏ, Avstraliya, Kanada, İzrail, Malasiya, Səudiyyə Ərəbstanı, Çin və digər ölkələrə ixracımızı artırmalı, həmin ölkələrə gedərək müqavilələr bağlamalı və digər tədbirləri həyata keçirməliyik. Əgər rəhbər kimi bu ezamiyyələrə getmək imkanım olmasa problemlər birə beş artacaq. Respublikaya gətirilməyən valyutaya(borclar) kəsirinin hər bir faktına görə Gömrük və Prokurorluqda cinayət işi açıla bilər və öz növbəsində vergi borclarının ödənilməsini çətinləşdirər. Hazırda bu ölkələrə gedib gəlmək üçün həmin şirkətlərlə planlaşdırılmış və baş direktor üçün ABŞ-a isə VİZA alınmışdır. Göstərilənlərə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm.
5. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə yazılı etirazına əlavə təqdim etmişdir.
6. Yazılı etiraza əlavə onunla əsaslandırılmışdır ki, 9 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" QSC-də apardığı səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2025-ci il tarixli akt əsasında cəmiyyətin ümumilikdə 500 000 (beş yüz min) manat vergi və maliyyə sanksiyası üzrə borcu yaranmışdır. Vergi orqanı tərəfindən bu borcun ödənilməsinə 2 ay vaxt verilmiş və maliyyə imkanları daxilində hissə-hissə ödənişlər həyata keçirilmişdir. DVX-nin **********1№-li Bildirişinə əsasən AZNAR QSC-nin ilkin ödənişlərdən sonra xx.xx.2025-ci il tarixində dövlət büdcəsinə qalan borcunun 335 506,56 manat təşkil etdiyi göstərilmişdi. DVX ilə razılığa gəlinərək xx.xx.2025-ci il tarixində ikinci Ödəmə qrafiki olan Zəmanət Məktubu verildi. Öhdəliyə əsasən bu məbləğin 2025-ci ilin sonuna qədər tam ödənilməsi planlaşdırılmışdır. Müvafiq ödəmə qrafikinə uyğun olaraq may, iyun, iyul və avqust aylarında hər ay 10 000 manat ödəniş həyata keçirilmişdir. Əlavə olaraq avqust ayı ərzində aşağıda göstərilən vergilər də dövlət büdcəsinə köçürülmüşdür.: Dövlət Sosial Müdafiə Fonduna, 90 000 manat Əmlak vergisi, 26 000 manat Etil spirtinin İdxalına görə Gömrük, Aksiz və ƏDV vergisi üçün- 38 473,74 manat ödənilmişdir. 27 avqust tarixli DVXnin təqdim etdiyi son bildirişə əsasən vergi borcu 322 932 manat təşkil edir. Sentyabrın 10na qədər verəcəyimiz hesabatdan sonra artıq ödəmələrdə yaranmış 198 889,00 manat vəsait dövlət büdcəsinə köçürülərək borcun 114 843 manat qalacağı proqnozlaşdırılır. İlin sonuna qədər isə bu borcun tam ödənilməsi təmin olunacaq. Hörmətli hakim! Burada əsas diqqət yetirilməli məsələ budur ki, "xxxx" QSC tərəfindən qəsdən vergidən yayınma kimi heç bir hərəkət edilməmişdir. Mövcud borcun yaranma səbəbi, Rusiya vətəndaşı olan əsas səhmdar F.Əhmədovun Ukrayna-Rusiya müharibəsi fonunda Aİ sanksiyalarına məruz qalması və bu səbəbdən maliyyə dəstəyinin dayanması ilə bağlıdır. Bu səbəbdən 2024-cü ildə nar məhsulunun qəbulu, istehsalı və satış həcmi əvvəlki illərlə müqayisədə 4 dəfə azalmış, lakin vergi, əmək haqqı və kommunal xərclər eyni səviyyədə qalmışdır. 116 nəfər daimi və 1000-dən artıq mövsümi işçinin çalışdığı müəssisənin bağlanması, həm iqtisadi, həm də sosial fəsadlara yol aça bilər. Baş direktor Maraqlı şəxs yalnız 2024-cü ilin 28 mart tarixində vəzifəyə təyin olunmuşdur. Yəni, yoxlama aktı ilə əhatə olunan dövr onun rəhbərliyindən əvvəlki dövrə aiddir. Lakin bütün bunlara baxmayaraq, o, məsuliyyətdən yayınmayaraq vergi qərarını təsdiq etmiş və Zəmanət Məktubu təqdim etməklə üzərinə düşən öhdəlikləri icra etməkdədir. Hazırda xarici şirkətlərin cəmiyyətə 3 milyon manat debitor borcu mövcuddur və bu vəsaitlərin ölkəyə qaytarılması üçün aktiv danışıqlar aparılır. Bunun üçün baş direktorun xarici səfərləri zəruridir, əks halda həm ixrac bazarları itirilir, həm də ölkəyə gətirilməyən valyutaya görə prokurorluq araşdırma başlada bilər. Bununla yanaşı, aksiz vergisi ilə bağlı iddia olunan ödənişin gecikməsi, ümumi öhdəliyin pozulması kimi qiymətləndirilə bilməz, çünki Zəmanət Məktubunda əsas şərt Dövlət Sosial Müdafiə və işsizlikdən sığorta haqlarının vaxtında ödənilməsi göstərilmişdir və bu ödənişlər tam vaxtında həyata keçirilmişdir. Bütün Xəbərdarlıqlara isə rəsmi və hüquqi cavab məktubları ilə cavab verilmişdir. Baş direktor Maraqlı şəxs təcrübəli, hüquqşünas təqaüdçüdür. Uzun illər dövlət orqanlarında DİN, ƏN və DTX-də rəhbər vəzifələrdə çalışmış, müharibə iştirakçısı olmuş, Prezidentin “İgidliyə görə” medalı ilə təltif olunmuş şəxsdir. Hal-hazırda "xxxx" QSC kollektivi və səhmdarlarının qərarı ilə məhz bu mürəkkəb vəziyyətin həlli üçün rəhbərliyə gətirilmişdir. Nəticə olaraq: Vergi borcunun könüllü şəkildə ödənilməsi üçün konkret plan və qrafik mövcuddur. Baş direktor məsuliyyətli yanaşma nümayiş etdirir, sosial və iqtisadi nəticələri nəzərə alaraq müəssisənin fəaliyyətini dayandırmamaq üçün bütün gücü ilə çalışır. Belə olan halda, vergi öhdəliyinin pozulması və ya qəsdən yayınma ilə bağlı heç bir hüquqi əsas yoxdur. Baş direktorun ölkədən çıxışına qadağa qoyulması müəssisənin fəaliyyətinə ciddi zərbə vuracaq, həm vergi ödənişlərinin gecikməsi, həm də xarici bazarların tam itirilməsi ilə nəticələnəcək.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
7. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi A.Mustafayev ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edib yazılı etirazının məzmununa uyğun izahat verib ərizənin rədd edilməsini xahiş etdi.
III. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
10. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
11. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
12. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
13. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 372.831, 93 manat borcu vardır.
14. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 381.159,84 manat borcu vardır.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
16. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
23. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin edilsin. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri olan: xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Həsənova