Məhkəmə qərarları › İş №e-2-2(113)-6767/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6767/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6767/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8748,68 manat borcun və ödənilmiş 107,49 manat dövlət rüsumunun - cəmi 8856,17 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında SE22/615 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 8,748.68 manat məbləğində olan hissəsi hazırki vaxtadək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın Cavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən cavabdehə: 1) 724911 saylı, xx.xx.2023-cü il tarixli; 2) 724912 saylı, xx.xx.2023-cü il tarixli; 3) 866575 saylı, xx.xx.2023-cü il tarixli; 4) 866574 saylı, xx.xx.2023-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Qeyd olunanları “Tərəflər” arasında imzalanmış 13 iyul 2023cü il tarixli “X2” da bir daha təsdiq edir. Bununla bağlı dəfələrlə nümayəndəsi vasitəsilə Cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı MMC “Şirkət”, Cavabdeh MMC “Müştəri” olmaqla tərəflər arasında xx.xx.2023-cü il tarixli Se22/615 nömrəli məhsulların “alqı-satqı” müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Şirkət” mülkiyyətində müxtəlif növ malları “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən “Şirkət” bu müqavilə qüvvəyə mindikdən sonra “Müştəri”nin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla “Məhsul”ları “Müştəri”yə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında faktura əsasında verir və “Müştəri”nin özü və ya səlahiyyətli nümayəndəsi qaimə-fakturanı imzalamaqla onları qəbul edir. Müqavilənin 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri “Müştəri” tərəfindən “Şirkət”-in hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin “Şirkət”in hesabına oturduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri “Şirkət”ə vaxtında ödənilmədikdə, “Müştəri”nin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən 2918,40 manat məbləğində müxtəlif adda mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən 307,82 manat məbləğində müxtəlif adda mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən 646,40 manat məbləğində müxtəlif adda mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən 6720,71 manat məbləğində müxtəlif adda mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. EBDH seriyalı 724911 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2918,39 manat, EBDH seriyalı 724912 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6720,70 manat, EBDH seriyalı 866575 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 307,81 manat, EBDH seriyalı 866574 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 646,40 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli X2na əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı borc vəziyyəti üzrə 30 iyun 2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMCyə 8748,68 manat borcu olduğu təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 107,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı, üzləşmə aktı) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 8748,68 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların pulunu tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 8748,68 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 107,60 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli Se22/615 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən 8748 (səkkiz min yeddi yüz qırx səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində əsas bоrc və ödənilmiş 107 (bir yüz yeddi) manat 60 (altmış) qəpik dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar