Məhkəmə qərarları › İş №e-2-2(113)-678/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-678/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-678/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının və nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “PROGRESS-İR ” LLC -dən 42338 manat pulun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İddiaçı olmuşdur. Sözügedən MMC ********** saylı vöen üzrə fəaliyyət göstərirdi. "xxxx" MMC və cavabdeh “PROGRESS-İR ” LLC arasında bir neçə dəfə alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəliklər də heç bir problem olmadan yerinə yetirilmişdir. Bu isə iddiaçıda cavabdehə qarşı etimad yaratmışdır. Sonradan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ********** saylı VÖEN üzrə fəaliyyətini dayandırmışdır. Hazırda İddiaçı fiziki şəxs kimi vergi ödəyicisidir. ********** saylı VÖEN ona məxsusdur. İddiaçı(VÖEN: **********) "SATİCİ" və cavabdeh yəni "ALİCİ" “PROGRESS-İR ” LLC (VÖEN:**********) icraçı direktoru X1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni İddiaçı ona məxsus ona məxsus malları satmağı, “Alıcı”, yəni “PROGRESS-İR ” LLC isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmişdir. Bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. İddiaçı müxtəlif vaxtlarda iddiaçı bağladıqları müqaviləyə əsasən satmalı olduğu malları cavabdehə göndərsə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş ƏDV daxil olmaqla 42338 ( qırx iki min üç yüz otuz səkkiz) manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən cavabdehə tərəfimizdən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edirik ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Bu səbəbdən hazırki ərizə isə məhkəməyə müraciət edilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli 1 sayl alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən “alıcı mal satır, satıcı qarışıq mallar satır.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə olur.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən göndərmə müddəti müraciətdən sonra 3 iş günü ərzində.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş hesab fakturalar əsasında tənzimlənir.

13. İddiaçı tərəfindən müqavilə üzrə edilmiş satışlara dair xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi 36 e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir (cəmi 39873,85 manat əsas məbləğ, 7177,3 manat ədv məbləği).

14. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh MM tərəfindən EBCK508961 saylı, EBCJ129124 saylı, EBCİ202349 saylı, EBCH 795760 saylı EBCH 277525 aylı, EBCG757282 saylı, EBCG339961 saylı qaimələr üzrə 3951 manat və 711,18 manat məbləğində ƏDV ödənişi edilmişdir.

15. 08.01.2025-ci il tarixli maliyyə hesabatına əsasən alıcı cavabdehin 35922,85 manat (ƏDV+6466,12 manat) ödənilməmiş borcu qalmışdır.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Tərəflər arasında bağlanmış 01 oktyabr 2022-ci il tarixli 1 sayl alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “alıcı mal satır, satıcı qarışıq mallar satır və müqavilənin 1.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə olur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdehin alınmış mallara dair ödənilməmiş borcu qalmışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qismi ödənişlər və e-qaimə ilə təsdiq olunduğu üçün 42338 manat borca dair iddia tələbi təmin edilməlidir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 42338 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 42338 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı məcburi köçkün statusuna malik olduğu üçün dövlət rüsumunu ödəməmişdir.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

27. Azərbaycan Respublikası MPM-in:

28. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

30. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğu üçün və iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində 217 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 42338 manat borc məbləği tutularaq İddiaçı ödənilsin. İşə baxılması ilə bağlı ödənilməli olan 217 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar