Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6769/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh AS-Elektrik” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12289,99 manat əsas borcun, 87604,01 manat cərimə məbləğinin, ümumilikdə 99894 manat pul məbləğinin və 390 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə e-qaimə əsasında təhvil verilmişdir. iddiaçı ilə cavabdeh arasında bağlanmış “xx.xx.2023–xx.xx.2023-cü il tarixləri aralıqlarında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 70979,98 manat borcu yaranmışdır. Daha sonra cavabdeh tərəfindən üzləşmə aktında qeyd edilən məbləğin müəyyən hissəsi ödənilməsinə baxmayaraq 12289,99 manat vəsasit ödənilməmiş olaraq qalmaqdadır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satıcıya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək alıcı satıcıya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir: - əsas borc – 12289,99 manat; - xx.xx.2024-cü il tarixinə hesablanmış cərimə - 87604,01 manat; - cəmi 99894 manat.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6390 manat əsas borcun, 87604,01 manat cərimə məbləğinin, cəmi 93994,01 manat pul məbləğinin və 390 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. Ərizədə göstərilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV daxil 5900 AZN vəsait ödənilmişdir. Lakin 6390 AZN vəsait hələ də ödənilməmiş olaraq qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Hüseynov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə qeyd olunan əşyaların satıcı tərəfindən alıcıya satılmasından, alıcı tərəfindən isə bu müqavilə və əlavələr ilə nəzərdə tutulmuş qaydada və məbləğdə malların dəyərinin satıcıya ödənilməsindən ibarətdir.
10. Müqavilənin 2.1-ci bəndinə görə malın 1 ədədinin və ümumi toplamının qiyməti əlavələr ilə müəyyən olunur.
11. Müqavilənin 3.1-ci bəndinə görə, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100 %-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.
12. Müqavilənin 3.2-ci bəndinə görə, bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində satıcıya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək alıcı satıcıya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir.
13. 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə - 16 oktyabr 2023-cü il tarixli qiymət və şərtləri razılaşdırma protokolu ilə müqavilə üzrə təqdim olunacaq malların adı, texniki göstəriciləri, ölçü vahidi, vahidinin qiyməti və cəmi məbləğ razılaşdırılmışdır.
14. 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə - 22 noyabr 2023-cü il tarixli qiymət və şərtləri razılaşdırma protokolu ilə müqavilə üzrə təqdim olunacaq malların adı, texniki göstəriciləri, ölçü vahidi, vahidinin qiyməti razılaşdırılmışdır.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDV 623394 nömrəli, 19066,30 manat məbləğində eletron qaimə təqdim olunmuşdur.
16. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 70979,98 manat təşkil edir.
17. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 900 manat ƏDV, 5000 manat əsas borc ödənilmişdir.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən təhvil verilmiş malların dəyəri tam şəkildə ödənilməmişdir.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 6390 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli, 20231016/ATL/059 saylı müqavilənin 3.2-ci bəndinə əsasən hesablanmış 87604,01 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 300 manat məbləğində müəyyən edilməlidir.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6390 manat məbləğində əsas borc, 300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 90 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6390 manat əsas borc, 300 manat dəbbə pulu, 300 manat dövlət rüsumu, ümumilikdə 6990 (altı min doqquz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova